“Hitlerlə görüş”- Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər Featured

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

 

Hitlerlə görüş

 

1943-cü il. Berlin. Hitlerin iqamətgahı. Azərbaycan Demokratik Respublikasının lideri olmuş Məmməd Əmin Rəsulzadə haqqında toplanmış materialllar qovluqda masanın üstündədir. Hitler qovluğu açıb içindəkilərə nəzər yetirməyə, sonra oxumağa başladı. Orada bu sözlər yazılmışdı: ”Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü ildə Bakı yaxınlığında Novxanı kəndində anadan olmuşdur. Uşaq vaxtı dini təhsil almış, yeniyetmə vaxtlarında Bakıda “Rus-müsəlman” məktəbində oxumuş, sonra təhsilini Bakı texniki məktəbində, özü də rus dilində davam etdirmişdir. 1902-ci ildə 18 yaşında ikən artıq “Müsəlman Gənclik Təşkilatı” nı yaratmışdır.  Bu təşkilat XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı mübarizə aparan ilk siyasi təşkilat idi. Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk şeiri “Şərqi-Rus” qəzetində çap olunmuşdur. Məmməd Əmin Rəsulzadənin redaktorluğu ilə 1932-1934-cü illərdə “İstiqlal” qəzeti, 1934-1938-ci illərdə isə “Qurtuluş” jurnalı çap olunmuşdur. 1933-cü ildə onun Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı tək Almaniyada deyil, bütün Avropada böyük marağa səbəb olmuşdur.” 

Hitler sonuncu cümləni bitirəndən sonra ayağa qalxıb, öz-özünə dilləndi:

- Deməli, türklərin arasında çox güclü adamlar var, çox güclü. Belə çıxır ki, Mustafa Kamal Atatürk tək deyilmiş. Müsəlman Şərqində ilk dəfə demokratik respublika yaratmaq… Avropalılar belə adamlardan ibrət götürməlidir. Mən onunla mütləq görüşməliyəm. 

Hitlerin məqsədi Məhəmməd Əmin Rəsulzadəni Almaniyaya dəvət eləmək və ona yağlı vədlər verərək onun vasitəsilə Qafqazdakı bütün türk-müsəlmanları öz tərəfinə çəkmək idi. 

 Onların görüşü üç gündən sonra baş tutdu. 

 Hitler Məhəmməd Əmin Rəsulzadəni qəbul edən zaman öncə bir neçə saniyə onu diqqətlə təpədən-dırnağa qədər süzdü, ikrah baxışlarıyla qonağını salamladı və ona əliylə oturmağa yer təklif elədi. Məhəmməd Əmin bəy başıyla təşəkkürünü bildirib əyləşdi və Hitlerin nə deyəcəyini gözlədi. 

Hitler sözə başladı:

- Eşitmişəm ki, almanca səlist danışırsınız. Odur ki, tərcüməçiyə ehtiyac duymadım. İnanıram ki, dediklərimi yaxşı anlayacaqsız. 

Məhəmməd Əmin bəy astaca başını tərpətdi. Hitler:

- Sizin həyat yolunuz, siyasi fəaliyyətiniz məni valeh etdi. Millətini, xalqını və min illərlə əcdadlarının yaşadığı torpağı müvəqqəti də olsa rus imperiyasının cəngindən azad etmək asan bir şey deyil. Açığını deyim, sizinlə görüşməyimə çox şadam. Düşünürəm ki, xalqınızın və sizin mənə və alman xalqına münasibətiniz müsbətdir. Buna görə də söhbətimizin məntiqi nəticəsi hər ikimizin istədiyi kimi bitəcək. 

Məhəmməd Əmin bəy bəşər övladının qanına susamış vəhşiyə baxmadan dilləndi:

- Mənim mənsub olduğum xalq bütün bəşəriyyəti sevir, o cümlədən də almanları. O ki qaldı sizə, bunun cavabını vermək mənim üçün çox çətindir, çünki mən çoxdandı xalqımın arasında deyiləm, siz isə 1933-cü ildən etibarən dünyada tanınmağa başlamısız. O ki qaldı mənə, mən yalnız xalqımın rifahı, xoşbəxtliyi üçün çalışıram və xalqıma, millətimə xeyir gətirən, eyni zamanda xeyir gətirə biləcək insanları sevirəm. Ziyan vuran və ziyan vura biləcək adamlara isə nifrət edirəm. 

Hitler sakitcə soruşdu:

- Sizcə, mən sizin xalqınıza xeyir gətirirəm, yoxsa ziyan verirəm?! 

 Məhəmməd Əmin bəy Hitlerin düz gözünün içinə baxdı:

- Müharibənin kim tərəfindən başlanmasından asılı olmayaraq o bəşəriyyətə ancaq fəlakət gətirir. Düzünü bilmək istəsəz aldığım məlumatlara görə müharibə mənim xalqıma həddindən artıq faciələr gətirib. 

