REDAKSİYANIN POÇTUNDAN - Nərmin Yaşar, “32 həftəlik möcüzə...” Featured

Hörmətli “Ədəbiyyat və incəsənət”. 

Mən Kazımzadə Nərmin Yaşar qızı 1999-cü ildə Lənkəran rayon Liman şəhərində anadan olmuşam. 

2016-cı ildə Teymur Zamanov adına Lənkəran şəhər Ürgə kənd məktəbini, 2021-ci ildə Lənkəran Dövlət Universitetini bitirmişəm. 

Bədii Yaradıcılığa on üç yaşında başlamışam. " O,sənmisən ?" şeiri ilk poetik qələm məhsulumdur.

Şeirlərim və hekayələrim müntəzəm olaraq dövri mətubada və ədəbiyyat portallarında yayımlanıb. 

2021-ci ildə Xəzan Jurnalında "Tənha göyərçin" hekayəm, 2022- ci ildə Yeni Uğur Antologiyasında şeirlərim, 2024-cü ildə isə “Şəfəq” jurnalında" Hisslərimlə mübarizə" adlı hekayəm dərc edilib. Eyni zamanda kulis.az, cənublu.az və s. saytlarda şeir və hekayələrim yerləşdirilib. 2021-ci ildə ilk uğurum  "İkinci şans" adlı hekayələr və esselər kitabının müəllifi olmağımdır.

İstərdim ki, “32 həftəlik möcüzə...” adlı 

 

 

 

Yay fəsilinin iyun ayına qədəm qoymuşduq. İstilərə rəğmən həyat eşqi, yaşamaq sevdası davam edirdi. Hələ bətnində canından, qanından bir parça daşıyırsansa. Dünyaya göz açmasa belə varlığını hiss etmən "Analıq hissini" yaşamağa heç bir maneə törətmir. Bəlkə də çoxları körpəni qucağına almadan o ülvi hissin nə olduğunu dərk etmiyib. Yaşamadan anlamaq olmur axı.. 

Biz onunla bətnimdə olarkən dostlaşmışdıq. Xəzanı yola salaraq, yaz fəslinə yelkən açmışdıq. Çiçəklənən ruhuma ümid dolu bir çıraq idi. Gəlişini düşündükcə üzdə gülüş, qəlbdə kəpənəklər dövrə vururdu. O mənim səbrimin ən məsum meyvəsi idi.. Çünki səbirli olmağı onunla birlikdə dadmışdım. Hər səbrin sonu gözəl olmalı deyilmi ? 

Bilmirəm... 

Bəlkə də illərlə beyin hüceyrələrimizə o deyimi həkk etmişdik. Neçə ki, uşaq olanda “hər nağılın sonu gözəl bitəcək” düşüncəsi ilə böyümüşdük. Nağıllar balaca qəhrəmanların inanmaq istədiyi bir yuxu idi. Görəsən o yuxudan oyanmaq zamanı hələ gəlməmişdi? Nə vaxtacan nənə-babalarımız xəyali dünyalarına bizləri şərik edəcəkdi? 

Ömür yolunu yaşadıqca, büdrədikcə dərk etməyi öyrənirsən. Gəzdiyin səkillər səni aldatmağa çalışsa da yaralarınla birlikdə savaşmağı özünə borc bilirsən. Çünki sən buna məcbursan. Məğrur duruşunla həyatda qalib gəlməyi bacarmalısan.

Mən sevgi tumurcuqları ilə cücərən bir möcüzəyə inanmışdım. Həftələr keçə-keçə böyüməyə başladı. Keçən vaxt ərzində ruhum uşaqlaşdı. Birlikdə böyüməyi arzulamışdım. Ona aldığım ilk hədiyyə mavi rəngli, üzərində naxışlı ağ rəngdən ibarət ayaqqabı idi. Sən demə ayaqqabının da düşər-düşməzi olarmış. Ax bizim hər şeyi düzgün bilən böyüklərimiz.

Onların inandığı inanclara inanmağı seçmədim. Öz doğru bildiyim yol mənim inancım idi. 

Beləcə geyimlər almağa qərar verdim,

ilk geyimini Əli dayısı almışdı. Hər bir detayına o qədər fikir verdim ki, hər şeyin yaxşısını seçmək istəyirdim. İlk həyəcan, ilk yaşanan duyğular fərqli olur axı...  

Gündüzləri hey danışar, Yaşar babana bənzə deyə əzizləyər, gecələri isə sonu gözəl bitən nağıllar oxuyaraq yuxuya dalardıq.  

Xoşbəxtlik nədir deyə soruşsalar, kiçik bir səfərdən ibarətdir deyərdim. Çünki hər birimiz qəlbimizə məlhəm olan möcüzənin gəlməsini gözləyirdik. Amma o gələn möcüzə hər şeyi yarımcıq qoydu. Ömür yolumun ən çətin dönəmi idi. Yaşamayacağını bilə-bilə dünyaya gəlməsinə izin verirsən. Bircə ağlaması ilə köz olur ümidlər. Qucaqlamaq, bağrına basmaq istəyirsən. Çəkdiyin ağrı, əzab bir anlıq, göz qrpımında yox olur. Üzünü belə görməyə qoymadan, uzaq düşür səndən. İkicə saat ana qoxusundan uzaq qalaraq əbədi yumur gözlərini. Səsi hələ də qulaqlarımda laylay çalırmış kimi ağlayır. 

Ağ bənizli, qara saçlı, boylu buxunlu körpə quzum. Sən qaysağ bağlamayan yaramsan mənim. 

207-ci palata rəqəmləri gördüyüm zaman, yaşadığım stress, ürəyimin yanğısını hiss edirəm. Hər kəs övladının gəlişinə  sevinərkən, bağrına basarkən, əsil tənhalığı, itirmək qorxusunu dadan bir qadın vardı o otaqda. Dörd divar o qədər yadlaşmışdı ki, susqunluğu ilə ahımı almışdı. Bəzən göz yaşları dodaqlardan süzülüb, ovuclarımda qonaq olurdu. 

Ən ağrıma gedən, ən nifrət etdiyim sual "Sənin uşağın necədir" və cavabında “öldü” 

kəlməsini işlətmək o qədər əzabvericidir ki.

Taleyin oyunumu,

Allahın qismətimi bilmədim. Ürəyimin yanğısı, közərmiş yaram, torpaq payım, körpə quzum, böyüməyən balam, canımın canı, sənin varlığını hər zaman hiss edəcəyik. Tez getdin torpaqda böyüyənim, səbirli ol, səbirli ol ki ata, anana qovuşasan. Bir gün ikimiz də sənin qonağın olacayıq. Gülüşün ilə bağrına bas bizi, Uğurum. 

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.