Könül, “Ədəbiyyat və incəsənət”
Sabah - 15 iyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü tanınmış şair, publisist Yusif Nəğməkar üçün ikiqat bayramdır. Axı onun doğum günü də xalqının hərc-mərclikdən, separatizmdən, müstəqilliyinə təhlükədən qurtulduğu günə təsadüf edir.
Artıq şair təbrik mesajları və mükafatlar almaqdadır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Yusif Nəğməkara məktub ünvanlayıb. Məktubda yazılır:
“Hörmətli Yusif müəllim,
Sizi doğum gününüz və yaradıcılıq uğurlarınızla bağlı təbrik edir, möhkəm cansağlığı, yeni başarılar diləyirəm!
Siz özünəxas mədəniyyət-sənət, ruhaniyyat iqlimi olan qədim Beyləqan torpağında, Birinci Aşıqlı elində və əlamətdar bir gündə doğulmusunuz. – Sizdən öncələr Azərbaycanda və Türk dünyasında bir sıra görkəmli sənətkarların doğum və anım günü kimi mədəniyyət təqvimə düşən 15 iyun, artıq 27 ildir Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü olaraq Azərbaycanda rəsmi dövlət bayramı günüdür. Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” 3 il öncə – məhz 15 iyunda imzalanıb. Siz bu əlamətdar günün mənəvi haqqını ödəməyə çalışan, öz yaradıcılığı ilə vətənə, xalqa, Türk dünyasına xidmət edən şairlərdənsiniz. Təsadüfi deyil ki, sizin şeirlərinizə Azərbaycan bəstəkarları ilə yanaşı Türkiyə bəstəkarları da müraciət edir. “Mehtər” marşı üstə ifa edilən “Azərbaycan, Türk bayrağı” şeiriniz qardaş ölkə xorunun ifasında rəğbətlə qarşılanıb.
“Qazax" Xeyriyyə İctimai Birliyində isə birliyin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədovun təşəbbüsü, görkəmli tədqiqatçı-araşdırmamı, canlı tarix Şəmistan Nəzirlinin və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin iştirakı ilə şairlə görüş keçirilib.
Doğum günü ərəfəsində yaradıcılığından söhbət açılıb, onu təbrik edib mükafatlandırıblar.
Xatırladaq ki, “Qazax” Xeyriyyə İcyimai Birliyinin üzvü, Azərbaycan Jurnalistlər (1989) və Azərbaycan Yazıçılar (1995) birliklərinin üzvü, şair-publisist Mədətov Yusif Məhiş oğlu (Yusif Nəğməkar)
15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini Birinci Aşıqlı kənd və Beyləqan şəhər 1 saylı məktəbində (1961-1971) alıb. Bir müddət rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərib, şeirləri, oçerk və məqalələri, ədəbi-tənqidi yazıları ilə özünü oxucu kütləsinə tanıdıb.
1973-1977-ci illərdə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filoloğiya fskültəsini Ana dili və ədəbiyyat ixtisası üzrə bitirib. Təyinatla Beyləqan rayonunda bir neçə il müəllimlik etdikdən sonra Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb (1983-2006).
Novator sənətkar, Azərbaycanın Xalq şairi Rəsul Rza gənc Yusif Nəğməkarın yaradıcılığını dəyərləndirərək "Təsadüf" adlı məqaləsi ilə "Uğurlu yol" yazaraq ilk dəfə onu ədəbiyyata təqdim edib ("Ədəbiyyat və incəsənət" qəzeti, 30 aprel 1977-ci il).
Sonralar görkəmli Xalq şairi Bəxtiyar Vahabzadə "Mənim çox sevdiyim şair Yusif Nəğməkar" adlı məqalə yazıb və eyni zamanda Yusif Nəğməkara "Dünən, bu gün və sabah" adlı şeir həsr edib.
Yusif Nəğməkar 2015-ci ildə Tarixi Çanaqqala zəfərinin yüz illiyi ərəfəsində yazdığı "Çanaqqala - Türkə qala" poeması ilə müsabiqə qalibi olub və həmin vaxt "Azərbaycan bayrağı" media mükafatı və bir qurumun təsis etdiyi "İlin şairi" adını alıb.
"Qılınc və qələm", Rəsul Rza və Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbi mükafatlar laureatı Yusif Nəğməkarın indiyədək 20-dən artıq kitabı nəşr olunub.
O, hazırda Azərbaycan Sənaye Korporasiyasında Mətbuat katibi vəzifəsində çalışır.
Ailəlidir. Üç övlad atasıdır.
Yusif Nəğməkarın şeirlərinə Azərbaycan və Türk bəstəkarları vaxtaşırı müraciət edərək bir çox mahnılar-şərqilər bəstələmişlər.
O, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür.
Biz də öz adımızdan şairi təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(14.06.2024)