Şəhidlər barədə şeirlər - Rza Məmmədov

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Rza Məmmədov 

Rza Əsgər oğlu Məmmədov 2001-ci il noyabrın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.

2007-2018-ci illərdə 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. Bu müddət ərzində Şamaxı rayon İncəsənət Təhsili Mərkəzində də səs üzrə (xanəndə) təhsil alıb.

Subay idi.

Rza Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rza Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşlərdə hərbi həkim kimi fəaliyyət göstərirdi.

Rza Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Bunu hamı yaşayıb,

Bunu hamı bilirdi,

Şah İsmayıldan bəri,

Bu vətən kiçilirdi.

 

Rza kimi oğullar,

Çəkdi vətənin dərdin.

Düşmənin başın əzib,

Dəmir yumruq göstərdi.

 

Göstərdi igidliyin,

Azərbaycan əsgəri.

Bu millətə yaşatdı,

Bu tarixi zəfəri.

 

Belə böyüyür millət,

Belə birləşir xalqlar,

Başımızı ucaltdı,

Rza kimi oğullar.

 

İndi bizim borcumuz,

Onları yaşatmaqdır.

Hər şəhid bir tarixdir,

Hər şəhid uca dağdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.