BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Ziqmund Freydə görə:  "Boğduğumuz hisslər ölmür. Həmin hisslər insanın içində böyüyərək ona zərər verməyə başlayır."

Şamil Ənvəroğluna zərər verən hisslər varmı, yoxsa, onun beyni əmri bir dəfə verir?

 

CAVAB

 Psixologiya elminin üç böyük dahilərindən (digər ikisi Alfred Adler və Karl Qustav Yunqdur) biri olan Ziqmund Freyd onu da deyir ki,

 "bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən.

Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə də xoşbəxt olacağını bilə bilməzsən".

İnsan elə bir canlıdır ki, çox vaxt sahib olduqlarının nankoruna çevrilir. 

İtirəndən sonra da başlayır ağlayıb-sızlamağa.

Bəlkə də, insana ən çox zərər verən insan elə onun özüdür. Özündən dəyərli bildiyinin yanında dəyərsiz olması, özündən çox sevdiyinin əlində oyuncağa çevrilməsi, özünü unudub da bir başqasını düşünməsi insanın özünə qarşı etdiyi ən böyük xəyanətdir.

Təsadüfi deyil ki, məşhur yazıçı Bukovski deyirdi:

 "Dava olmasın deyə susduğum zamanlar,

qarşımdakı qırılmasın deyə udduğum sözlər və itirməmək üçün altdan aldığım insanlar oldu.

Amma indi başa düşürəm ki,

bəzi davalar olmalıydı,

bəzi qəlblər qırılmalıydı,

bəzi insanlar da itirilməliydi.

Davamlı olaraq güzəştə gedəndə səni ciddi qəbul etmirlər".

Ümumiyyətlə, insan həmişə basdırdığı duyğunun əsirinə çevrilir. Necə ki ən çox qorxduğu hadisə öz başına gəldiyi kimi...

İnsana ən çox ziyan verən onun öz sözünü demək lazım olduğu yerdə susması,

çıxıb getmək lazım olduğu yerdə qalması,

unudulmağa layiq olan kəsləri unutmamasıdır.

Ona görə də, hər kəsə öz haqq etdiyi dəyəri verib, hər kəslə də öz dilində danışmaq lazımdır ki, səni ANLAYA bilsin.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.