Sınama və inanclar - MİN İLLƏRİN SINAĞINDA Featured

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

              

El arasında bugün də tez-tez rastlaşdığımız sınama və inanclar illər uzunu neçə-neçə nəslin müşahidəsindən keçdikdən sonra ağızlardan ağızlara düşərək arıtlanmış, damcı-damcı yaddaşlara süzülə-süzülə şüurlarda özünə möhkəm  yer edərək durulmuş, məxsus olduğu xalqın öz həyat tərzini, məişət şəraitini qurmasına xidmət göstərmişdir. 

Bu sınama və inanclar həm hikmətamiz kəlamlar vasitsilə, həm də əmək və mərasim nəğmələrində, əfsanələrdə, rəvayətlərdə və dastanlarda xüsusilə geniş yayılıb bugünkü nəsillərə ötürülmüşdür. Bu proses həyat durduqca insanı beşikdən qəbrədək müşayiət etməkdədir. 

Neçə min illərdir ki, insan doğulur, nəsil artırır, nəhayət, həyatdan köçür. Bu üç mərhələnin özü də folklorda doğum, toy, yas mərasimləri şəklində, onlarda oxunan nəğmələrin tərkibində nəsillərin yaddaşında əbədiləşdirilmişdir. İnsanların həmdəmi olan bir qism mərasim nəğmələri müşahidələr zamanı qəm, qüssə, kədər, hüznlə bağlı yaranıb. Başqa bir qism nəğmələr məqamına görə adamların arzu-diləklərini, rastlaşıb aciz qaldıqları problemləri dəf etmək üçün çarələr arayıb axtarmaq, şadlıq, sevinc əhval-ruhiyyəsini yaxşılaşdırmaqdan ötrü dini və dünyəvi inanclara tapınmaqla əks etdirmək, həyat düzəmini müəyyənləşdirmək ehtiyacından meydana gəlmişdir. 

Bu kimi xüsusiyyətlər onların istifadə və tətbiq imkanlarını artırmaqla geniş yayılmasının başlıca səbəblərindən biri kimi qiymətləndirilməlidir. El arasında yayılmış inanc və sınamalar da əmək və mərasim nəğmələri kimi zəruri ehtiyacdan yaranmışdır. Bu şifahi xalq nümunələri hər bir xalqın qədim milli adət və ənənələrini, məişət şəraitini, genofondunu, məşğuliyyətini, dini baxışlarını özündə qoruyub saxlamaqdadır. Bunu aşağıda qeyd olunan sitatlarda da görmək olar:

 

“Hind inancına görə, hər fərd öldükdən sonra başqa biçimdə dünyaya gəlmiş olur. Daha öncəki həyatının nitəliyinə görə yaxşı ya da kötü surət qazanmış olur. Bu həyat təkrarlanması ruhun kamala ulaşıb Tanrıya varışına qədər davam edər. Ruh öz bütün evrimini gerçəkləşdirdikdən sonra artıq yer üzündə həyat bulma sona çatar.” 

Yaxud:

“Əşrama— Hind inancına görə hər kəsin ruhu dörd evrədən keçər. Bu dörd evrənin hər biri bir “əşrama” adlanır. Bu dörd mərhələ bunlardır: 

1. Mütaliə və şəxsi disiplin. 

2. Ailə qurma və dünya işləri ilə uğraşma. 

3. Düşünmə, dalğınlıq və dünya təmayüllərindən qopma. 

4. İmtina və dünyadan tam qopuş.” 

