BİR SUAL, BİR CAVAB İbrahim İlyaslı ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Gör mən nə saymışam, fələk nə sayıb,

 Dönüb sənə baxmaq sayılır ayıb...

 Aradan qırx igid ömrü adlayıb,

 Mən həmən dəliyəm, sən həmən gözəl! (İbrahim İlyaslı)

 

Qəlblərin odunu duyan şairimiz, o obrazların məbəbbətindən qalanan ocağı zaman kül edə bilməmişdir. Əksinə, ayrılıq zamana meydan oxuduqca sevgi alovu daha da güclənmişdir. Bəzən söyləyirlər ki, artıq sevgi yoxdur. Bu fikrə İbrahim İlyaslının münasibəti necədir? 

 

 CAVAB

Necə yəni sevgi yoxdur? Sevgi yoxdursa, bəs bunu söyləyən adam necə yarandığının fərqində deyilmi? Mövcud olan bütün canlı varlıqlar sevginin ifadəsi deyilmi? Sevgi yoxdursa aşağıdakı hissləri bizə yaşadan və bu şeiri yazdıran hansı qüvvədir?

 

Gözəllik bəşərə görk olsun deyə,

Qıydı Yer üzünə fələklər səni.

Dayandı səcdənə ulduzlu Göylər,

Qısqandı Allaha mələklər səni.

 

Billah, belə sevda gəlməz hər başa–

Od suya calandı, alğış qarğışa.

Yanıb kül olunca qıldı tamaşa

Şövqündən əriyən bəbəklər səni.

 

Şimşəklər teyləndi qəfil üstümə,–

Döndü qəflətxanam altı-üstünə.

Susadı qanıma, durdu qəsdimə

Öpüb oxşadıqca küləklər səni.

 

Qüdrətim çatmadı vəsfi-halına,

Pir deyib, əyildim gül camalına.

Belə çoxmu gördü qul misalına,

İblis yuvalanmış ürəklər səni?

 

VARsansa – varımsan, YOXsansa yoxum,

Ən halal zülmümsən, ən haram yuxum.

Sağ qalınca cismim, ölüncə ruhum

Müdam ayağına iməklər sənin.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.