Niyə? - MİNİATÜR HEKAYƏ Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

Saatın kəfkiri gələcəyin, düşüncələr isə keçmişin ardınca qaçarkən sağ əlini açaraq diqqətlə əlinin içindəki çizgiləri bir-bir nəzərdən keçirməyə başladı. Yazı, tale, ömür- öz -özünə bu üç sözü dəfələrlə təkrar etdi. Sonra sağ əlinin ovuc içi ilə başına şiddətli bir şillə vurdu. Amma kifayət deyildi, çünki insanın özünə vurduğu şillə nə qədər acı verə bilər ki?! 

Yazı..., tale..., ömür.... 

Gözucu qarşısında uzanmış cəsədə baxaraq dəfələrlə içindən məlum üç-sözü təkrar etdi. Sonra arxaya çönərək saatı kəskin nəzərlərlə seyr etməyə başladı. Artıq bu andan sonra ona qalan sadəcə dilsiz kəfkir idi :

-Eynilə bu gün olduğu kimi zaman öz sözünü deyəndə mən yenə peşman öləcəyəm.

-Nə demək istəyirsən? 

Donuq halda gözlərini pəncərənin nəmli şüşəsinə zillədi:

-Ölümün sadəcə son nəfəsin alış-verişi, həmçinin bəlli səviyyəli bir xırıltıya diksinmə olmadığını sən qanmaza neca başa salım, bilmirəm. 

Əli ilə tavandan üzünə doğru damcılayan yağmur dənəciklərini silərək dedi:

-Bəs mən sənə bu damlaların əslində bir yağmur olmadığını necə açıqlayım axı? 

-De ki, bu bir yağış deyil. 

-Bu bir yağış deyil, amma sən onun altında olduğun müddət etibarilə islanmağa məcbursan. 

-Bəs sən nə məsləhət görürsən, cənab çox bilmiş? 

-İslanmağı! 

-Necə? Niyə islanım ki? 

-Niyə kirli qalasan ki?

-Axı gedə bilərəm? 

-Hər kəs getsə, kim gözləyəcək? 

-O zaman gözləyərəm. 

-Hər kəs gözləsə, bəs o zaman kim gedəcək?!

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.