(Mahatma Qandi, “Bütün insanlar qardaşdır” fəlsəfi əsərindən)

 

Məlumdur ki, qədim insanların yaratdığı söykənclər - əfsanələr, əsatirlər, nəğmələr, inanclar və sınamalar bütün xalqlarda mədəniyyətin, təhsilin, siyasətin, fəlsəfə, incəsənət və elmin dilində nəzarə çarpacaq iz buraxıb. Adamlar hələ də min illər bundan əvvəl deyilmiş kəlamlara arxalanmaqla neçə-neçə əfsanə və rəvayətin kökünə varmış, araşdırmalar sayəsində bir sıra etimoloji nəticələr əldə edərək bəzi faydalı vərdişlərə yiyələnmişlər. Dəfələrlə zamanın sınaqlarından çıxmış, bugün inanc adlandırdığımız sınanclar dövrlərinin neçə-neçə insanına həyat vermiş, dərdlərinə əlac olmuş, yaşamağa ümidləndirmişdir. Günümüzdə də bir bölüm insanlar arasında təsadüf etdiyimiz inanclardan sayılan səbrə (asqırmağa) münasibətin olduğu belə hallardandır. Bizə görə, aşağıda göstərildiyi kimi, bunun müqəddəs sayılma səbəblərindən biri dini rəvayətlərdə Allah-taala tərəfindən palçıqdan yapılmış Adəmin ruh üfürüldükdən sonra asqırıb ayılmasıdır.

 

“İslamaqədərki cəmiyyətdə en çox sınamalara məruz qalan cəhətlər insan və heyvanların asqırma və əsnəmələri olmuşdur.  Onlar həm asqırığı, həm də əsnəməni şeytandan gəlmə bir hal sayıb hər ikisini pis yozurdular.  İmruul Qeys şerlərindən birində göstərir ki, səhərlər camaat yatarkən tezdən ova çıxır ki, heç kəs qarşısına çıxıb asqırmasın.  Bəzən asqırıq müqabilində  “Mənə yox, özünə qayıtsın!”  və s.  kimi sözlər işlədib, onun şərindən qurtarmaq istəmişlər.  Heyvanların asqırması da pis yozulurdu. Sonra İslamda asqırıq bəyənilmiş, ancaq əsnəmək bəyənilməmişdir. Belə ki, asqırığın mələkdən, əsnəməyin şeytandan gəlməsi düşünülmüşdür.”   (A.Qasımova “Quran qissələri”) 

Bu cür ziddiyyətli təsəvvürlərə sınama və inanclarda sıx-sıx rast gəlmək olur. Yaranma tarixi qədim olan inam və sınamaların əksəriyyətininə ikili yanaşmanın bu kimi məsələlərlə bağlı olması da yuxarıda qeyd etdiyimiz səbəblə bağlıdır.  

Deyilənə görə, səfərə çıxarkən qarşından qara pişik keçməsi uğursuzluq əlaməti sayılır. Bu sayaq inanclardan bəzilərinin mənşəyi hələ də qaranlıq olmasıyla araşdırılmasını gözləməkdə olsa da,. bəzilərinin mənşəyi bu gün bəllidir. Bu inanc və sınamaların elələri var ki, tarixi yükü baxımdan çox qədimdir. Bunlar qədimliyi ilə yanaşı özlərini gerçək həyatda doğrultduğundan bu gün də yaşam tərzində türkəçarələri şəklində yaşayır. Bu inam və sınamaların içərisində elələri var ki, bu gün onların faydalı olmaları elmi cəhətdən əsaslı surətdə sübut edilmişdir. Zeytun və xurma ağacları müsəlman aləmində bəlkə də elə buna görə qədimdən müqəddəs sayılır. Bu meyvələrin zəngin kalorili olması insanlara ta qədimdən məlum imiş. Xurmanın vitaminlərlə zəngin olması səbəbindən qədim ərəblər uşaq anadan olanda xurmanı çeynəyib onun ağzına qoyurdular ki, körpə güclü olsun.

 Bugün də tibbi baxımdan faydalı bitkilərdən olan reyhanı ərəblər ziddiyyətli olsa da, aşağıdakı kimi dəyərləndirirdilər:

A.Qasımova “Quran qissələri” əsərində göstərir ki: “ərəblər reyhan barədə yozumlar edirdilər. Reyhan gözəl ətir sözündən olduğundan, onu uğurlu bitki sayırdılar. Ancaq gözəl görsənib, yaxşı ətir verməsinə baxmayaraq, tamı acı olduğundan bəzən onun bədbəxtlik gətirəcəyini düşünürdülər.”

