Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalına xoş gəldiniz. Gündəlik həyatda hər birimiz iş stresindən özünə vaxt ayırmaqda bəzən çətinlik çəkə bilirik. Bugün istədim ki, Bakı şəhərinin küçələrinə və özümə vaxt ayırım.
Ağ şəhər, bulvar, sahil, milli parklar... Səhərdən axşama gəzdim və o qədər fərqli anlar, fərqli insanlarla rastlaşdım ki.
Dəfələrlə sevməkdən, sevginin önəmindən danışmışıq. İstədim bizim insanlarımızın sevgidən qorxmasından da danışım sizlərə.
Bugün bir mənzərəylə rastlaşdım və bu mənzərəyə 2 fərqli reaksiya gördüm.
Gənc, sevimli bir cütlük. Oğlan qızı qucağına alıb dəniz kənarında fırladırdı, gülüşləri, görüntüləri o qədər gözəl idi ki... İnsan həsəd aparırdı hətta. Sonra onlara gülən gözlərlə baxan bir neçə turist dəydi gözümə. "Beautiful love" kimi bir ifadə işlətdi biri. O sırada yanımdan keçən canım cəmiyyətimin canım insanlarının isə ağzından " düşüklər, abırsızlar, heç utanmırlar millətdən?" kimi ifadələr səsləndi.
Gəlin, sorğulayaq. Nəyə görə sevməkdən, sevilməkdən utanmalıdır bir insan? Məgər xoşbəxt olmaq utanılmalı bir hissdir?
Kiçik yaşlardan bəri "böyüklərdən utan, qorx" fikirləri aşılanan insanlar böyüyüb xoşbəxtliyi, gülməyi, sevməyi ar, ayıb bilir. O gün sosial media fenomeninin bir sözünü duydum, deyir ki, məni tənqid, təhqir edirsiniz, çünki sizin olmaq istəyib, amma qorxduğunuz, ola bilmədiyiniz o şəxsəm, şəxsiyyətəm mən. Necə də haqlıdır....
İnsanlar o qədər sərhədlərlə bürünüb ki, bu divarları aşmaq gözlərinə elə qorxulu gəlir ki, hasarlarını yıxmış insanlara qarşı olan qısqanclıqlarını əsəblə, kinlə basdırırlar. Yaxşı, küçələrdə hər gün minlərlə heyvan öldürülür, yüzlərlə qadın şiddət görür. Hər kəs "ailə işinə qarışılmaz" deyir. Bəs hanı ar, hanı namus? Namusumuz elə sevgi görəndə qabarır? Arımız elə xoşbəxtliklə çartlayır?
Bu dünyaya bir duyğunu, bir şeyi yaymaq şansım olsaydı, qəlblərə azadlıq verməyi seçərdim. İstəyən oğurluq etsin, adam öldürsün kimi bir azadlıqdan getmir söhbət. Hər kəs azadca sevə bilsin, gülə bilsin, rəqs edə, oxuya bilsin. Məsələn, bugün qışqıra-qışqıra küçələrdə mahnı oxumaq mənə çox yaxşı gəldi, siz də yoxlaya bilərsiniz. İçinizdəki o nifaq, qısqanclıq toxumlarını ataraq yerlərinə öyrənmə, sevmə, sevinmə kimi duyğular əlavə edə bilərsiniz. Məsələn, mən bir-birini sevməyi bacaran insanlar görəndə sevinə bilirəm. Bəs siz başqaları üçün sevinə biləcək qədər böyüdünüzmü?
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)