Jalə İslam, “Ədəbiyyat və incəsənət”
İki gün əvvəl evə getmək istəmədiyim günlərdən birini yaşayırdım. Saat təxminən axşam altı radələrində bütün pessimistliyimlə və əlimdə Fransın kitabı ilə parkda oturmağı seçdim.
Frans deyirəmsə, yəqin ki vəziyyətimin necə müşkül olduğunu anlamısınız. Düşüncələrim bir-bir xırdılanaraq, qəpik -quruş kimi ciblərimdən sanki ətrafa saçılırdı. Üzümü parkın mərkəzində olan fəvvarəyə tərəf tutaraq, əlimdə olan şəraitdən maksimum dərəcədə istifadə etməyə çalışırdım. Qulağımda Sezen Aksu "Hər şeyi yak" deyirdi və elə bu vaxt Frans ona qarşılıq verərək, -"Və budur, sizin məktubunuzu aldım, Milena. Bu fərqi necə izah etməli? Kimsə çirkabda uzanaraq ölüm yatağında can üstədir və bütün mələklərdən ən nəcibi olan ölüm mələyi gəlir, ona baxır. Bu adam ümumiyyətlə ölməyə cəsarət edəcəkmi?"-deyirdi. Kitab və mahnı sanki qarşılıqlı mübahisə edən iki cütlük kimi bir-birini tamamlayır, mən isə onların ağuşunda dünyadan əllərimi üzmüş şəkildə bir ahəngə qapılmış otururdum.
Elə bu dəm də oturduğum skamyada bir hərəkətlilik hiss etdim. Sağa tərəf çevrildiyim zaman yetmiş və yaxud səksən yaşlı, halsız, əsalı, beli əyilmiş və çirklənmiş, köhnə geyimi ilə qoca bir kişinin skamyanın digər ucunda oturduğunu və bayaq mənim baxdığım həmin nöqtəyə baxdığını gördüm. Yorğun və bənizi solmuş bu qocanın gözləri göz yaşı yuvasına bənzəyirdi və üzündə bəlkə də göydəki ulduzların sayı qədər qırışlar var idi. Normalda skamyada kimsə yanımda oturduğu zaman, bu halı bəyənmədiyimdən qalxıb getməyi seçirdim. Lakin bu dəfə oturub onu izləməyi seçdim. Bir az dincəldikdən sonra ayağa qalxaraq skamyanın yanındakı zibil qabını əsası ilə qarışdırmağa başladı. "Hər halda yazıq yemək axtarır"-deyə düşündüm. Daha sonra zibil qabından soyuq çay və enerji içkilərinin qablarını götürərək cibindən çıxardığı paketə yerləşdirdiyini gördüm. Sonra skamyanın yanındakı zibil qabından uzaqlaşaraq digərlərinə doğru yol almağa başladı. Beləcə, həm oturub dincələrək, həm də qutuları bir-bir toplayaraq parkın gecəni işıqlandıran lampaları arasında gözdən itdi. Saat səkkizə işləyirdi. Öz-özümə dedim ki, bu günlük bu qədər, Jalə. Artıq bəsdir, dur və evə get. Beləliklə cibimdəki son bir manatımı soyuq çay üçün xərcləyərək evə qayıtdım.
Soyuq çay....soyuq çay....
Bir addım uzaqda qalan park işıqları...
Dua edin ,əziz dostlar. Dua edin ki, cəmiyyət soyuq çaylardan daha çox alsın və parkın bütün zibil qabları dolub-daşsın. Təki qəlbimiz isti qalsın.
Bu arada siz yenə də evdəki qazı da yandırmağı unutmayın. Çünki evimizdəki soyuqluğun da isti çaya ehtiyacı var.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)