Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Yaxın zamanlarda yaşadığım hadisə bir daha sübut etdi ki, insana ən ağır zərbəni elə özü vurur.
Bəlkə də, həyat özümüzü özümüzdən qorumaq üçün bizə müəyyən vaxt çərçivəsində verilən bir meydandır.
Özümüz özümüzdən qorxmalıyıqmı?
Bir az dodaqları qaçıran sualdı, deyilmi!?
Amma ciddiliyinə varanda, əlbəttə, qorxmalıyıq. Ömrümüz boyu "gah dağın zirvəsində oluruq, gah dərədə.." Məgər dağı çıxan və o dağdan guppultu ilə yıxılan özümüz deyilik? Bir az nağılvari üslubu daha da sadələşdirək. "Dağın zirvəsi" dedikdə beynimizdən səmərəli istifadə edib nailiyyətlər əldə etməyimiz əsas götürülür. Zirvədən eniş isə səhv addımlarımız- nəfsin qulu olmaq, ətrafdakıları düzgün seçməmək, dost adı ilə tanıdığımız "fəlakətə ömrümüzü qonaq etmək" nəzərdə tutulur. Təkrar-təkrar eyni səhvləri etmək faciənin ikinci adıdır.
Axmaqlar eyni şeyləri edib fərqli nəticə əldə etməyi gözləyənlərdir. (A. Eynşteyn)
Razıyam, bəzən axmaq obrazı da oynayırıq bu həyat kitabımızda...
Bu rolu oynamağı da yenə özümüz seçirik.
Söylədiyim kimi bu yaxınlarda maraqlı və məni dərindən düşündürən bir hadisə ilə qarşılaşdım.
İş təklifi ilə bağlı görüşüm vardı. Məlum oldu ki, savadlı, həm də yazar bir xanımla da görüşülüb ikimizdən biri seçiləcək. Təbii ki, seçim etmək hər kəsin hüququdur və layiq olan seçilməlidir. Anladım ki, bir çox namizədlərdən iki nəfər iddialı olduğu üçün son mərhələyə qalıb.
İşin əsas maraqlı tərəfi bu idi ki, seçim turları müxtəlif yerlərdə və ayrı- ayrı şəxslər tərəfindən keçirilmişdi.
Sözün açığı, söyləyim ki, imtahanlarda, müsabiqələrdə hər zaman az da olsa, həyəcanım olur və düşünürəm ki, olmalıdı da. Bu, məsuliyyətli olmağın göstəricisidir. O rəqib haqqında düşündüm və yazar olmağı daha çox marağıma səbəb oldu.
Dayana bilməyib o yazar xanımın adını soruşdum. Onun ismini eşidəndə " dəli gülmək" yaxamı buraxmadı.
Qarşımdakı xanım, əlbəttə, ciddixarakterli birinin ani "dəli" gülüşünə təəccüblənəcəkdi.
Bax yenə günahkar özüm idim.
Çünki müsahibələrin birinə yaradıcı adımla, birinə isə rəsmi sənəddəki adımla qatılmışdım.
Bəli, nəticədə hər ikisi mən idim.
O zaman anladım ki, elə özümüz özümüzə həm dostuq, həm rəqibik, həm düşmənik. Amma bu dəfə özümlə bir az öyündüm, çünki yaxşı mənada özümdən- rəqibimdən qorxmuşdum.
Hələ o rəqibimə təşəkkür borcluyam bu yazı üçün.
“Ədəbiyyat və incəsənət”
(02.07.2024)