“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid jurnalistlər Sirac və Məhərrəm
· Sirac Abışov – Azərbaycan Televiziyasının operatoru. 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı şəhərində anadan olan Abışov Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin olmuş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. O, 2019-cu ildən AzTV-də işləməyə başlamışdır. Bir övladı olan Abışov hadisə nəticəsində həlak olmuşdur. Onun nəşi "Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Gəncə Şəhər Şöbəsində müayinə edildikdən sonra Bakı şəhərinə aparılmışdır. Abışov 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
· Məhərrəm İbrahimov (Əlioğlu) – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri. O, 16 aprel 1982-ci il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-nin Krasnoselo rayonunun Ardanış kəndində anadan olmuşdur. İbrahimov 1989-cu ildə Azərbaycan SSR-nin Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 100 saylı orta məktəbin birinci sinfinə getmiş, 1999-cu ildə orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olmuş, 2003-cü ildə oradan məzun olmuşdur. O, 15 iyul 2004-cü il tarixinə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur. Həmin ilin sentyabrında AZƏRTAC-da müxbir işləyən İbrahimov 2007-ci ildən orada aparıcı müxbir vəzifəsində çalışmışdır. O, İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgəsində yenilikləri işıqlandırırdı. İki övladı olan İbrahimov hadisə nəticəsində həlak olmuşdur. Onun nəşi "Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Gəncə Şəhər Şöbəsində müayinə edildikdən sonra Bakı şəhərinə aparılmışdır. İbrahimov 5 iyunda Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilmişdir.
Salam, alınyazısı
Zəfər üstə qəm şəhid.
Salam, jurnalist adam,
Silahı qələm şəhid.
Sən yazı adamısan,
Susa biləcəksənmi?
Öz başına gələni,
Yaza biləcəksənmi?
Yazma! "Vətən" yazından,
Qiymətini almısan,
Bu dəfə tarix yazıb,
Tarixə yazılmısan.
Yazılmısan şəhidlik,
Zirvəsinə əbədi,
Zəfər şəhidlərinin,
Xəbər şəhidi kimi.
Sağ ol, salam deyərsən,
Şəhid qəhrəmanlara,
Qayalara dırmanıb,
Şuşanı alanlara.
Deyərsən, qayıdırıq,
Doğma yurda, bizimdi.
Deyərsən, Xankəndi də,
Zəngəzur da bizimdi.
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)