Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Şair Elman Tovuzu torpağa tapşırarkən yağış başladı. Yay üçün o qədər də xarakterik olmayan selləmə yağışı öz-özümə yozmağa çalışdım. - Mənə elə gəldi, Göylər bizim - Elmanın dostlarının donuq qaldığını, göz yaşı tökmədiyini görüncə, özü dolub, yağış tökmək qərarına gəldi… El-obada “Yer də, Göy də ağladı” deyimi var - bax, o kimi…
Dəfn bitər-bitməz güclənən yağış, bir də, biz Şıxheybətə çatarkən dayanmaqdaydı.
Yağış bizim Elmanın son mənzili üstündə törən keçirməyimizə izn vermədi sanki; nə sudan, nə insandan doymayan qara torpaq, qoynuna yeni aldığı şair oğluyla bir an öncə baş-başa qalmaq, dərdləşmək istəyirdi və bizim Qoşasuyu tez tərk etməyimizi istəyirdi elə bil… Elə bil, Göy-Yer eyni ahənglə, bir alqoritmlə çalışırdı… Zatən Kainatın öz qanunauyğunluqları vardır, bilirik…
Uşaq vaxtı biz bəzən qardan, yağışdan incik danışarkən, rəhmətlik atam deyərdi, “a bala, kərəminə şükür olmuş bizdənmi soruşacaq, öz mülküdür, yağdırır”…
Bəli, biz Yaradanın işinə qarışmırıq, ancaq öz işimizi də bəzən yetərincə yerinə yetirmirik. Elman Tovuzun xəstəxanaya düşdüyü gündən bəri, xəyalımda hər gün yanına gedirdim; ancaq nıxtı tutulmuş kimi, “ha bu gün - ha sabah” deyə-deyə, gedib Abşeron xəstəxanasına çıxmadım da çıxmadım… Bilirsiz, bu nıxtı tutulmuşluqda bir təsəlli, bəraət məqamı da var: deyirəm, Yaradanın kəramətinə yaraşdırdıqlarımıza, öz diləklərimizin çin olacağına elə inanırıq, elə inanırıq, ölümü qəti yaxın qoymuruq… Elman Tovuz uzun illərdi sağlıq qayğıları ilə yaşayırdı lakin biz dostları, doğmaları ölümün bunca yaxında olduğunu düşünmür, yaman düşüncələri yaxına buraxmırdıq. Hərdən də, düşünürük, biz xəstəxanaya getməklə, artıq sona yaxınlaşdığımızla barışmış oluruq sanki - doğru deyil, əlbəttə; əlbəttə, nə gedən gələcək, nə o ziyarət məqamı olacaq bir də… Olan oldu!..
Təqvim ilinin 7-ci ayının son günüydü, biz Elmanı doğma Tovuzun Şıxheybət kəndinin qəbristanlığı yerləşən, Qoşasu adlanan yerdə - anasının yanında torpağa tapşırdıq… Elman yeni ayın ilk gününü o dünyada qarşılayacaqdı. Uzun illər ayağa qalxacağı günün hicranı ilə, o umudlu günün vicdanına güvənərək yaşayan şairçün bu dünyada təqvimlər “ölmüş”kən, o dünyada nəyə yarar?..
Dədə-babamızdan qalma belə bir inanc var, bəs, biz tərəflərin ilk ağacı Qoca Palıd olub; qərinələr dolanıb, yüzillər keçib, bir nəfər çıxıb da, o köklü-köməcli, irigövdəli ağacı düz dibindən nə üçünsə oda verib və nəhayətində, saatlarla korun-korun yanan ağac dünya qopurmuşcasına yıxılıb, o yaramaz işi görən adam da karsalaya dönüb, ömrünün qalan günlərini dəli-dəng keçirib… El-oba Qoca Palıdın qalıqlarını qoruyur, yanından hər keçən, onun üstünə bir budaq, şax-şəvəl atmadan keçməz - bu, bir gələnək halını alıb. Həmçinin sağa-sola keçənlər yaz-yay gül-çiçək, payız mer-meyvə, niyyətlilərsə ilmüdam kömbə, şirniyyat qoyar Qoca Palıda. Son illər orada balaca bir türbə də tikilib. Xurafatçılıqdan uzağıq çox şükür, ancaq bununla belə, el-obanın gələnəklərində illa bir hikmət olduğuna şübhə etmirəm; bundan da irəli, söhbət bir ağacdan gedir - burada hər nə qədər ilkinlik olsa da, qutsal yanaşma, yaraşdırma da var. Necə ki bizim yaradıcı dədələrimiz törəyişi, doğuluşu, insanın artışını başqaları kimi (uzaq olsun), əkiz qardaş-bacıların çarpaz evlənməsində (yaxud cinlərlə evlənmədə) deyil, ağac bağrından çıxan qızla - haqdan verilmiş buta ilə evlənmədə görüb… Ağacla bağlı alxışlar, inanclar günümüzədək gəlib çıxıb. Bəli, bax, söhbəti keçən həmin o Qoca Palıd bitən yerdi Qoşasu… Elman Tovuz özü, necə deyərlər, Qoca Palıd kimi bir insanıydı - xarakterli, dözümlü, başıuca və… dərdi dərin!..
