“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Murad Nağıyev
Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda dünyaya gəlmişdir. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakıya, Bakıxanov qəsəbəsinə köçmüşdür. Təhsilə 271 nömrəli məktəbdə başlayan Murad Nağıyev, tezliklə həm öz zəkası, həm də tərbiyəsi ilə digərlərindən seçilmiş və müəllimlərinin seFvimlisinə çevrilmişdir. 8 il bu məktəbdə əla qiymətlərlə oxuduqdan sonra 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak etmiş və yüksək nəticə göstərdiyinə görə Türkiyənin Kuleli Hərbi Liseyinə seçilmişdir.
Murad Kulelidə də özünü doğrultmuş, xüsusilə də riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən ona “matematik dehası” (riyaziyyat dahisi) adı verilmişdir. O, burada mülki dərslərlə yanaşı, həm də hərb elminin bütün sirlərini öyrənmiş, müxtəlif yerlərdə yay toplanışlarında və təlimlərdə iştirak etmişdir. Liseyi müvəffəqiyyətlə bitirərək 2015-ci ildə Türkiyədə Kara Harp Okuluna daxil olmuşdur. Birinci kursu burada başa vursa da, 2016-cı ildə Türkiyədəki dövlət çevrilişi cəhdindən sonra (bütün hərbi məktəblər bağlandığı üçün), o, digər azərbaycanlı kurs yoldaşları ilə birlikdə vətənə geri qayıtmış və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilinə davam etmişdir. Murad Nağıyev 2020-ci ildə buradan məzun olmuş və bununla da 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnmişdir.
Murad Nağıyev 2020-ci ildə Bakı yaxınlığında yerləşən “N” saylı hərbi hissəyə təyinat almış və leytenant rütbəsi ilə tank taborunda tağım komandiri, tank komandiri olaraq xidmətə davam etmişdir.
O, 27 sentyabrda başlayan Vətən Müharibəsinə elə həmin gün yollanmış, qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak etmişdir. Komandirləri və rütbəcə yüksək yoldaşları gənc zabiti döyüşə girməməyə razı salmağa çalışsalar da, o: “Mən zabitəm, öz tankımda özüm gedəcəyəm!" deyərək döyüşə ən ön sıralarda atılmışdır. Murad Nağıyev tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.
O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Silahdaşlarının dediyinə görə, Murad Nağıyev həmin gün təkid edərək deyib: “Bu gün kolonda bizim tank birinci gedəcək”.
Onun şəhid olduğu yer 8 gündən sonra tam nəzarətə götürülmüş və həmin gecə bayrağa sarılı nəşi Bakıya gətirilmişdir. Murad Nağıyev oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Leytenant Murad Nağıyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Murad eyni zamanda uşaq yaşlarından incəsənətə maraq göstərmiş, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmiş, həmçinin türkcə şeirlər yazmışdır. Ruhun şad olsun, qələm dostum, səni öz şeirinlə yad edirəm.
İstanbul ve Hayat
Yeni bir gün başlat hayatta.
Sabah güneş kendini göstermeye başlar,
Sonsuz ufuklarda.
İlk ışıklar akseder deniz üstünde.
Öylece izlemeye başlarsın güneşin doğuşunu,
Sonra dayanamazsın bu güzellik karşısında,
İçini bir ferahlık kaplar.
Yüzün güler, hayran kalırsın bu eşsizliğe.
Her şey uçuverir aklından,
Kilitlenip kalırsın bu manzaraya,
Ama uzun sürmez by güzellik,
Hayat gibi güzel görünür ilk başta.
Ve bitti artık bu doyumsuz güzellik,
Acı vermeye başlamıştır çok sevdiğin ışıklar.
Gözlerin kamaşır, dayanamazsın, bakamazsın,
Sonra yüzün yanmaya başlar.
Bir tokat yemiş gibi yüzün yanar,
Evet bir tokat, hayattan yediğin bir tokat.
Ne tuhaf değil mi?
İlk önce aldanıp sonra yanmak.
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)