“Hisslərimlə mübarizə” - ESSE Featured

Nərmin Yaşar, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bəzən keçmişə dönmək istərdim, bəzən isə yox. Keçmişlə yaşamaq olmaz, gələcəyə baxıb addımlamaq lazımdır. Hər zaman o şüarla addımladım mən, çünki düşüncəm bunun doğru olduğunu deyirdi. Mən hisslərimə, şəxsi düşüncəmə çox inanan biriyəm, nə də olsa, onlar mənə məxsusdur və tərk etməzlər.

 

Mən ailəmin kim olduğunu bilmirəm, ailəmdən mənə qalan bircə Ceyhun adıdır. Bütün qayğılardan uzaqda böyüdüm, ata, ana sevgisi mənə yad oldu. İndi də mənə qaranlıq qalıb, axı mən niyə tərk edilmişəm? Niyə internat evinə qoyulmuşam? İstənməyən övlad idimsə, niyə doğulmuşdum? Cavabını bilmədiyim yüzlərcə sual məni dəli edirdi. Keçən müddət ərzində həyatı daha da yaxşı dərk edirdim. Olan bu idi ki, bilmədiyim ailəmə nifrət edirdim, kin bəsləyirdim... Ən böyük istəyim gələcəkdə olacaq övladlarıma öz valideynlərim kimi laqeyd olmamam idi. Xoşbəxt olmaq hər kəsin haqqıdır, xoşbəxtliyi uzaqda axtarmaq mənasızdır. Mənim xoşbəxtliyim mənimlə eyni yerdə böyüyən, eyni ağrıları, eyni acıları yaşayan Nüşabə idi...

Saçları uzun, gözləri mavi, əsmər bənizli... Bir gülüşü var, canlar alan... Baxışları ilə insanı tora salan. İnsan sevirsə birini, ona sahib çıxar, ona aid olan insanı başqasına əmanət etməz.  

 Nüşabə ilə ailə qurduq və ondan sonra yeni bir həyat başladı, heç gözləmədiyim bir həyat.

İlk vaxtlar hər şey yaxşı idi, məndə norkolepsiya xəstəliyi aşkar edilənə qədər. Norkolepsiya xəstəliyi qısa müddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik gənc yaşlarında başlayır, yaşlandıqca azalır. Bu xəstəlik istənilən işi gördüyünüz zaman baş verə bilər, maşın sürərkən belə. Tutma bir neçə dəqiqə davam edir, tutma qurtardıqdan sonra yuxu iflici də ola bilər. Bu xəstəliyimin olduğunu duyan zaman pis olmuşdum, çünki hər şey əvvəlki kimi olmayacaqdı. Bilirsiniz, mən ehtiraslı biri olmuşam və hər zaman hisslərimlə mübarizə aparmışam. Bu mənə zövq verib. 

əslində, amma indi o həzzi yaşaya bilmirəm. Bir zamanlar Nüşabənin mənə aid olan bədənini gördüyüm zaman hisslərimə yenik düşürdüm. Bircə boynundan öpməyim bəs idi, o an özümə hakim ola bilməzdim. Bütün vücudu mənim təsirimin altında idi, əllərimi bədənində gəzdirməm, döşlərinin gilələrinə toxunmam, toppuş qıçaları arasında olmam həyatdan zövq almasına şərait yaradırdı, mən isə ondan zövq alırdım. Beləcə uzaq səfərlər edirdik başqa-başqa dünyalara, amma indi o zövqü mən yoldaşıma yaşada bilmirəm. Başlanan cinsi əlaqə zamanı sən bir film izlərsən və filmin ən maraqlı yerində işığın sönməsi... İstəməsəm də, o xəstəliyim mənə güc gəlirdi, müalicəsi olmayan bir xəstəlik. Bəzən özüm bu hallardan bezmiş olardım, heç nə yox, məni sadəcə Nüşabə düşündürürdü.

 

Axı o da qadın idi, analıq hissini yaşamaq onun da haqqı idi. Hər bir qadının, qızın qəlbində o hissləri yaşamaq istəyi olur, hətta deyə bilərəm ki, ən böyuk arzularıdır. Mənə nə qədər çətin də olsa, "Ayrılaq, başqası ilə evlən, övladın olsun" kimi sözləri də demişdim. Amma mənim Nüşabəm mənə hər zaman sadiq oldu. "Səndən olmayan övladı istəmirəm,sənsən mənim yoldaşım, sirdaşım, övladım, körpəm. Məndə sənin qızınam, Ceyhun..." dedi.

