“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Aqşin Ənvərli
Aqşin Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Subay idi.
Aqşin Ənvərli 2018-ci ildə tibbi xidmət leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.
Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb. Qəbələ rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ənvərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ənvərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Bir igid tanıyıram,
Arzusu, kamı boyda.
Bir igid tanıyıram,
Özü vətən boydadır,
Məzarı hamı boyda.
Bir igid tanıyıram,
Ölməzlik qalasıdır.
Məqsədindən, yolundan
Dönməzlik qalasıdır.
Tanıyıram, o igid,
Dava leytenantıdı.
Yaralı əsgərlərin,
Müharibə həkimi,
Şəfa leytenantıdı.
Bir çiynində çantası,
Bir çiynində silahı,
Savaşda şəfa verən,
Müharibə allahı.
Səninlə fəxr edirik,
Ey müqəddəs ruh təbib.
Dağlardan uca təbib,
Çaylardan duru təbib.
Bizimləsən, dəyişmir
Şəhid dünyanı, Aqşin.
Dayan, dayan, qoy baxım...
Barmağın hanı, Aqşin?
Səndən öncə barmağın
Qarışıbdı vətənə.
Neçə güllə sığırmış,
Görəsən, bir bədənə?
Görəsən, kim böyükdü,
Zəfər axşamı boyda?
Özün vətən boydasan,
Məzarın hamı boyda.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)