Rusiyada yaşayıb yaradan həmyerlimiz, şair Eldar Əhədov növbəti yaşına qədəm qoydu. “Ədəbiyyat və incəsənət” portalı oxucularına şairin şeirlərindən bir çələng təqdim etməkdədir. Bu gün sizlər “Xarıbülbül” poeması ilə, eləcə də bir neçə şeirlə tanış olacaqsınız. Tərcümə Elviz Əliyevindir.
Eldar Əhədov Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Yazıçılar Birliyinin, Cənubi Rusiya Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun və Rusiya Coğrafiya Cəmiyyətinin üzvüdür. Azərbaycan, ingilis, ispan, italyan, çin, rus və serb dillərində 80 şeir və nəsr kitabının müəllifidir. Rusiya, İtaliya, Almaniya, İspaniya, Venesuela, Serbiya, Monteneqro və digər ölkələrin ədəbi mükafatları laureatıdır.
“Eldar Əhədov rus dilində yazan görkəmli Azərbaycan şairidir. Çoxşaxəli şəxsiyyət, eyni zamanda dağ-mədən mühəndisi, şaxtaçı, Arktika fəzalarını, yerin içini və insan şüurunun dərinliklərini araşdıran tədqiqatçı, dilçi alimdir və bir tənqidçi, bir müəllimdir. O, ətrafımızda və içimizdə olan fiziki kainatı tərənnüm edir və eyni zamanda varlığımızın bizə verdiyi sirli metafizik suallarla məşğul olur... Onun ruhu ehtiraslı intellektual axtarışı empatiya və alicənablıqla birləşdirir. Onun şeirləri oxunur, iztirab və sevinclə nəfəs alır, amma hər şeydən əvvəl ümid saçır”.
Richard Berenqarten, Kembric, Böyük Britaniya
XARIBÜLBÜL
Azərbaycan dastanı
Orda al günəşə salaraq pərdə
Əlçim buludlardan naxış cızılmış,
Yenisey suları baş alan yerdə
Kitabələr yatır türkcə yazılmış.
Bəlkə bu yerlərdə oğuz elini
İlk ozan- şüarlar sözlə oxşayıb,
Mizrabla döyərək qopuz telini,
Sibir küləyilə mahnılar yayıb.
Dənizdən- dənizə geniş diyarda,
Türkün Xaqanlığı yenilməz idi,
O sonsuz çöllərdə, o səhralarda
Oğuz köhlənləri sədd bilməz idi.
Aşin ilə Sibir-Xanın halisi,
Mənə Turan şəhərindən tanışdı,
Onlar olub bu yerlərin valisi,
Pıçıldayan otlar mənə danışdı...
Qədim Tenqridən bir cüt məğrur dağ,
İlahi simalı Altay və Sayan,
Uzaqdan-uzağa bir doğma sayaq,
Səni seyr edirlər, Can Azərbaycan!...
Soraq ver, gəl söylə, ey Dədə-Qorqud,
Sizin hər sözünüz müdrik kəlmədi,
Nəsildən-nəsilə keçdi hər öyüd,
Nə zaman, nə tarix silə bilmədi.
Ey sülh ilə xeyir carçısı söylə,
Necə əsrlərdən bu ziya çatdı?
Müdrik Cavanşirin etdiyi səylə
Daşqurançı salnamələr yaratdı.
Vardı səkkizinci yüzildən qalan
Ziyarətdən Arazacan məmləkət,
Orda torpağı da müqəddəs olan,
Cəbrayıl-Ataya var idi hörmət.
Babək al bayrağı qaldırıb başa,
Sərkərdəlik etdi bu məğrur elə,
Xalq onun ardınca girdi savaşa,
Azəri dilində şərqilər ilə.
Zaman, tarix keçdi başqa dövrana,
Səlcid, Sələridlər oldular hakim,
Bərdəyə, Gəncəyə, Təbriz, Zəncana
Sonra Rəvvadidlər sülalə təki.
