“Ədəbiyyat və incəsənət” SUBYEKTİV BAXIŞ-da tanınmış şair Ayaz Arabaçının fikirlərini təqdim edir.
Son dərəcə qiymətsiz zamanımı harda gəldi xərcləyirəm. İçində küləklər dolaşan, aramsız yağışlar yağan, dağlarda-dərələrdə, kəndlərdə-şəhərlərdə havaya sovurduğum vaxta zərrəcə heyfim gəlmir.
Təbim gələndə beş-on misranın qanadından tutub mənsub olduqları sirli-sehrli aləmdən ayırıb feysbuk səhifəmə atıram. Şeirlərim də özüm kimi həmişə yollarda olur, harda yaxaladım -yaxaladım!
Saçlarımdakı rütubət, üst-başımdakı kömür qarası, tüstü qoxusu, ayaqqabılarımdakı yorğunluq havası kənardan xoş görünməsə də həyatım boyu mənə ləzzət verib. Həyatın sirlərinə vaqif olmaq fikrindən tamam uzağam və heç mənə gərək də deyil.
Mənə könlümdəki çırpınışlar, təlatümlər, rənglər və səslər bəs eləyir...
Üzümə Ay işığında tünd-yaşıl yarpaqların arasından dəniz gülümsəyir, ləpələrin soyuq pıçıltıları eşidilir. Dəniz elə bil ki, bu saat məni, qapını aralayıb “harda qalmışdın” deyib, ağuşuna basacaq.
Uzaqdan gəldim deyirəm, yağmurların çimizdirdiyi keçilməz dağlardan.
Gecənin bağrından ecazkar alovu xatırladan bir səs yüksəlir. Üç-dörd il qabaq yaddaşımda dərin bir iz buraxmış həmin o səs.. Şirzad babanın şirmayı dillər üzərində qərar tutan barmaqlarından süzülən o ilahi səs!! Səsə tərəf gedirəm. Bu səs bütün gecəni öz nuruna qərq eləyib. Şirzad baba qarmonunu sinəsinə sıxıb qeyri-adi gözəllikləri rəssam kimi gecənin bağrına həkk eləyir. Qucaqlayıb öpürəm, kimsən, deyir.. Üç-dörd il qabaq elə buralarda görüşüb-söhbətləşdiyimizi xatırladıram. Yadıma düşdü deyir, cibimdəki olan-qalanımdan bölüb sandıqçasına atıram. Qarabağda müharibədə olub, ayağına baxıram, biri yoxdu. Nooldu deyirəm.
Yaralı ayağımı kəsdilər deyir, qanqrena eləmişdi.Sonra unudaq deyir, qoy bir az da qarmon danışsın.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)