Bu sözləri mənə o qədər təsir etmişdi ki, ona olan sevgim daha da dərinləşirdi. O mənim vəfalı qadınım idi, ailəm kimi məni tərk etmədi. Nüşabə mənim həyatdakı ən gözəl hədiyyəm idi. Rəbbimə nə qədər şükür etsəm, azdır. Ailəmiz iki nəfərdən ibarət olsa da, çox xoşbəxt idik. Həyatda xoşbəxt olmaq üçün böyük hadisələrə ehtiyac yoxdur. Həyatda var olmamız, varlığımız özü bir xoşbəxtlik idi.

Bəzən olardı ki, Nüşabə bilmədiyimiz ailələrimizdən danışardı. Görəsən, bizim kimi onlar da nə vaxtsa atdığı övladlarını fikirləşirdilərmi? Fikirləşərkən qəlbləri sızıldayırdımı? Bu kimi sualları dəfələrlə onun dilindən eşitmişdim və mənə də heç yad deyildi. Nüşabə ata-anasını görməyi çox istəyirdi, əsası da illərcə beynində formalaşdırdığı suallara cavab tapmaq idi.

Onun xoşbəxtliyi mənim xoşbəxtliyim idi. Ümumiyyətlə, mən ondan heç nə gizlətməzdim, bütün problemlərimizi, sevincli anılarımızı birlikdə görərdik. Amma ilk dəfə ondan nələrsə gizlətməyə çalışdım. Nə qədər çətin gəlsə də, etməli idim, bütün etdiklərim də ona görə idi.

 

Səhər işə getmək adı ilə evdən çıxdım və kədər dolu uşaqlığımı yaşadığım internat evinə getdim. İlk olaraq ordakı uşaqlara baş çəkdim, heç görmədiyim qayğını mən özüm onlara göstərmək istədim. Uşaqlarla müəyyən vaxt keçirdikdən sonra müdirə xanımın yanına getdim. Vəziyyəti izah etdim, Nüşabənin valideynləri haqda məlumat öyrənərsə, mənə xəbər verməsini xahiş etdim. Təbii ki, bu bir gün ərzində baş verə biləcək proses deyildi. Sənədlərə bir-bir baxıb araşdırmaq vaxt aparacaqdı.

 

Nüşabə ilə birgə şam yeməyi yeyirdik,, fikrim tamam başqa yerdə idi. Görəsən müdirə xanım nələrsə tapa bilmişdimi? Xəyallar məni uzaq aləmlərə aparmışdı. Gələn telefon zəngi məni xəyallarımdan ayırdı.

- Salam, Ceyhun, sabah internat evinə gəl, bəzi məlumatlar əldə etmişəm.

- Salam, oldu, çox sağ olun.

 

Bütün gecəni yata bilməmişdim, dediyi o məlumatlar nə idi, görəsən? Səhər nahar yeməmiş ilk işim ora getmək oldu. 

-Salam oğlum, gəl əyləş. Nüşabə Məmmədova Saleh qızı və anası Məcidova Şölə. Sənə bir ünvan verəcəyəm, getdiyin zaman hər şeyi dəqiqliklə öyrənəcəksən.

Olan-bitənlərə hələ də inana bilmirdim, bildiyim tək şey o idi ki, yolun sonuna yaxınlaşmışdım. Müdirə xanıma təşəkkürümü bildirib otaqdan çıxdım. Vaxt itirmədən dediyi ünvana yollandım. Həyətə girdiyimdə həyəcanım getdicə artırdı. Axı məni necə qarşılayacaqlarını bilmirdim. İçimdəki həyəcanı boğub, qapını döydüm. Qarşımda saçları tamam ağarmış, üzündə çoxlu qırış yaranmış, gözlərində kədərə rastadığım bir qadın vardı.

 

- Salam, Şölə xanım sizsiniz?

- Salam, oğlum, bəli, mənəm.( üzündə incə bir təbəssüm vardı)

-Bura sizinlə danışmağa gəlmişəm və sizə vacib söz deməliyəm.