Elm və texnikanın inkişaf etməsinin insanların düşüncə və dünyagörüşünü bu qədər zənginləşdirməsinə baxmayaraq, bu sınama və inamlar öz dəyərini günümüzədək itirməmişdir. Qədim insanların öz həyatlarını bu türkə-çarələr və sınanclar əsasında qurmaları danılmazdır. Bunlar müxtəlif dövrlərdə insanların öz sağlamlıqlarını qorumağında, mövcud mühitlə davranmalarında və məişət şəraitlərini daim yaxşılaşdırmaqlarında əvəzsiz rol oynamışdır. Bütün bu sınamalar, yozumlar və çarələr yuxarıda qeyd olunduğu kimi illərin sınağından keçmiş praktik təcrübələrə əsaslanırdı. Elə buna görə də bir çox sınamalar daşlaşaraq aforizmlər və məsəllər şəklində dövrümüzə gəlib çatmışdır. Müxtəlif mənbələrdən götürülmüş aşağıdakı misallar fikrimizə söykək sayıla bilər:

 

*Parklarda görülən atlı heykəllərin ön iki ayağı havadadırsa, heykəldəki adam döyüşdə ölmüşdür. Əgər bir ayağı havadadırsa, döyüşdə yaralanmışdır. Əgər 4 ayağı da yerdədirsə, o insan normal səbəblərdən ölmüşdür.   (X.Hüseyn “Çərpələng uçuranlar” romanından)

 

*Adətən, atlar ölülərdən qorxurlar. Onlar heç vaxt meyidi tapdalamazlar. (Svetlana Alekseyeviç “Müharibənin qadın üzü yoxdur” əsərindən)

 

*Məşğuliyyəti boyu əsasən çanaqlıbağa balığı tutan balıqçıların gözü tez zəifləyir. (Ernest Heminquyey “Qoca və dəniz” povestindən)

 

*İnsanlar və itlər digərlərinin gözündə ifadə oxuyan yeganə canlılardır. İtlər bu xüsusiyyətdən insanlarla ünsiyyət üçün istifadə edirlər.

 

*Mayalılar çəpgözlüyü cazibədarlıq simvolu hesab edirdilər. Bu səbəbdən onlar övladlarının çəpgöz olması üçün əllərindən gələni edirdilər.  (Milli.Az saytından)

 

*Qədim Romada  döyüşə getməzdən öncə hətta toyuq və xoruzlarla fal açır, bəzən xoruz döyüşdürürdülər. (A.Qasımova “Quran qissələri”)

 

*Mayalılara görə müntəzəm olaraq səhər yeməyi yeyən ailələr, qaydasında səhər yeməyi yeməyən ailələrə nisbətən daha xoşbəxt və anlayışlı olurdular.  (Elif Şəfəq “Eşq” romanından)

 

*Deyirlər ki, Səfəvi şahı I Təhmasib qızını ərə verməyərək bir atı da daim yəhərli saxlayarmış ki, on ikinci imam Mehdi zühur edəndə qızını ona versin. (M.Çəmənli “Ölüm mələyi” romanından)

 

Göründüyü kimi, rastlaşdğımız mənbələrdən götürülmüş bu misallar içərisində müxtəlif xalqlara məxsus  inanc və sınanclar əsas yer tutur. Bu da inam və sınamaların ortaqlığını araya gətirərək, onların ümumbəşəri olduğunu ortaya qoyur. Bundan əlavə, bu sınamalar, inanc və inamlar məxsus olduqları xalqın unudulmaqda olan qədim milli adət və ənənələrini, davranış qaydalarını özündə hifz etməklə günümüzə çatdırmaqda körpü rolu oynayır. Diqqəti çəkən önəmli bir cəhət də toplanmış nümunələrin dünəndən bugünümüzə xəbər ötürməsidir. Burada müxtəlif xarakterli məlumatlar əsasında ailə-məişət münasibətlərinin qurulması və insan sağlamlığının qorunması yolları öz əksini tapmışdır ki, indi də bu sınanılmış üsullardan xalq təbabətində, məişətdə hamı tərəfindən istifadə olunmaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.