Şair Elman Tovuzu Qoca Palıdlı Qoşasuda torpağa tapşırdıq… Şair yəqin anası ilə, o dünyadakı digər doğmaları ilə dərdləşdikdən sonra, Qara Torpağın özüylə və illa Qoca Palıdla da həmsöhbət olub…
Elman Tovuz dağlar başında yerləşən Şıxheybətdə doğulub, boya-başa çatdı,
paytaxt Bakıda oxudu,
Tovuz-Bakı yolunda avtomobil qəzasına düşüb, sağlamlığını itirdi, ondan sonra ömrü Bakıda keçdi və mən bilən bir daha Şıxheybətə getmədi… O yerlərdə ki at çapmışdı,
yerimişdi-qaçmışdı, güləşmişdi, ovlağa, yaylağa getmişdi, hələ-hələ ilk eşqə düşmüşdü… o yerlərə “əlil arabası” deyilən adıyamanda getməyi qəbullana bilməmişdi…
Onun doğma köyünə və eləcə də, Qoşasuya gedişi, Qoca Palıdla görüşü bir də… canını tapşırandan sonra mümkün oldu…
Şıxheybət, üstünə sağlıq!
Qoca Palıd, o dünyan xeyir!
Qoşasu, sənə nə deyim? -
Ah, Qara Torpaq, Qara Torpaq!.. Sən “o dünya”mısan, “bu dünya”mısan?..
Əziz Şıxheybət!
Pir bilinən Qoca Palıd!
A barlı-bərəkətli Qoşasu!
Şair oğlunuz Elmanı necə gördünüz?.. Ondan küsməmişdiniz - əminəm; bilirsiniz, onu sizdən uzaqlarda şair edib, söz qoşduran elə sizlər, digər əlçatmazları, gözgörməzləri, ünyetməzləri oldu…
“Getməsək də, gəlməsək də, o köy bizim köyümüzdür” deyirik deməsinə, ancaq işə baxın, son ərkimiz üzrə gedirik o köyə illa… Sanki o hicranın bitişi üçün bircə yol var: canını tapşırıb getmək!..
Elman bir köyün, el-obanın miqyasını çoxdan aşmışdı, ölkə çapında tanınan-bilinən, sevilən şair idi; lakin bəllidir - Bakıda deyil, bir başqa ölkənin paytaxtında yaşayıb-yaratsaq da, başqa ölkələrdə tanınsaq da, ilk yuvamız bizi həmişə özünə çəkir, çəkir… O ilk yuvanın “göz”ünə sağlamlığımızdakı üzüntülərlə görünmək istəməsək də, gün gəlir, son ərkimizi edirik: “məni ora apararsız”…
Elman öncə oxucularının, dostlarının könlündə özünə yurd edindi, sonra getdi…
Avtoqəzadan sonra Elmanın öz fiziki sağlamlıq durumu yerində olmasa da, o, həmişə mənəvi yöndən şax duruşu, qüruru, ilahi təsəllisi ilə seçildi. -
“Mən olmasam nə olardı,
Bir adamın azalardı?..
Dərdin tökülüb qalardı,
Nə yaxşı ki, varam, Allah”!
Elman Tovuz cavan yaşında avtoqəza keçirsə də, onun ağır sonucuna təslim olmadı, yazdı-yaratdı, ümidləndi, ümid verdi, ümid oldu…
Şair Elman Tovuzun şeirləri dillərdə, aşıqların sazında ötür;
Kitabxanalarda, hər dostunun evində, internet resurslarında Elman Tovuzun şeirləri yayılıb, yayılır, yayılacaqdır;
Şairin onu tanıyan, bilən, oxuyan hər kəsdə xatirəsi var; özü bu dünyadaykən xatiri əziz olduğu kimi, xatirələri də əzizdir, undulmazdır…
İndi dağlar qoynunda, anasının da uyuduğu torpaqların qoynunda, Qoca Palıdlı Qoşasuda uyuyan şair Elman Tovuzu nə şair, nə şeirlər unudar, nə el qədri bilən, el üçün çalışanlar - elmanlar yaddan çıxarar… Özünə təxəllüs götürdüyü Tovuz, oxuduğu, yaşadığı Bakı, canından çox sevdiyi Can Azərbaycan unutmaz onu!..
Bir şair üçün bundan yuxarı nə gərəkdir?..
Ruhuna sayğılar!
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)