Hitler təəccüblə:

- Sizi başa düşürəm. Amma müharibə alman xalqına da acılar gətirib. Bunu kim inkar edir ki?! Amma irəliyə, gələcəyə baxmaq lazımdır. Mən tək Almaniyanın deyil, bütün dünyanın gələcəyini olduqca parlaq görürəm. Yəhudilərdən, kommunistlərdən, marksisitlərdən, leninçilərdən təmizlənmiş pak bir dünya. 

Məhəmməd Əmin sakit tərzdə ona baxdı:

- Bundan ötrü bəşər övladının üstünə bomba yağdırmaq lazım idimi?! 

Hitler bir qədər səsini qaldırdı:

- Müharibəni udmaq üçün düşmənin gözünü qorxuzmaq lazımdı. Məni düşündürən isə tamam başqa məsələdi. Mən neft haqqında danışmaq istəyirəm, daha doğrusu, torpağı neft yataqları ilə çox zəngin olan Bakı haqqında. Mən inanıram ki, Alman ordusu SSRİ-nin bütün torpaqlarını, o cümlədən də Qafqazı ala biləcək.

Məhəmməd Əmin:

- Hörmətli Fürer. Hamı bilir ki, Almaniyanın dünyanın heç bir dövlətinin malik olmadığı olduqca qüdrətli ordusu var. Lakin yenə təkrar edirəm, yandırmaqla, güllələməklə, viran eləməklə, bombalamaqla qailb gəlmək yüzlərcə xalqı, milləti özündən narazı salmaq, həmin xalqlara düşmən kəsilmək deməkdi. Tarix boyu belə olub ki, sığalla, nəvazişlə, qayğı ilə daha çox zəfər qazanılıb, nəinki yırtıb dağıdmaqla, qan tökməklə. 

Hitler artıq ona ağıl verən qonaqdan bezsə də özünü ələ alıb dilləndi:

- Siz bizim siyasətimiz haqqında səhv fikirdəsiz, cənab Məmməd Əmin Rəsulzadə. Mən bayaq da dedim, biz insanlığa ləkə vuran, genetik kodunda çirk olan, əcdadı min toxumdan əmələ gələn bəşəriyyət düşmənlərini məhv eləyirik. Biz Qafqazı alandan sonra orada yaşayan xalqlara hər cür azadlıq verəcəyik. Siz buna əmin ola bilərsiz. Bizim sizdən, yəni Qafqaz xalqlarından heç bir təmənnamız yoxdur. İstəyimiz yalnız neftdir. Sizin xalq firavan ömür sürəcək. Dövlətiniz 1918-ci ildə olduğu kimi müstəqil olacaq. Siz də onun rəhbəri kimi vəzifənizə qayıdacaqsız. Bunun müqabilində mən Bakı neftinin yalnız və yalnız beş faizini istəyirəm.  

Məhəmməd Əmin bəy ehmallıca ayağa qalxdı. Üzündən Hitlerin sözlərindən möhkəm qəzəbləndiyi hiss olunurdu.

- Hörmətli Fürer! Siz bilən mən axmağammı?!

Hitlerin üzündə süni bir təbəssüm göründü:

- Əlbəttə, yox. 

Məhəmməd Əmin bəy sözünə davam elədi:

- Siz hələ ki işğal etdiyiniz dövlətlərin heç birinə azadlıq verməmisiz. O ki, qaldı neftə, artıq yüz qırx ildir Rusiya Bakının neftini daşıyıb aparır. Azərbaycan bu müddət ərzində öz neftindən demək olar ki, heç bir xeyir görməyib. Azərbaycanın inkişaf eləmiş dünya dövlətləri ilə ayaqlaşması üçün nefti bütünlüklə özünə lazımdır. Siz dövlət büdcəsi milyardlarla ölçülən Almaniyanın xəzinəsini Bakının neftindən gələn gəlirlə xeyli artırmaq istəyirsiz. Mən isə inək kimi sağılan, bunun əvəzinə başına gündə saysız-hesabsız qapazlar vurulan bir xalqın nümayəndəsi kimi danışıram.  İndi özünüz deyin, hansı normal bir adam sizin təklifinizlə razılaşa bilər?! O ki qaldı Azərbaycanın yenidən müstəqil olmasına, mən inanıram ki, inşallah, bir gün Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı vətənimin hər guşəsində dalğalanacaq. Necə ki, demişəm, bir kərə yüksələn bayraq bir daha enməz!

Məhəmməd Əmin bəy sözünü bitirib, Avropanı zağ-zağ əsdirən hökmdarın kabinetini tərk etdi. 

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.