Onlar da görürdü hər şeyi, qərəz,
Ölkə sənə vətən olarsa əgər,
Xalqı qarət etmək xeyir gətirməz,
Diqqət ilə qayğı uğur gətirər.
Yaxşı xatırlayır Bağdad şəhəri,
Oğuzun dilini şirin kəlmədən,
Toğrul bəy etdiyi yürüşdən bəri,
Şərqə yayılırdı sərhəd bilmədən.
Quran surəsi tək səslənir dəniz,
Dənizlə həmahəng gilavar idi,
Vaxtilə qul olmuş məğrur Eldəniz
Arrana ən yaxşı hökmdar idi.
O da cəm eylədi bu torpaqları,
Bir ölkə yaratdı, birgə getdilər,
Və haqlı olaraq bu gen diyarı
Məğrur "El" sözüylə təmsil etdilər.
O vaxtlar öz ölməz əsərləriylə
O şair, o müdrik, dahi Nizami
Gəncədən dünyaya edib hədiyyə,
Tarixə yazdırdı məşhur "Xəmsə"ni.
Xaqani yaradıb qəsidə cəmi,
İnsan qəlblərini fəth edən zaman,
Xarüqələr yapdı memar Əcəmi,
Onunla fəxr etdi şanlı Naxçıvan.
Fırlanırdı dövran, keçirdi zaman,
İbrahim Dərbəndi hökmü, qərarı,
Ötən əsrlərin qovğalarından
Xilas eyləmişdi Şirvanlıları.
Oxu şair, oxu, səslənsin rübab,
Heç bir edam kəsə bilməz səsini,
Səndə "sığzr iki cahan" bu xitab,
Səninləyik İmadəddin Nəsimi!...
Xatirələr əgər olsa imdadım,
Yazardım adına bir böyük dastan,
Qara Yuluk Osman olmuş əcdadım,
Onun müttəfiqi idi Temirlan.
Sonra hakim oldu onun nəvəsi,
Zirvədən yayılan bir şölə sayaq,
Uzun Həsən idi "El" sərkədəsi,
Birləşdi torpağa minlərlə torpaq.
Elə bil gün çıxdı, yox idi tayı,
Yaydı məmləkətə bülbül səsini,
Məşhur oldu Şah İsmayıl Xətai,
Həm padişah kimi, həm şair kimi.
Göylərin, yerlərin şahənşahları,
Şah Təhmasib idi, Şah Abbas idi,
Dahi Fuzulinin hicran "ahları"
Şirvana, Şiraza bir miras idi.
Xalqımız qorudu bu inci, varı,
Obadan- obaya gəzdi hər yanı,
O, Sarı Aşığın bayatıları,
Bir də "Koroğlu" tək ölməz dastanı.
Parladı Nadirin şahlıq çırağı,
Hər yürüşü aparırdı zəfərə,
Əfsanələr oldu onun sorağı,
Yayıldı gör neçə yüzilliklərə.
Pənah Əli Xanın Qarabağ ilə
Taleyi də birdi, qəlbi də birdi,
O gözəl Şuşaya kim etsə həmlə
İgidliklə döyüşlərə girirdi.
Molla Pənah Vaqif kimi şəxsiyyət
Həm şair olmuşdu, həm də ki vəzir,
Hamı o dahidən alırdı ibrət,
Adına dillərdə dastanlar gəzir.
Xatirimizdədir o şanlı xanlar,
Çələbi, Cavad Xan, bir də Fətəli,
Onlardı çəkərək gözəl planlar,
Oldular tarixin parlaq məşəli.
Xatirimizdədir o dövr, o zaman,
Bizim yaddaşlardan silinməz bir an,
İbrahim Xəlil Xan- mötəbər insan,
Nə də uyuduğu müqəddəs məkan.
Natəvan, Axundov və Bakıxanov,
Dillər xəzinəsi Mirzə Cəfərin,
Ürəklərdən gələn o atəş, alov,
Ulduzdan ucaydı, dəryadan dərin.
Bayrağı yellənir Azərbaycanın,
Xışıldayır sanki qulaqlarımda,
Səslənir çıxışı Əlimərdanın,
Gah da Rəsulzadə dodaqlarında.
