İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Kimdir başlığı oxuyub “Daşların da nağılı olar?”, - deyən!? Niyə olmür ki?! “Daşdəmirin nağılı” ola bilir, daşların nağılı ola bilmir?! Daşların o qədər nağılı var ki! Günlərlə dinləsən, qurtarmaz. Amma mən o nağılları danışmayacam sizə. Daşlar haqqında öz nağılımı danışacam. Əfsanəvi yox, daha çox realist nağıllardan olacaq mənim nağılım. Ola bilsin ki, ara-sıra qarışdırdım. Amma siz bənd olmayın, ötüb keçin. Yazının janrını müəyyənləşdirmək də sizə qalıb. Mən onu nağıl adlandırdım. Nə isə, keçək nağılımıza və ənənəvi qayda da başlayaq.
Deməli, biri varmış, biri yoxmuş torpaq olan hər yerdə çoxlu daşlar varmış. Hələ də var. Bizim kimi onların da anası torpaqdır. “Doğma torpaq” dediyimiz torpaq. Daşların bir hissəsi anaları torpağın qoynuna sərələnmiş, əbədi sükuta qərq olmuşlar. Sanki yorğunluqdan daş kimi düşüb yatıblar. Lap bar gətirmiş daş zəmisinə bənzəyirlər. Biz bu zəminin barını-qəribə, cürbəcür böyüklükdə, cürbəcür rəngdə və formada olan daşları hər gün görürük.
Amma görə bilmədiklərimiz də var. Çünki çoxu hələ analarının bətnindədir, işıqlı dünyaya gəlmək üçün gözləyirlər. Amma hamiləlik dövrü bizdəki kimi doqquz ay yox, min, milyon illər çəkir. “Doğuşları” qorxulu nağıllara oxşayır, çox böyük nərilti, gurultu qopararaq gəlirlər. “Mamaçaları” əsasən zəlzələ, vulkan, partlayış, tufan, uçqun, sel, daşqın, daha nə bilim nələr olur. Bax, belə hay-küylə dünyaya gəlir, özlərini tanıdandan sonra ad alırlar. Yaşamağa, işə-gücə yarımağa başlayırlar. Amma yaman çox yaşayırlar, çox uzun ömürlü olurlar. Təsadüfən “ölürlər”. Elə bil ki, “Ölməz Kaşşey”dirlər.
Vətənləri göylərdən başqa, torpaq olan hər yerdir. Axı, onları torpaq “doğur”. Birdə ki, “göy üzü daş saxlamaz” ki. Nə qədər yuxarı qalxsalar da, yenə torpağa düşürlər-analarının qucağına qaçırlar.
Yurd yerləri həm bizim qalaktika, həm də bizə məlum olmayan qalaktikalardır. Məmləkətləri bizimkindən milyon dəfələrlə böyükdür. Məskənləri təkcə torpağın üstü deyil, həm də onun ən dərin qatları, okeanların dibi, dağların ən uca zirvələridir. Biz olmayan və ola bilməyən hər yerdə onlar var.
Çox, amma çoxxx yaşlıdırlar, ey. Nəinki əcdadlarımızdan, onların ulu babalarından da əvvəl var olublar. Əcdadlarımızın əcdadlarının dünyaya gəldiyi günü bilirlər. Şairin söylədiyi kimi, “İnsan yoxkən daşlar olub, yer üzünün vətəndaşı”.
Peyda olduğumuz gündən bizi çox istədilər. Bütün digər varlıqlardan çox istədilər. Hamımıza eyni gözlə baxdılar. Heç rəngimizin, cinsimizin, dilimizin və dinimizin fərqli olmasına da bənd olmadılar. Öz evlərində - mağaralarında ulularımıza sığınacaq verdilər. Əcdadlarımızı məhv olmaq təhlükəsindən xilas etdilər. Düşmənlərdən, vəhşi heyvanlardan, soyuqdan, istidən qorudular onları. Mərdlik, dözüm və cəsarət öyrətdilər, M.Araz demişkən, yaşamaq üçün “daş ayaqlı, daş əlli” olmağa məcbur etdilər.
Top, tank, qrad mərmilərinə dönüb düşmənə atılan daşlarımız oldular. Qaraca Çobanın üç yaşar dana dərisindən olan, hər atanda on iki batman daş atan sapandına yoldaş oldular, mələküzlü Şeytana atılmalarına belə etiraz etmədilər. Bu daşlar, daş nizələr və oxlar dəyən düşmənlər “daş dəymiş ayı kimi bağraraq” qaçdılar, ya da cəhənnəmə vasil oldular.
