Şəhidlər barədə şeirlər - Ramil Ağayev

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Ramil Ağayev

 

Ramil Ağayev 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun mayoru olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Dinlədim ananı,

Qardaşını da.

Dinlədim qızını,

Yoldaşını da.

Bir yanda sevinc var,

Bir yanda kədər.

Bir yanda yoxluq var,

Bir yanda zəfər.

 

Sənin varlığında yoxluq görünmür,

Sənin zamanındır,

Sənin çağındır.

Sənin düşmənləri etdiyin kimi,

Bütün hisslərimiz darmadağındır.

 

Yenə qalx ayağa,

Mayor Ağayev.

Əmr ver, qarşında düzülsün tabor.

Bütün əsgərlərin sənə and içir,

Səninlə fəxr edir, ey şəhid mayor.

 

Yəqin ki, burdasan.

Başım üstündə.

Görüb toxunmamaq necə çətindir?

Sənin qızların da, sənin anan da.

İndi bu vətənə əmanətindir.

 

Sənin tək qəhrəman, igid oğullar,

Vətəni-müqəddəs yeri qaytardı.

Lerikdən Şuşaya uzanan yollar,

Səni tarix kimi geri qaytardı.

 

İndi ədəbisən, tarixsən, şəhid,

Tarixdə əbədi iz qoyacaqsan.

Bu xalqın, millətin, elin, obanın,

Zəfər tarixində yaşayacaqsan.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.