Zahirə Cabir yazır
“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır.
Xəstəxanada ona tək otaq ayırmışdılar, mane olan kimsə yox idi. Amma gecədən xeyli keçməsinə baxmayaraq gözünə yuxu getmirdi. Məhəmməd Əmin keçən günlərini xatırlayır, 35 il öncə gördüyü övladlarını gözü qarşısında canlandırırdı. Almaniyada ona deyilən sözləri xatırladı: “Oğlun Rəsul güllələnib, ailən Qazaxıstana sürgün edilib, hamısı orada acından, soyuqdan ölüblər.” Bu acı xəbər onun bütün həyatını məhv etmişdi. Yalnız Azərbaycanın istiqlalını yenidən görmək üçün həyatda yaşamış, mücadilə aparmışdı. Sonra silahdaşlarını düşündü. Səhər dostları ilə görüşəcəkdi. Onların qarşısına xəstəxana paltarında çıxmamaq üçün həyat yoldaşından evdən paltarlarının gətirilməsini xahiş etmişdi.
Səhər açıldı. O əynini dəyişib Leyla xanımın gətirdiyi köynək-şalvarını geydi. Paltarların içində üzürdü. Nə qədər arıqladığını, sınıxdığını indi bildi. Səksən kilodan əlli birə düşmüş, alyanaq sifəti kiçilmiş, iri gözləri tutqunlaşıb balacalaşmış, saçları seyrəlmişdi. Mühacirətin ağır sınaqları, şəkər xəstəliyi, yaşlılıq onu tamam əldən salmışdı.
Səhər yeməyini zorla yedi: “Qəribədir, sanki hiss edirəm ki, bu son yeməyimdir. Niyə mən belə oldum?” – qəfildən sancan ürəyini əli ilə sıxıb saxladı.
Həkimdən soruşmazdan qabaq özü bu sualın cavabını tapmaq istədi. Heyhat!
Qayğıkeş, xoş sifətli həkim öncə hal-əhval tutub durumunu soruşdu:
– Bu gün necəsən? Buraya gələndən bəri yaxşılaşma görürsənmü?
– Əlbəttə, yaxşılaşma var. Amma özümü necə hiss etdiyimi deyə bilməyəcəyəm. Fikrim-zikrim bu gün görüşəcəyim dostlarımın yanındadır.
– Onda sizi yüngülcə müayinə ilə kifayətlənərəm.
Həkim onun nəbzini tutdu, təzyiqini ölçdü, ürəyinə, ciyərinə qulaq asdı, əli ilə qara ciyərini, öd kisəsini, dalağını yoxladı. Bir anlığa bədəni titrəyən Məhəmmədin elə bil bütün əzaları gizildədi, süstləşdi. Nəfəsi ağırlaşdı. Həkim baxışlarını ondan gizlədib dedi:
- Yəqin ki, dostlarını görmək üçün ümidsizləşirsən. Elə isə onlarla görüş, sakitləş, ürəyin rahatlansın.
Az keçmədi ki, otağa həyat yoldaşı Leyla xanım, əmisi oğlu Məhəmmədəli, Əbdülvahab Yurdsevər, Kərim Odər, İbrahim Badal, Sultan Hacıoğlu, Behman Turan və digərləri daxil oldu. Məhəmməd çətinliklə qoynundan bayrağı çıxardı və dostlarına uzadıb dedi:
- Xahiş edirəm bu bayrağı otaqdakı pərdənin üstündən ücadan asın. Son kərə onu görmək istəyirəm.
Silahdaşı Məhəmməd Kəngərli bayrağı Məhəmməd Əmindən aldı, dostları ilə köməkləşib onun arzusu ilə bayrağı otaqdakı pərdənin üstündən sancaqla bərkitdi. Məhəmməd Əmin uğrunda canını, varını, övladlarını - hər şeyini qurban verdiyi bayrağa baxıb dərindən ah çəkdi. Müvazinətini toplayıb son dəfə ayağa qalxmaq istədi, bacarmadı, çarpayıya çökərək üç dəfə «Azərbaycan, Azərbaycan, Azərbaycan» söylədi və gözlərini əbədi yumdu.
Həyat yoldaşı onu nə qədər səsləsə də o artıq həyatla vidalaşmışdı. Ölüm mələyi onu az öncə xatırladığı doğmaları ilə görüşdürəcəkdi. Dostları Məhəmməd Əminin üzündə ay işığına oxşayan qəribə, hədsiz parlaq nur gördülər.