Bizim üçün elədikləri bunlarla qurtarmadı. Xəstələnəndə dərdimizə dərman da oldular. Öz sehrli güclərini işə salıb ölməyə qoymadılar bizi. Əsəb xəstəliyi olanlarimiz zümrüd daşı gəzdirdilər. Özünə qapananlarımız yaqut və sapfir taxdılar. Ürək tutması olanlar mirvarıdən, zəhərlənənlər zümrüddən, baş və göz ağrısından əziyyət çəkənlər kvarsdan ikiəlli yapışdılar. Malaxit onları kədərdən, qəmdən uzaqlaşdırdı, keçmişlə bağlı peşimançılıqlarını unutdurdu. Qanaxmanı dayandırmaq, xərçəngi müalicəsi etmək üçün opal daşından,qorxu hissi yaşayanlar yaqut, yaşıl, sarı və adi sapfirdən, doğuşunəziyyətsiz keçməsi üçün təbii aqat ametisdən yararlanmağa, 12 xəstəliyin dərmanı olan firuzədən və s. istifadə etməyə başladılar. Dahi təbib İbn Sina kəhrəbanın köməyi ilə dabanlardakı çatlardan başlayaraq böyrək daşlarına qədər bir çox xəstəlikləri müalicə etdi. Nəsirəddin Tusi isə kəhrəbanın tozunu çaya və ya suya qataraq içməyi məsləhət gördü.
Mirvari müdriklik gətirdi, zümrüd bədəni və ruhu təmizlədi, gül rəngli kvars sevgi yaratdı, qara almaz və şələ daşı cəsarət oyatdı. Əqiq daşı Peyğəmbəri “Əqiq qaşlı üzük taxın. Nə qədər ki bu üzük barmağınızdadır, qəm-qüssədən, bəd nəzərdən, pisliklərdən uzaq olarsınız”, - deməyə məcbir etdi. Bu gün də daşlarla müalicə - litoterapiya davam edir. Onu bəzən XXI əsrin təbabəti də hesab edirlər.
Yenə bitmədi. Daşlardan qalalar, qəsrlər, qüllələr, türbələr, heykəllər ucaltdıq. Kəndlər, şəhərlər saldıq, yollar çəkdik, səkilər, pilləkənlər qurduq, evlər tikdik. İndi də tikirik. Hələ çox illər də tikəcəyik. Çünki həsrətlə divarlara qoyulacaqları günü gözləyən gözəl daşlarımız çoxdur.
Elədikləri bunlarla da qurtarmadı. Bir vaxtlar ulu babalarmız öz keçmişlərini “daş fırçayla daşlara çəkib”lər. Tariximizin şahidi olan həmin daşlar əcdadlarımızın tarixini qasid kimi günümüzə çatdırıblar, hələ də çatdırırlar. Çox vəfalı və etibarlıdırlar. Min illər bundan əvvəl əcdadlarımızın onlara əmanət etdiklərini olduğu kimi əmanətçilərə yetirirlər. Bu gün Göytürk (Orxon-Yenisey), Qlozel, Saymalı, Qobustan-Gəmiqaya, daşdan yapılan daşbaba, daşnənə, bəngüdaş, daşat, daşqoç kimi plastik daş fiqurlar və yer kürəsinə səpələnmiş minlərlə digər kitabələr türkün daş yaddaşına çevrilərək, tariximizə güzgü tutur, onu dananların başına daş kimi düşür. Həmin daş kitabələr nələrdən xəbər vermir, nələrdən…”Daşlaşan, torpaqlaşan ulu babalarımız” nə çətinliklərdən keçiblərmiş, nə qəhrəmanlıqlar göstəriblərmiş! Nə gözəl öyüd, nəsihət göndəriblər bizə! Bizlə babalarımızın dilində danışan, şanlı tariximizi bizə yenidən yaşadan, ulularımızın öyüdlərini günümüzə çatdıran daşlara, daş kitabələrə eşq olsun! Əbədi olsunlar! Yaşasın daş-insan dostluğu!
Daşların etdiklərini saymaqla qurtarmaz. Çörəyimizin unu üçün dəyirman daşı da oldular. Ta nə etsinlər bizim üçün daşlar?! Bir sözlə, yarandığımız gündən daş bizimlə bir yerdədir, bizə sadiqdir, bizə gərəkdir.