- Buyur, oğlum, gəl evdə danışaq.

İçəri keçdim, Şölə xanım qonaq otağını göstərdi. 

- Oğlum sən əyləş çay gətirim, sonra sözünü deyərsən. 

-Yox, çox sağ olun, gəlin əyləşin. Şölə xanım, mən sizin illər əvvəl internat evinə qoyduğunuz qızın həyat yoldaşıyam və ikimiz də eyni taleyi yaşayan insanlarıq. Bu gün burdayam və qızınızın heç nədən xəbəri yoxdur. Sadəcə onun ən çox istədiyi şeyi həyata keçirtmək istədim ondan xəbərsiz. Bilmirəm, keçmişdə nələr yaşamısınız, amma nə olur-olsun bu gün burdayam və sizi qızınızın yanına aparmağa gəlmişəm... Şölə xanım, ağlamayın, xahiş edirəm.

 

Hönkürtu ilə sözə başladı və öz keçmişini danışarkən “Ürəyim yanmadı” desəm yalan olardı. Çətinliklə də olsa, Şölə xanımı evimizə aparmağa razı saldım. Nüşabəyə də zəng edərək ən çox sevdiyimiz yeməkləri bişirməsini istədim. Təbii ki, "Axşama sürprizim də var" deyərək dəstəyi asdım.

Axşam işdən çıxdıqdan sonra Şölə xanımı aparmağa gəldim.

 

- Salam, oğlum, xoş gəlmisən, həm də ki, "xanım" yox, "xala".

– Baş üstə, Şölə xala,deyərək gülümsədim.

10-15 dəqiqə sonra gəlib çatdıq. Şölə xala məndən çox həyəcanlı idi. 

Qapı açıldı.

-Ah, Elvin, qonağımız olduğunu niyə deməmisən? Xoş gəlmisiniz, buyurun, keçin.

- Nüşabə, Şölə xala sənlə danışmağa gəlib. Nüşabənin təəccüb dolu baxışlarını görməli idiniz.

- Necə danışım olan bitənləri, hələ sənə necə müraciət edim bilmirəm, axı mən sənə analıq etməmişəm. Necə "qızım" deyə səsləyim səni... Sən doğuldun, sənlə bağlı o qədər arzu-istəyimiz vardı ki, hələ atan səni qucağına alacağı günü səbirsizliklə gözləyirdi. "Atasının qızı olacaq" deyərdi həmişə. Amma səni görmədən soyuq məzarı seçdi. Bizi tək qoyub getdi. Deyə bilərsən ki, bəs sən mənə niyə baxmadın, internat evini rəva bildin? Atan öldükdən sonra çətin günlərim başladı. Öz ayaqlarım üstə dura bilmək üçün işə daxil oldum və səni böyütməli idim. Ona da imkan vermədilər. Bilirsən, dul qadına yaxşı baxmırlar, bəzi şərəfsiz insanların dilinə düşürsən, atmacalı-atmacalı sözlərinə dözürsən. Cavab versən, söz olur. Mən öz namusumu bir çox çətinliklərlə də olsa, qoruya bilmişəm. Mənim tək varlığım sən idin, çətin şəraitdə böyüməni istəmirdim və böyüdüyün zaman səni pis insanlardan qoruya bilməyəcəyim üçün bu addımı atmışdım. "Bağışla" deməyəcəyəm sənə, çünki buna haqqım çatmır. Amma mən səni həmişə çox sevmişəm. Bu günü sənin kimi çox arzulamışam. Həyatım boyunca çətinliklərlə yaşayan bədbəxt bir qadın olmuşam.

 

Nüşabənin anasına ağlayaraq sarılmasını görüncə ürəyim paramparça olurdu. Beləcə ana-balanı qovuşdurmuşdum, daha doğrusu, vəsilə olmuşdum. Xoş günlərimiz bundan sonra başladı. Sizə maraqlı gələ bilər, öz ailəm haqda niyə araşdırmadım? Yox, ailəmlə bağlı da araşdırmalar etdirmişdim. Təəssüf ki, onların heç biri həyatda yox idi.

 

7 il sonra gəlişləri ilə həyatımıza nur qatan əkiz övladlarımız oldu. Valideynlərimi görməsəm də, adlarını övladlarıma verdim.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.