“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Rəhim Hüseynov
Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.2001-2005-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.2005-2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb.
İngilis, rus, erməni dillərini mükəmməl bilirdi.
Ailəli idi. 3 övladı yadigar qaldı.
Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi.
Şəhid mayor Rəhim Hüseynov 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində “NATO Meritorious Service” medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir.
Şəhid mayor Rəhim Hüseynov xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil etmiş, Azərbaycan bayrağını şərəflə daşımışdır.
Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Sən bizim zəfərimiz,
Qələbə sevincimiz.
Vətənin dar günündə,
Səngərdə birincimiz.
Tanrı sənə yazıbdır,
Şəhid taleyi, bəxti.
Sənin ayaqlarınla,
Vətən ayağa qalxdı.
Qalxdı üzərimizdən,
Otuz illik qəm dağı.
Sizlər geri aldınız,
O cənnət Qarabağı.
Etdiniz igidliyi,
Vətən mənası boyda.
Tarixə yazıldınız,
Şuşa qalası boyda.
Sizinlə fəxr edirik,
Ey ər şəhidlərimiz,
Qalib şəhidlərimiz,
Zəfər şəhidlərimiz.
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)