Şəhidlər barədə şeirlər - Sahil Məmmədov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Sahil Məmmədov 

Sahil Ədalət oğlu Məmmədov 1996-cı il iyulun 12-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Sahil Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Məmmədov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Həyətə daş tökdürüb,

Tikmədin ev, qəhrəman.

Arzuları yarımçıq,

Özü bütöv qəhrəman.

 

Cənnət evindir sənin,

Gül-çiçəyin, çayın var.

Bu ölkədə hər evdə,

Bir adamlıq payın var.

 

Hər evdə yaşayırsan,

Hər taledə zamansan,

Hər ürəkdə döyünür,

Hər gözdə qəhrəmansan.

 

Anan danışır səndən,

Atan danışır səndən,

Baxışlar həsrət çəkir,

Ürək alışır səndən.

 

Üç dəfə yaralandın,

Yenə döndün savaşa.

Dedin, anam bilməsin,

Yoxsa düşər təlaşa.

 

Sən belə igid oldun,

Sən belə oğul oldun.

Qubadlı, Şuşayacan,

Qələbəyə yol oldun.

 

Əbədi qalacaqsan,

Bu vətənin canında,

Hamımız baş əyirik,

Ruhunun qabağında.

 

 “Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.