Bəs biz daşlar üçün nə etdik? Biz də az şey etmədik onlar üçün. Çox sevdik onları, ən azı onlar bizi sevən qədər. Hələ səmavi dinlər yaranmamışdan əvvəl öz Allahlarımızı və totemlərimizi daşdan yapdıq. Onları ziyarət daşı edib, yanaqlarından öpdük. O qədər sevdik ki, əzizləyə-əzizləyə vətən, qarın, soy, silah, yurd, sirr kimi sözlərimizə qoşub özümüz kimi vətəndaş (vətən daşı) adlandırdıq, özümüzə qardaş, soydaş, silahdaş, yurddaş, sırdaş hesab etdik. Bizə ad qoyduqları kimi, biz də Dədəm Qorqud sayağı “elədikləri qəhrəmanlıqlara” uyğun olaraq onlara ad qoyduq: elçi daşı, çəki daşı, qaval daşı, fəlsəfə daşı, sevgi daşı, uğur daşı, böyrək daşı, övlad verən daş, dekorativ daş, daş kitabə, dəyirman daşı, çaxmaq daşı, mişar daşı, çay daşı, cadu daşı, sehirli daş, ziyarət daşı, qara daş …və baş daşı.
“Balalarını” onlardan ayrı düşməyə qoymadıq. Hə, hə, balalarını. Uşaq vaxtı nəhəng boz, girintili-çıxıntılı daşları ata, bir az kiçik, sığallı və çox gözəl görünən daşları ana, ətraflarına səpələnmiş kiçik daşları onların uşaqları hesab edərdik. Böyüklərimiz bizə demişdilər ki, o balaca daşları yekə daşların yanından uzağa atan da onların anaları ağlayır, qarğış edirlər. Ona görə bir az uzağa düşən daşları “valideynlərinin” yanına toplayaqdıq ki, ata-analarından ayrı düşüb “ağlamasınlar”. Ağlamamaqları üçün hətta onlarla “Beşdaş” da oynayırdıq.
Daşa sevgimizdən, məftunluğumuzdan alpinist də olduq. Çılpaq, sal daş qayalara dırmaşıb, onların ismətli qızlar kimi bizdən gizlətdikləri başqa gözəlliklərini də gördük, yenidən valeh olub, vurulduq onlara. Onlara o qədər aşiq olduq ki, şair demişkən, bircə insan düşüncəmizi saxlayıb, taleyimizi daş qayaların taleyinə bağlamaq istədik. “Gəlin qayası”ndakı kimi. Bəzən daş olmaq ürəymizdən keçdi. Sevgililərimizin keçdiyi yollarda “bir daş olmağı” (Ə.Cavad) arzuladıq. Bəzən də özümüzü vətən daşına tay tutub dedik ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”.
Daşları o qədər sevdik ki, onları baş tacımızın, üzüyümüzün, sırğamızın, boyunbağımızın qaşı elədik, başımıza qoyduq, barmağımıza, qulaqlarımıza taxdıq, boynumuzdan asdıq. Bu daşlar üstümüzdə olduqca qürurlandıq, özümüzü dünyanın ən varlı adamı sandıq, lovğalandıq hətta.
Daş sözü dilimizin əzbəri oldu. Yaxşı və ya pis olan çox şeydə o sözdən istifadə etdik. Dərdimizi daşa danışıb yüngülləşdik. Dedik ki, “Dərdimi daşa dedim, daş əridi”. Pis adamlara, yaramaz iş görənlərə qarğış edəndə “Səni görüm daşa dönəsən”, “Başına daş düşsün”, “Yolundan daş əskik olmasın”, alqış edəndə “Daş kimi möhkəm ol”, “Daş kimi sağlam ol”, “Daş kimi ol” söylədik. Sirlərimizi qorumaq üçün “Bir daş altda, bir daş üstdə” deyib keçdik. İnsanları birliyə və həmrəyliyə səsləyəndə düşündük ki, “Daş daşa söykənər-divar olar”. Özünə adi umac ova bilməyənlər haqqında “Kəsək oturub daşın gününə ağlayır”, peşimançılıq çəkənlərə “Daldan atılan daş topuğa dəyər” dedik. Yorulub ağır yatan adama “Daş kimi düşüb”, daş ürəkliləri görəndə uzümüzü Yaradana tutub “Daş qəlbli insanları neylərdin, İlahi” söyləmirikmi!?