Bizə xatırladır hər nurlu sabah,
Yaddaşlarda qalıb tarixdən bəri,
Hacı Zeynalabdın- böyük xeyirxah,
Həm Mikayıl Müşviq, həm Pişəvəri...
Mehmandarov ilə Həzi Aslanov,
Həm Rostropoviç, həm Əhməd Cavad,
Hacıbəyov, Xoyski, Nərimanov
Yazıblar tarixə şərəfli bir ad!
Bu sırada Qarayev və Salmanov,
Rza və Orucov, həm Lütvizadə,
Aqarunov ilə Zakir Həsənov
Tanındı dünyada, həm də ölkədə.
Behbudovla Bülbül bir də Niyazi,
Maqomayev ilə Bədəlbəylilər,
Ürəkləri fəth edirdi musiqi,
Tanrıya da xoşdu insanlar qədər.
Vaqifin mükəmməl cazının səsi,
Ya Fikrət Əmirov səslənsə daha,
Valeh edir onu dinləyən kəsi,
Çevirir onları pərəstişgaha.
İnsanlar içində çıxarıblar ad,
Bunu yalnız bilir düşünən dərin,
Topçubaşov ilə Mahmudov Rəşad,
Əlləri qızıldı bu həkimlərin!
Səttarla Tahirin rəsm əsərləri,
Toğrulun da narı, od kimi yanan,
Gəzdi onillərlə çox ölkələri,
Xəbərlər yayırdı Odlar Yurdundan.
Vahidin, Vurğunun qoyduğu sənət
Əbədi dünyaya bir şölə saçır.
Deyirlər Bəxtiyar, Mədinə, Fikrət
Canlı poeziya sirləri açır...
Təbrizdən yazanda saçırdı alov,
Yanıqlı yazırdı şair Süleyman.
Müdrik idi Maqsud İbrahimbəyov,
Bir də ki, sevimli qardaşı Rustam...
Mənsur və Anar öz silsiləsiylə
Ədəbi aləmdə saldı dərin iz,
Yazıçı dühası haşiyəsiylə
Xalqı heyran etdi Natiqlə Çingiz.
Hamıdan yazmağa çatarmı imkan?
Var neçə qəhrəman, var neçə şair,
Onlara bir zərif qayğıyla inan
Xarı-bülbül yazda mahnılar deyir.
Gərək biz öyrənək bu həqiqəti,
Hansı rəhbərlərdı vətənpərvərlər,
Yaddan çıxarmayaq həyatda qəti,
Biri Əbülfəzdi, biri Mir Çəfər.
İttifaq dağıldı, yerində o an
Savaş alovlanır, alırdı vüsət,
Xalqı xilas etməyə Mockvadan
Ulu Heydər döndü gəldi nəhayət.
Xalqa başçı oldu doğma Əliyev,
Ardınca sevinclə hamı yürüşdü,
Onu alqışladı hər oba, hər ev,
İşləri yenə də nizama düşdü.
Verdiyi vədinin ardınca getdi,
Döyüşdü qələbə çalana qədər,
Ata tövsiyyəsi yerinə yetdi,
Şuşanı qaytardı İlham-Müzəvfər!
Onunla yanaşı həyat yoldaşı,
Həm gözəlliyi var, həm də kamalı,
Ona köməkçidir, həm də sirdaşı,
Tale bəxş eyləyib belə amalı.
Hələki dağlarda Azərbaycanın
Gül açır, ecazkar rənglərlə dolğun,
Sonu olmayacaq bil bu dastanın,
Çünki Vətənimiz haqdadır, oğlum!
***
Bu payız müharibə
dağlardan daşı tökdü,
Әks-səda kimi batdı,
sonra sakitlik çökdü.
Mənim yeganə dostum
o torpağa qovuşdu,
Nurlu gələcək üçün,
Azadlıqçün vuruşdu.
Әnginliyə səs salır,
ürəyim gəlir cuşa,
Sən azadsan Ağdamım,
sən də azadsan, Şuşa!
