“Səndən ötrü min yol" dediklərimiz nə etdilər o yolda?" - ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Əlindəki kiçik daşı oynadarkən, laqeyid və vecsiz baxışlarla izlədiyi dalğalara ayna tuturdu ala gözləri.

Dalğaların hiddətlə qayalara çırpıldığı kimi, onun qızılı saç telləri də küləyin iradəsinə yenilərək çırpılıb üz-gözünə dağılırdı.

Hər şeyin çiynindəki yük, ya qabağına qatıb qovduğu qəzəb idi sanki. 

Dalğalarda, əsən bu külək də, elə onun qızılı saç telləri də, hətta laqeyid baxışları da qəzəbliydi elə bil. 

Nəydi bu qeyz, nəyə tutmuşdu axı onların acığı?

Dalğaları köpürdüb sahilə daşdıran, küləyi coşdurub bu dünyanın, canına saldıran və onun öləzimiş baxışlarını uzaqlara zilləyən o səbəb hər nə idisə eyni idi.

Bəlkə də, elə gördüklərinə, şahid olduqlarına tüğyan edirdi onlar?!

Nələr görmüşdü onlar? Ya da, daha doğrusu nələr görməmişdi ki?..

Yüksələrkən alçalanları da görmüşdülər, olduğu zirvədən özünü aşağı atıb intihar edənləri də.

Məqsəd vasitələri doğrultmur, biz axı bunu hələ illər əvvəl “Sonuncu ölən ümidlərdir” romanının qəhrəmanı Nailənin həyatından öyrənmişdik.

Ən böyük uçurum gözlər idi elə bəlkə də, hansı ki, düşən göz yaşı kimi axıb gedir birdə qayıda bilmirdi geriyə. 

Eyni ilə Bermud üçbucağında itən gəmilər və təyyarələrtək sonrakı aqibəti bilinmir, yox olub, heçliyə sovrulurdu.

İnsanı yolda tanıyarlar deyiblər "Səndən ötrü min yol" dediklərimiz nə etdilər o yolda?!

Kimi yola çıxdıqlarını yolda tapdıqlarına dəyişdi. yolun yarısında yol yoldaşının əlini buraxıb, onu  yarı yolda qoyub, başqasının əlindən tutdu. 

Kimi yarı yoldan geri qayıtdı. Kimi yarı yolda istiqamətini dəyişib başqa tərəfə səmt götürdü.

Kimi xəyanət etdi, kimi vəfasız çıxdı..

Yollar çox idi uğura gedən yol, zirvəyə gedən yol, uçuruma gedən yol.

Zirvə deyib yola çıxanları bu yolda hər şey mübahdır deyib yoldaşlarına badalaq gələnləri uçurum qırağında da çox gördük biz. 

"Çərpələng uçuran" romanının qəhrəmanı Əmir kimi səndən ötrü min yol deyənlərin əzabına göz yumanları da çox gördük.

Küləy üsulca qulağına nəsə xoş bir şey pıçıldamağa başladı. Musiqi səsiyidi bu. Dalğa kimi dənizdən sahilə doğru xoş təsir bağışlayan həzin bir musiqi səsi yayılırdı yavaş-yavaş fəzaya.

Bir an sanki bu xoş musiqinin ona söyləmək istədiklərinə qulaq verib bir əlində oynatdığı daşa bir də dənizə baxdı və düşünməyə başladı.

Niyə də onu incidən hər kəs və hər şeyi eynən elə indi əlindəki bu daş kimi dənizin dərinliklərinə tolazlamasın? 

Və niyə də artıq eynən bu musiqi sədaları kimi onu səsləyən xoşbəxtliyə qulaq verməsin?

Xoşbəxtliyi axı niyə oturub gözləməlidir? Niyə onu  özü axtarıb tapmamalı və ya niyə qəlbindəki xoşbəxtlik ümidi toxumlarını özü cücərtməməlidir?

Bir müddət yenə gözlərini dənizdən çəkib əlindəki daşın üstündə qərarlaşdırdı.

Və az sonra qeyzli dalğalar onun daşla birlikdə dənizə tolazladığı bütün inciklik və ümidsizliyini udub dənizin dərinliklərinə həbs edirdi.

O, isə artıq musiqi sədalarının gəldiyi istiqamətə səmt götürmüşdü...

 

Qapaq şəklindəki impressionist rus xanım rəssamı Marina Laqutinanın “Sahildə” əsəridir. 

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.