Daşı əbədilik rəmzi bilib, daşişləmə sənəti icad etdik. Oxşaya-oxşaya onların üzərində sənət əsərləri yaratdıq. Daşların hesabına çapma alətləri ilə qaşov, iskənə, biz və bıçaqlar, hörmə texnikası ilə bənnalıq, daşyonma, şəbəkəçilik, həkkaklıq meydana çıxardıq. Daşlardan daş heykəllər düzəltdik, onların üzərində qrafik yazılar yazdıq, həndəsi və nəbati naxışlar çəkdik. Daşların köməyi ilə tariximizi gələcəyə daşıdıq. Bu daşlar əsrlərdən keçdi, gəldi. Qədim milli-mənəvi dəyərlərimizi təcəssüm etdirdilər.
Daşı müqəddəs sayıb daş kultu oluşdurduq. Onlar haqqında “Daş qız”, “Yada daşı”, “Elçi daşı”, “Oğlanqız daşı” kimi əfasanə və rəvayətlər, “El atan daş dağdan aşar”, “Dağın yaraşığı daşdır, insanın yaraşığı başdır”, “Keçmişinə daş atanı gələcək topa tutar” kimi atalar sözləri, “Daş üzük” və “Daş paltar” kimi nağıllar və “Ergenekon” kimi dastanlar, çoxlu bayatılar və şeirlər (Ə.Kərim: “Daş”, M.Araz: “Daş harayı”, M.Yaqub: “Daş”, A.Cəmil:”Daş haqqında düşüncələr”, R.Rövşən: “Göy üzü daş saxlamaz” və s.), mahnılar (“Ay bəri bax, bəri bax!” və s.) düzub qoşduq.
Tarixən nəhəng və iri sal qayalıqların, daşların olduğu yerləri müqəddəs saydıq. Bu daş qayaları və dağları qayınata-qayınana hesab edib, onlara baxanda hörmət və etiram əlaməti olaraq başımıza papaq qoyduq, yaylıq bağlayıb, yaşmaqlandıq.Daşa sığınmaq, daşdan istifadə etmək sonralar düşüncələrimizdə daş pirlərin, ziyarətgahların yaranması ilə nəticələndi. Həmin pirlərə inandıq, onlara güvəndik, ümidlə ziyarət etdik. Oğuzun Kərimli kəndindəki övlad verən daş ziyarəti (“Qoşa qardaş”) kimi.
Daşlara olan sevgimiz bəzən acgözlüyümüzə də səbəb oldu. Hamısı mənim olsun deyib, kəndləri, şəhərləri viran qoyduq, insanları soyub-taladıq. Onları məhv etdib, xəzinələrimizi həm də qiymətli daşlarla doldurduq. Nənəmiz Nüşabənin İskəndərə dedikləri də bizə dərs olmadı. Anlamadıq ki, daş yerində gözəldir. Heç kəs onu özü ilə o dünyaya apara bilməyib, bilməyəcək də.
Daş sevgimiz yaşayır, insanlar olduqca da yaşayacaq. İşə bax ki, daşları o qədər çox istəyirik ki, öləndə də onlardan ayrılmaq istəmərik, özümüzə baş daşı etdirik. Onlar da istəyimizi yerə salmayıb, bizim cismən mövcud olmadığımız dövrdəki kimliyimiz olurlar. Bir zamanlar var olduğumuzun, elədiklərimizin, təvəllüd və vəfat tarixlərimizin sübutuna, qəbrimizin ünvanına çevrilirlər.
Nağılımız başa çatmaq üzrədir. Amma indilik göydən üç alma düşməyəcək. Çünki daş-insan dostluğu və yardımlaşması davam edir. Bir teluqu atalar sözündə deyildiyi kimi, daşın və insanın taleyini qabaqcadan demək olmaz. Hələ çox şeylər ola bilər…
Sizlərə isə yeməli alma əvəzinə, daş kimi möhkəm və sağlam olmağı arzulayıram.
Qoy həyat yolunuz həmişə daşsız-kəsəksiz olsun! Yolunuza heç vaxt daş çıxmasın! Özünüz də düşmənlərimizdən başqa, heç kəsin yolunda daş olmayın!
Amma hər şeyə rəğmən Vətən daşını sevin, o bir parça daş da Vətəndir. Qürbətə düşəndə həmin o kiçicik daş üçün də burnumuzun ucu göynəmirmi!?
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)