Şəhidlər barədə şeirlər - Tacəddin Əzizli

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Tacəddin Əzizli 

Tacəddin Əzizli 1994-cü il avqustun 7-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-2004-cü illərdə İ. Həsənov adına Sarvan kənd tam orta məktəbində, 2004-2011-ci illərdə isə Səbail rayonunun R. Hüseynov adına 49 nömrəli məktəb-liseyində təhsil alıb. 2012-2017-ci illərdə Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində ali təhsil alıb.

Tacəddin Əzizli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınHadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Əzizli noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Şəhidlər baş tacıdır,

Sən də bizim tacımız.

Həm zəfər sevincimiz,

Həm də itki acımız.

 

Səni itirməmişik,

Bizim yanımızdasan,

Bizim ruhumuzdasan,

Bizim canımızdasan.

 

Bircə görə bilmirik,

Bircə duya bilmirik.

Boynuna sarılaraq,

Qucaqlaya bilmirik.

 

Bilmirik hayandasan,

Səmalarda, cənnətdə.

Tanrı icazə versə,

Görüşərdik, əlbəttə.

 

Səninçün darıxmışıq,

Söylə, harda görüşək?

Xəyalən də olsa, gəl,

Yuxularda görüşək.

 

Görüşək, igid oğul,

Tanrıya çatan şəhid.

Zəfər tariximizə,

İmzasın atan şəhid.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.