“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Yüksəl Əlizadə
Yüksəl Əlizadə 1996-cı il iyunun 5-də Qazax rayonunda anadan olub. Atası uzun illər bir sıra şəhər və rayon prokurorluğlarında çalışan İlqar Əliyevdir. Anası Gəncə Dövlət Universitetinin (GDU) Kafedra müdiri Sevda Kazımovadır. Orta təhsilini Gəncə şəhərində alıb. Ali təhsilini isə Bakı Dövlət Universitetində (BDU) "Tarix" ixtisası üzrə alıb. Ali təhsilini bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetində (NDU) "Hüquq" ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Yüksəl Əlizadə 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-nin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə müraciət edib və sentyabrın 21-də təlimlərə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
İlk dəfə bir şəhidlə
Yuxularda görüşdüm.
Yadımda qalmayıbdı
Necə, harda görüşdüm.
Gül ətirli havada,
Hər yan ağappaq idi.
Mənim gördüyüm şəhid
Ölməmişdi, sağ idi.
Bəzənmişdi elə bil,
Elə bil bəy çıxırdı.
Şirin təbəssüm ilə
Gözlərimə baxırdı.
Sual vermək istədim,
İstədim ki, danışım.
İstədim ki, kefini,
Əhvalını soruşum.
Sanki dilim tutuldu,
Sanki məni duyurdu,
Sanki fikirlərimi
Qəlbimdən oxuyurdu.
Dedi ki: "Anama de,
Mənə yas saxlamasın,
Özünü incitməsin,
Bu qədər ağlamasın".
"Ağlamasın, gözünü
Silə bilmirəm,axı!
İstəsəm də, yanına
Gələ bilmirəm axı".
Bu ki real görüşdü,
Möcüzəsi yox idi.
Nəsə demək istədi,
Sanki açıb deməyə
İcazəsi yox idi.
Bu necə bir yuxudu?
Görməmişəm beləsin!
Bircə onu dedi ki,
Gedib anama denən
Mənimlə fəxr eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)