“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Asiman Əliyev
Asiman Əliyev Vaqif oğlu 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində anadan olub. 1993-2001-ci illərdə Düylün kənd tam orta məktəbində, 2001-2004-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.
Asiman Əliyev 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) "Zabit" ixtisası üzrə təhsil alıb.
Azərbaycan Ordusunun mayoru Asiman Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asiman Əliyev noyabrın 7-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asiman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Salam, zəfər qalası,
Vətən şəhid, can şəhid.
Özün asimandasan,
Adın Asiman, şəhid!
Səni yuxuda gördüm,
Səmalarda dolaşdıq.
Yuxuda tanış olduq,
Yuxuda doğmalaşdıq.
Yaşımız da eynidir,
Arada az zaman var,
Mənim də üç balam var,
Sənin də üç balan var.
Bircə fərqimiz budur:
Sən şəhidlik yolunda,
Müqəddəslik yolunda...
Mən həsrətin donunda,
Sən Tanrının yanında.
Bir də ki, sən ucaldın,
Günəşəcən, ayacan.
İgidliyin deyilir
Bakıdan Şuşayacan.
Sağ ol, qələbəmizin
Şuşa-qala şəhidi,
Sən vətən şəhidisən,
Anan bala şəhidi.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)