Şəhidlər barədə şeirlər - Xalid Hassan

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Xalid Hassan

 

Xalid Hassan 1995-ci il yanvarın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindən idi.

1995-ci ilin iyul ayında — Xalid Hassan 6 aylıq olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə gəldi, burada yaşamağa başladı. Bir müddət sonra Hassan ailəsi yenidən Azərbaycana qayıtdı və Xalid Hassan birinci sinfə Bərdə rayonu ərazisində Ağdam şəhəri 2 nömrəli tam orta məktəbində getdi. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan 10-cu sinifə qədər Almatı şəhərində təhsil aldı. Tam orta təhsilini Azərbaycanda bitirib. Ailəli idi. Məryəm adında bir qızı yadigar qaldı.

Xalid Hassan 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb. Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə sahəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Hassan ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Hassan ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

Salam, könüllü əsgər,

Könüllü şəhid, salam.

Bu şeiri sən danış,

Mən susuram, mən lalam.

 

Danış, görüm necədi

Şəhidliyin zirvəsi?

Haqqın axan çayları,

Cənnətinin meyvəsi?

 

Necədi anan üçün

Yuxu olmaq, səs olmaq?

Necədi vətən üçün

Ölüb, müqəddəs olmaq?

 

Özün de, doğmalara

Uzaqdan baxmaq necə?

Səkkiz aylıq qızından

Sarı darıxmaq necə?

 

Necə olur ananı,

Ağlayanda izləmək?

O yatanda başının

Üzərində gözləmək?

 

Özün danış, özün de,

Vaxt ötür, gecə keçir?

Şəhidlər arasında

Qələbə necə keçir?

 

Dayan, hara gedirsən?

...Yaxşı yol, gülə-gülə.

Hamıya salam denən,

Hamını təbrik elə.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.