İmran Verdiyev, Şəhidin müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Həyatda elə igidliklər var ki, onu səssiz qəhrəmanlıq da adlandırmaq olar. Bu qəhrəmanlıqları göstərən oğullar heç zaman düşünmürlər ki, onlar qəhrəmandırlar. Düşünürlər ki, öz borclarını yerinə yetirirlər.
Bu qəhrəmanlar heç vaxt sinələrinə döymürlər ki, mən qəhrəmanam. Onlar heç bir mükafat ummurlar. Zaman özü verir onların qiymətini və özlərindən xəbərsiz yazılırlar mənsub olduqları xalqın yaddaşına, tarixinə. Bu da əbədiyaşarlıq deməkdir. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər bu uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur.
Belə qəhrəmanlardan biri də Babayev Tale Bəyənulla oğludur. O, 1964-cü ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqubluda anadan olmuşdu. Ağdərənin və Güllüdağın gül ətirli və saf havasını uda-uda, mayası halallıqdan yoğrulmuş bir ailədə böyümüşdü. Kiçik yaşlarından atasını itirmişdi.
Kənddəki orta məktəbinin VIII sinfini bitirəndən sonra ehtiyac üzündən təhsilini qiyabi formada davam etdirməklə “Azərbaycan” sovxozunda işə girmişdi. Bir neçə il heyvandarlıq sahəsində çalışmışdır.
1984 – 1986-cı illərdə Qazaxıstanın Semipalatinsk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurandan sonra bir neçə il Rusiyanın müxtəlif şəhərlərində yaşamış və işləmişdi.
1991-ci ildə doğma kəndi Yaqubluya qayıtmışdı. 1992-ci ilin mart ayında könüllü olaraq qardaşı Tehranla birlikdə cəbhəyə yola düşmüşdü. Onların rotası Şuşa rayonunun Kosalar kəndini müdafiə edirdi.
1992-ci ilin mart ayının 29-da səhər tezdən rotaya düşmən hücumunu qabaqlamaq üçün hücuma keçmək əmri verildi. Müxtəlif istiqamətlərdən hücum başladı.
Həmin qanlı döyüşün iştirakçılarından A.Əliyev deyir: “Döyüşdən bir gün əvvəl Talenin dişi ağrıyırdı. Onu müalicə üçün Şuşaya göndərmişdilər. Lakin Tale Şuşada bir gün qalıb geri qayıtdı. Mən ona bir neçə günlüyə icazə alıb ailəsinə baş çəkməsini təklif etdim. Lakin o dedi ki, mən sizi burda – düşmən qarşısında qoyub gedə bilmərəm. Əməliyyata hazırlıq günü diş ağrısından sifəti şiştiyi üçün komandir onu döyüşdən azad etmək istədi. Lakin Tale and içdi ki, özünü lap yaxşı hiss edir. O, bizim ən cəsur və qorxmaz döyüşçülərimizdən idi. Ürəyində böyük Vətən sevgisi, düşmənə dərin nifrət vardı. Düşmənlə döyüşü səbrsizliklə gözləyirdi...”
Qardaşı Tehranın söylədiklərindən: “Biz Kosalar kəndini müdafiə edirdik. Kəndin ətrafındakı postların birində mövqe tutmuşduq. Təxminən 80 nəfərlik canlı qüvvəmiz vardı. Düşmənin hücumunu qabaqlamaq üçün 1992-ci ilin mart ayının 29-da səhər tezdən döyüşə başladıq.
Müxtəlif istiqamətlərdən hücum başladı. Bir neçə düşmən postunu darmadağın etdik. Ermənilər məcbur olub yaxınlıqdakı qayalıqlara çəkildilər. Atəş altında qaldığımıza görə qayalıqlara qalxa bilmirdik. Mən qardaşım Taledən ayrı düşmüşdüm.
Atəş altından çıxmaq üçün bir qədər geri çəkildik. Bu zaman qardaşımın qəhrəmancasına həlak olduğunu bildim. Düşmənlər onun meyitini götürməyə imkan vermir, aramsız atəş açırdılar. Silah yoldaşlarım Tofiq, Namiq və İlhamın köməyi ilə qardaşımın cəsədini döyüş meydanınından çıxara bildik. Artıq günorta idi. Döyüş isə davam edirdi. Biz qələbə çalmaq üzrə idik...”.
Bu Talenin son düyüşü oldu. O, Vətən uğrunda öz canını qurban verdi. Allah dərgahına – şəhidlik zirvəsinə ucaldı.
Tale Oğuz şəhərindəki “Şəhidlər xiyabanı”ndadəfn olunmuş ilk şəhiddir. Bu gün isə onun “qonşularının” sayı 109-u keçib. Onların bu torpaqda uyumağa hamıdan çox haqları vardır. Olməz qəhrəmanlarımızın dəfn olunduğu şəhidlər xiyabanı indi bütün oğuzluların müqəddəs ziyrətgahı və and yeridir.
Azərbaycan Respublikası Nazirlər Kabineartinin 13 dekabr 1993-cü il tarixli 606 saylı qərarı ilə T.Babayevin adı təhsil aldığı Yaqublu kənd tam orta məkəbinə verilmişdir. Məktəbdə şəhid T.Babayev şərəfinə xatirə abidəsi düzəldilmiş və xüsusi guşə hazırlanmışdır.
Məktəbin şagirdləri tez-tez xatirə abidəsinin önünə tər gül dəstələri qoyaraq qəhrəmanın xatirəsini əbədi yaşadacaqlarına və Vətəni onun kimi sevəcəklərinə and içirlər.
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)