Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Zaman oğurlayır ruhu evimizdən, yerində tikir otel...
İllər sonra - Orxan Zeynallı
Nə ara otel otağına, kirayə evlərə çevrildi qəlblərimiz?
Heç kimin həyatımızdan gedişinə uzun-uzadı kədərlənməz olduq.
Nə də ki, tərk etdiyimiz evlərin kandarında ayaq saxlayıb son dəfə ürək ağrısı ilə içəri nəzər yetirib gözümüzə sataşan xatirələrimizlə gözümüz dolaraq vidalaşar olduq.
Biz duyğularımızı hansısa körpüdən keçərkən bilmədən çayamı saldıq?
Laqeydllik harda, hansı çöküşdən qalxarkən toz kimi hopub yük oldu bizə?
Biz onu silkələyib üzərimizdən atmağı hansı qayğının ipini çəkməyə tələsərkən unutduq?
Biz vecsizliyin ipini nə vaxt fürsət edib geçirtik boynumuza?
Kimi vidasız gedir, kimi gedərkən qapımızı dibindən qopardır, kimini heç özümüz də uğurlamaq istəmirik, onun üçün qapını özümüz açırıq.
Və ya kimsə qapımızı çırpıb çıxanda tükümüz belə tərpənmir.
Bizi bir-birimizə bağlayan tellər nə zaman incəldi bu qədər?
Hanı o köhnə bağlılıqlar?
Hanı bəs insanların asan-asan biri-birindən keçə bilməməsi?
Onun mənə haqqı keçib, onun mənə zəhməti keçib deyərək üstündən hələm-hələm xətt çəkməməyimiz.
Texnologiya dövrüdür deyib insanlara da əşyalarımıza davrandığımız kimi davranmağa başladıq.
Modeli köhnəlmiş telefonumuzu, yeni modeli çıxan kimi dəyişdiyimiz kimi sevdiyimiz insanları da bizə bağlanan kimi dəyişməyə başladıq.
Xarab olan əşyaları təmirə vermək yerinə atmağı seçdiyimiz kimi, ən kiçik anlaşılmazlıqda elə bunu gözləyirmişik kimi münasibətimizi sonlandırmağı qət edirik.
Doğrudan da zamanmı oğurladı ruhu evimizdən?
Yoxsa biz özümüzmü evimizi kirayə verməyi seçdik?
Daimi bir sakinlə əl-ələ verib müştərək yaşmaqdansa, evi kirayə verib hər qonaqdan bir təmənna güddük?
Mehmanımız bizi qane etmədikdə və ya təmənnamız bitdikdə onu qapının ardında qoyduq və yaxudda o bizim evimizi, şəraitimizi bəyənməyib özü evi tərk etdi?
Bəlkə də məsələ nə zaman idi nə də qonaqlar. Bəlkə də əzəldən problemimiz özümüzlə idi.
Dağınıq düşüncələrimiz küləyin sovurduğu yarpaqlar kimi hərəsi uçub bir yerə düşdü, ruhumuzu evimizdən didərgin salıb evsiz-eşiksiz sərgərdana, əyyaşa çevirdik.
Nə ev qədri bildik nə ailə, nə nəfsimizə səd çəkə bildik, nə zorla içinə uyğunlaşdırıldığımız qəlibi sındırıb çıxa bildik.
Nə qədir qiymət bildik, nə də qədrimizi bilən oldu.
Tırtıl kimi yaşamaq istəmədik, fəqət pupun içinə girməyi də bacarmadıq. Nə cəsarətimiz çatdı, nə səbrimiz yetdi. Heç həvəsimiz də olmadı.
Hər şey əmək istəyirdi çünki, biz elə zəhmətsevər deyildik axı.
Gün oldu min əziyyətlə cücərtiyimiz gülü xəzan vurdu və sonra gün gəldi biz özümüz o gülü baxmsız qoyduq.
Elə oldu tərk etdiyimiz evlərə bir də dönmədik, elə oldu evimizi tərk edənlər bir də qapımıza ayaq basmadılar.
Elə oldu illər sora qayıdıb tərk etdiyimiz evlərin yerində xarabalıq tapdıq. Elə oldu bizi tərk edənlər illər sonra qayıdıb daxmamızı tapmadılar. Daxmamızın yerində artıq çoxdan səmaya meydan oxuyan göydələnlər ucalırdı. Kimsə oğurladı ruhu evimizdən amma o zaman deyildi inanmıram. Bəlkə təməldən zəif idi o ev, bəlkə təbii fəlakətlər qarşısında duruş gətirə bilməmişdi. Kim bilir bəlkə plana düşmüşdü evimiz, bəlkə də qonşumuz hər gecə xəlvətcə divarından bir daş söküb malikanəsi üçün artırma inşa edirdi.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)