BİR SUAL, BİR CAVAB Vahid Əziz ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Atları çapın dördnala,

qaçmışam – çatıb gətirin,

qoymayın səhərə qala,

axşamnan tapıb gətirin,

 

Ayrılıq bir gedər-gəlməz,

hələm-hələm gedən – gəlməz!

Yamanla dünya düzəlməz,

yaxşımnan tutub gətirin.

 

Yaramadım bu ürəkdən!

Nə fərqim var kəpənəkdən?

İşığımı ya şimşəkdən,

ya şamnan tutub gətirin.

 

Köynəyi yıprandı sazın,

yolu qapandı Arazın,

yaxşı dostlar dağılmasın

başımnan-tutub gətirin!

 

Laylan hanı, gözəl anam,

doğdun ki, bu cür talanam!?

O zamannan bədgümanam

Qonşumnan – tutub gətirin!

 

dövran məni niyə sıxır?

insaf etsin, Allah baxır!

dərd o qədər; adım çıxır           

huşumnan – tutub gətirin,

 

Uçursan, çata bilmirəm,

yuxum ol, yata bilmirəm,

özümü tapa bilmirəm;

yaxamnan tutub gətirin... 

(Vahid Əziz)

 

Dəyərli Vahid bəy, özünüz özünüzün oppenentinə çevriləndə ən çox nədən danışırsınız, nələr düşünürsünüz?

 

CAVAB

Bilirsiniz, mən özümdən qabaq başqalarını düşünürəm, qızım. Mənə biri gəlib dərdini danışır və çıxıb gedir. Ondan sonra mən onun fikrini çəkirəm ki, niyə belə olub axı... Onun xəbəri olmadan onun problemlərini  həll etməyə başlayıram. Əlim çatan yerlərə sözümü deyirəm. Mənim atam bir dəfə mənə söyləmişdi ki: "Küçədə dilənən köməksizlərə elə pul ver ki, heç olmasa, bir qarın çörək yeyə bilsin."

Mən heç vaxt dilənçiyə qəpik pul verməmişəm, həmişə kağız pul vermişəm. Cibimdə sonuncu pulum olsa da, yenə də vermişəm. Ümumiyyətlə, gərək ölkədə dilənçi olmaya. Əgər yaşadığın ölkədə dilənçi, kasıb- yoxsul, bədbəxt insan varsa, elə sən də günahkarsan. İnsanı ac edən acgözlərdir. Acgözlərin hesabına cəmiyyətdəki bəzi insanlar ac qalır. Ona görə heç vaxt gödəni ağıldan, ürəkdən üstün tutmaq olmaz. Adam gərək haqqı nahaqqa verməyə. Bir şey də söyləyim ki, verən əli Allah kəsməz. Sol əl ilə pul verirsən, sağ əlinə pul gəlir, sağ əl ilə pul verirsən, sol əlinə pul gəlir. Allah göydən baxıb ölçür- biçir. 

İnsan özü ilə danışarkən vicdanı  qarşısında hesabat verməlidir. Bunu bacarırsa, o xoşbəxt insandır. İkincisi, insan təkəbbürlü olmamalıdır, gərək deyilən sözə ağılla yanaşsın.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.