Beş qarpız - ESSE Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

İndi iki il əvvəlki halım ilə indiki halım arasında olan o böyük fərqi müəyyən etməyə çalışıram. Əslində, bəzi istisnaları hesaba qatmasaq, dəyişən elə də çox şey yoxdur. 

 

Məsələn, cəsarətdən hələ də mükəmməl səviyyədə nəsibimi ala bilməmişəm və yaxud hələ də başqalarının fikirləri ilə özümü yönəltməkdən əl çəkə bilməmişəm. Hətta ən pisi də budur ki, mən hələ də "bəli" və "xeyr" cavablarını doğru yerdə, məqamda işlətməyi bacara bilmirəm. Bəzi "xeyr" cavablarının, əslində, "bəli" olması bir-birinin ardınca tükənməz sayda "bəli", " bəli", "bəli",... doğurur. Və hər şeyi itirdikdən sonra " yox" deyə bir küncə çəkilib özünlə mübarizədə məğlub olursan. Asandan çətini çıxarıb, çətini çətinlə toplayıb yoluna davam edirsən. 

Bir müddət sonra içində olduğun vəziyyətin səni, həqiqətən də, yorduğunu, incitdiyini qəbul etməli olursan. Həyatım boyunca bu bəlli bir periodla davam edib və bəllidir ki, edəcək. Anamın dost-tanış içərisində yerə-göyə sığdıra bilmədiyi gözü-könlü tox övladı indi göydən buludları dərmək üçün can atır. Və indi isə anası tərəfindən bir əlində beş qarpız tutmaq kəliməsi ilə təqsirləndirilir.Bəs o zaman məchul olan nə idi? Məchul olan bu idi ki, əl tutmadığı bir qarpızın hesabını bütün ömrü boyunca beş qarpızı daşımaqla ödəyir. Nəticə isə ürəyə gedən bütün damarların kütləşməsidir. Səbəb isə olmalı olanların gərəkdiyi zamanda və gərəkdiyi yerdə olmamasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.