Özümdən 3 yaş böyük qızımla Qiyaslıya-kəndimizə getmişdik... Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” (Qarabağ bölməsi)

 

Çox qəribə bir hissdir. 6 yaşım olanda zorla, silahla kəndimizdən, evimizdən qovulduq. Yadımdadır, yolboyu nənəm yandırılan kəndimizə ağı deyirdi, ağlayırdı, babam isə əlindəki qalyana tütün basıb elə sümürürdü ki, elə bil ciyərinə hava çatmır... İllər sonra anladım ki, hər ikisinin ciyəri həsrətdən, nisgildən yanırmış... 

Hər gecə kəndlə bağlı mənə əhvalat danışmasalar, yatmazdım. Yazıq kişi ilə arvad düz 13 il kəndimizi küçə-küçə, ev-ev nağıla çevirib mənə danışdılar... 

İndi Ağdam yenidən qurulur. Məscidi keçid Ağdərə yoluna düzələndə qızım Qiyaslı sözünü hamıdan tez oxudu.

-Ata, Qiyaslıya 5 km qalıb!!! Çox həyəcanlıyam ey. 

Bu səs məni yenə 31 il əvvəl apardı, maşında yox, xəyallar qoynunda yol getməyə başladım... Tez-tez qızımın və yoldaşımın: “Allah erməninin evini yıxsın, gör, evləri nə günə qoyub?” -sözləri məni diksindirir. Düşünürəm, doğrudan, ağzıdualı anların qarğışı, babaların ahı yıxdı ermənilərin evini... Budur, Qiyaslı məscidinə çatmışıq, təmir gedir, içəri buraxmırlar, Xanım isə tələsir:

-Ata, evimiz hansı tərəfdədir?

Evimizin xarabalıqlarına gedən küçənin başında saxlayıb, evimizi nişan edirəm. Qızım maşından düşüb əlimdən tutub evə sarı tələsir. Qəribədir, 9 yaşında qız 6 yaşlı atasını evlərinə aparır, əlindən də tutub ki, yıxılar birdən... Tez-tez üzümə baxır:

-Ata, evimiz düz sən deyən yerdədir ey, kəndimizi yaxşı yadında saxlamısan. 

Küçənin başında, düz doqqazımızın ağzında babam, nənəm və anam görünür, bizə əl eləyirlər, hamısı gülümsəyir. Gözlərim dolur və dayanıram...

-Siz bizdən tez gəldiniz evimizə? 

-Ata, kimlə danışırsan, tez gəl, nə olub sənə? Elə bil qocalmısan... 

Qızımın əlindən tutub uşaqlıqda olduğu kimi, ata- bala evimizə sarı qaçırıq…

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.