“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Elxan Məmmədov
Elxan Məmmədov 1998-ci il mayın 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2005-2016-cı illərdə Qobustan rayonunun A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elxan Məmmədov oktyabrın 11-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və 18 gün xəstəxanada müalicə aldıqdan sonra oktyabrın 29-da şəhid olub. Qobustan rayonu Cəyirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sən elin xanısan,
Qəhrəmanısan.
Çünki şəhidisən,
Vətən canısan.
Səninlə fəxr edir,
İndi bu millət.
Sizin sayənizdə qayıtdı torpaq.
Bitdi Kəlbəcərə,
Şuşaya həsrət.
Bu şeir mənimdir?
Yox, sizlərindir.
Bu vətən
Hamıdan çox sizlərindir.
Sizlər ölməmisiz,
Şəhidlər ölmür,
Şəhidlər yaşayır tarix boyunca.
Sən ey savaşların allahı şəhid
Əgər burdasansa,
Başım üstündə
Gətir əllərini öpüm doyunca.
“Ədəbiyyat və incəsənət”
(10.09.2024)