AzərbaycanYazıçılarBirliyinin üzvü Coşqun Xəliloğlu “Ədəbiyyat və incəsənət” portalının redaksiyasına ünvanladığı növbəti şeirində Kür çayından bəhs edir. Şeir bizim COV29 rubrikamıza uyöun gəlir. Çünki şair bu məşhur çayın ekoloji problemlərindən söz açır. Oxuyaq.
KÜR ÇAYIM
Hər dəfə kəndimizə gedəndə Kür çayının sahilınə gedir, ona doyunca tamaşa edirəm. Bu dəfə adətim üzrə Kürə baxmaq istəyirdim. Çayın ətrafını kol-kos, yulğun basmış, cığırlar itmiş, yollar, suatlar yoxa çıxmışdı. Çətinliklə Kürün sahilinə yaxınlaşdım.Çayın suyu azalmış, yayxana-yayxana axan gur sulu Kürdən əsər-əlamət qalmamışdı.
Çayın sahilində bir kimsə yox idi.
Kədərləndim...
Axırsan qəmli-qəmli, axırsan yorğun-yorğun,
Sahilini basıbdır böyürtkən kolu, yulğun,
Sənə sükut yaraşmır, səni görmüşük çılğın,
Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.
Vaxt varıydı suyun gur, adın kimi Kür idin,
Ellərə sevinc verən bərəkətdin, bar idin,
Üzün-gözün gülürdü, necə bəxtiyar idin,
Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.
Necə də fərəh ilə sularında üzərdik,
Sahilində dostlarla sevinc ilə gəzərdik,
Arzular səmasında xəyal ilə süzərdik,
Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.
Sənin belə axmağın ürəyimi dağlayır,
Kədərim ümman kimi coşur, daşır, çağlayır,
Yaddaşımı göynədən xatirələr ağlayır,
Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.
Bəlkə, Tanrı çəkibdir özü səni sınağa,
Bilirəm, dözümlüsən, tuş gəlməzsən qınağa,
Ümidimi kəsmirəm, ümid var xoş sabaha,
Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.
İnanmıram könlümü yandırıb-yaxacaqsan,
Tarlalara, düzlərə, bağlara axacaqsan,
Sən, yenə məğrur-məğrur Kür kimi coşacaqsan,
Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.
15.09.2024.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)