Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Nə gözəl toxunub fələyin toru?-
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu çölündə oğru,
İçini-çölünü xışla da getsin.
(İbrahim İlyaslı)
Dəyərli şairimiz, "dərininə düşünmək" niyə hər kəsə nəsib olmur? Bəlkə, özləri bu bacarığı görmək istəmir?
CAVAB
Dərininə düşünmək dərinə düşmək kimidir. Düşməyin bir çıxmağı da var axı… Adamların nəyinə lazımdır bu əzaba qatlansın?! Hər kəs dalğıc(qəvvas) olamaz ki, dəryaların dibinə baş burub da geri dönsün. Yarı yolda boğulmaq təhlükəsi var…
Dünyanın ikicə rəngi varıymış,-
Bildim qara nədi, ağ nədi, bildim.
Balamın dilindən bir söz eşitdim,
Dağ üstən çəkilən dağ nədi, bildim.
“Yox”dan yola çıxdım, yol məni getdi,
Kəm məni kəsdirdi, bol məni getdi.
Mən sağı getdikcə, sol məni getdi,
Axır ki, sol nədi, sağ nədi, bildim.
Doldu piyalələr, boşaldı camlar,
Sərxoş damağımı dəyişdi tamlar…
Qaranlıq könlümdə yandıqca şamlar
Ürəkdən əriyən yağ nədi, bildim.
Adlayıb dünyanın Hun hasarından
Qopdu şah millətim şah damarından…
Sındı məmləkətim sınırlarından,-
Çəpəri pozulan bağ nədi, bildim.
İbrahim İlyaslı, budurmu qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq,-
Bildim nahaq nədi, haqq nədi, bildim.
“Ədəbiyyat və incəsənət”
(02.08.2024)