Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Yaxşı bir söz eşitmişəm. Deyirlər ki, "Gələcəyin nəğməsi elə bu gündən oxunur".
Bəli, mən də tamamilə razıyam. Düşünürəm ki, bu gün yaşanılan əksər hadisələr keçmişdə etdiyimiz səhvlərin, düzlərin nəticəsidir. Bizim bu gün oynadığmız musiqilər elə keçmişdə oynadıqlarımızdır. Gələcəkdə oynayacaqlarımızdan bezməmək üçün indiki seçimlərimizə, hadisələrin gedişinə, hərəkətlərimizə fikir verməliyik. Ən əsası, özümüzə inanmalıyıq. Özümüzə inanmamaq öz hislərimizə xəyanət etmək deməkdir. Və xəyanətin hər zaman ödənməli olan bir bədəli vardır.
Hə, bu dünyada hamı cənnəti arzulayır. Hamı da öz ağlının bir hissəsində cənnətə gedəcəyindən əmindir. İnsan zənn edir ki, əgər adam öldürməmişəmsə, oğurluq etməmişəmsə və bu kimi pis əməllərim yoxdursa, deməli, mən cənnətə gedə biləcəm.
Amma unutduqları bir şey var.
Hər zaman deyilir ki, Kəbə evini yıxmağa bərabərdir qəlb sındırmaq.
Həqiqətənmi qəlb sındıranlar özlərini yaxşı insan zənn edirlər?
Başqalarını bu qədər incitməklə, başqalarına bu qədər xəyanət etməklə, digər bu kimi pisliklər edə- edə bir paralar özlərini yaxşı insanmı hesab edirlər?
Bəzən həqiqətən də insan etdiklərinin fərqində olmur. Amma bəzən də insanların gözləri nə qədər kordur deyə düşünürəm. Çünki əgər gözləri görsə, öz əməllərini də görərlər. Beyinləri düzgün işləsə, nə qədər səhv fikirləri öz beyinlərinə yüklədiklərini də analiz edə bilərlər.
Əminəm ki, (və dəfələrlə şahidi olmuşam ki) insanların başlarına nəsə pis hadisə gələndə düşündükləri tək bir şey var. “Görəsən, bu qədər yaxşılıqlarım hara getdi?” Bir dəfə də bu qədər incitdiyiniz o könüllərin ahının hara getdiyini düşünsəniz, əslində onda heç bir problem olmayacaq.
Yazımın əvvəlində vurğuladığım kimi, pis ya da yaxşı, bu gün oynadığınız bütün rollar keçmişdəki seçimlərinizin nəticəsidir.
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)