Külək də şadlıq edir
üstündə dağın, daşın,
Ucaldı şəhidliyə
burda döğma qardaşım!
Qubadlı, Cəbrayıla,
Kəlbəcərə, Laçına,
Zəngilan, Fizuliyə
mən azadlıq gətirdim,
Bu torpaqlar uğrunda
övladımı itirdim.
Әn əziz insanlarım
şəhidlik zirvəsinə
mənə müqəddəs olan
bu torpaqda ucaldı...
Hardasa dostum qaldı...
Hardasa qardaş qaldı...
Hardasa balam qaldı...
İŞIĞIN KÖLGƏSİ YOXDUR
İşığın kölgəsi yoxdur.
Kölgənin kütləsi yoxdur.
Kütlənin işığı yoxdur.
İşığın yoxluğu qaranlıqdır.
İşığın əks olunması - kütlədən kölgə.
Məkan olmadan vaxt da yoxdur.
Zaman olmasa, işıq da olmaz.
Və işığın kölgəsi yoxdur.
KAĞIZDAN ATA
Rəfdə nə papaq var, nə də ki, əlcək,
Çoxdandı yanmayır buxarı ocaq.
"Ay ana, bəs atam nə vaxt gələcək?"
Soruşur anadan bu körpə uşaq.
Bayırda payızın nəfəsi gəlir,
Gecələr şaxtalar andırır qışı,
Nə desin?...Ananın qəlbi kövrəlir,
Boğur qəhər ilə onu göz yaşı...
Sükutu uşağın təkidi pozur:
"Gəl mənə kağızdan ata düzəldək,
(Ananın halını o, özü yozur)
Amma bunu heç kim bilməsin gərək.
Hər yerdə özümlə gəzdirəcəyəm,
Onu gəzdirmək də çünki asandır.
Nə olsun, kağızdan olanda, bəyəm?
O ki, həm cəsurdur, həm pəhləvandır."
ANLARSAN
Bir gün anlayarsan, həqiqətən də
Haqqı, ədaləti çox olar danan.
Kövrək bir könül var güclü bədəndə,
Incidərlər, sındırarlar nagahan.
Keçmişlə gələcək arasında sən
Boşluqlar görsən də, tanrı pənahdı.
Çalış ki, uzaq ol qəmdən, qüssədən,
Boş şeyin dərdini çəkmə, günahdı.
Dünyanın sehrini duy, sevinc ilə,
Aləm bizimlədir, bizimlə inan.
Keçək gülə-gülə, verib əl-ələ,
Zamanın bu eniş, yoxuşlarından...
HƏKİM ÇAĞIRMAQ
Həkim çağırmaq olar,
Təcili yardım gələr.
Qulluqçu çağırarsan,
Köməyin ola bilər.
Duyelə çağırarsan
Qəzəblənib kimsəni...
Taksi çağırsan əgər,
Gəlib aparar səni.
Yağış da çağırarsan,
Təbiətə can verər,
Polis də çağırarsan,
Qoymaz çəkəsən zərər.
Istədiklərin olar,
Çağırmağına baxır,
Gülüş, qəzəb, ya qorxu,
Nə istəyirsən çağır.
Nə desən çağırarsan,
Sən belə vərdiş ilə,
Bir Tanrı, bir məhəbbət,
Gəlməz sifariş ilə!
GƏNCLİK VƏ QOCALIQ
Çılğın gəncliyimi salıram yada.
Göy səma altında, bu gen dünyada,
Necə də qayğısız bir cavan idim,
Aləmə, dünyaya mən heyran idim.
Həzin bir ahəngi vardı zamanın,
Qədrini bilməzdim onda hər anın.
Qorxmadan heç nədən, sanki, nə dərdim?
Göz yaşı tökmədən köçüb gedərdim...
Indi əldən salıb qocalıq məni,
Düşünüb, anıram olub, kecəni.
Həyatın mənası nə dərin imiş,
O, keçən illərim nə şirin imiş.
Hər baxış, hər bir an mənə təsəlli,
Tuturam həyatdan indi cüt əlli.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)