“Ər istəyəni məktəbə, məktəb istəyəni ərə verdikcə cəmiyyət dağılır” - SABİR Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün türk-müsəlman dünyasında satirik şeirin ən görkəmli nümayəndəsi, Mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, milli ədəbiyyatda tənqidi realizmin əsas nümayəndələrindən biri, əsərləri dövlət varidatı elan edilən müsəlman şərqində ilk dəfə heykəli ucaldılan böyük şair Mirzə Ələkbər Sabirin doğum günüdür. 

 

Əsasən satirik şair kimi tanınan, bununla yanaşı həm də ictimai xadim, tərcüməçi və müəllim olan Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların oyanış və dirçəlişinin ən fədakar çarçılarından biri olmuşdur. 

Şairin çoxşaxəli yaradıcılığında satirayla yanaşı qəzəl, lirik şeir, mərsiyə və uşaq şeirləri də geniş yer almışdır. O, həmçinin klassik poeziyada geniş yayılmış fəxriyyə janrını yenidən dirçəltmiş və satirik motivlərlə zənginləşdirmişdir. Onun bu qəbildən olan məşhur "Fəxriyyə" şeiri Azərbaycan poeziyası tarixində bu janrın yeni və ən bənzərsiz nümunəsi hesab olunur. 

Sabir Mollanəsrəddinçi satirik şeir məktəbi ilə yanaşı eyni zamanda, Azərbaycan uşaq şeirinin də ən qüdrətli yaradıcılarından biri sayılır. 

Bu gün sizlər üçün şairin avtobioqrafik məlumatlarını deyildə, dövrünün ziyalılarının onunla bağlı olan maraqlı xatirələrini və onun haqqında söyləmiş olduqları dəyərli fikirləri bir araya topılamaq istədim.  

 

Abdulla Şaiq öz xatirələrində Sabir haqqında "İki dost" başlığı  ilə belə yazırdı: 

 

“Böyük satirik şairimiz Mirzə Ələkbər Sabiri 1905-ci ilə qədər görməmişdim. Adi bir təsadüf onunla görüşüb tanış olmağıma səbəb oldu. 1905-ci ilin yayında Suramdan geri qayıdanda ailəmizlə birlikdə çoxdan görmək arzusunda olduğum Şamaxıya getməli olduq. Bir neçə gün Bakıdakı qonşumuz müəllim Əlicabbar Orucəliyevin evində qaldıq. Bir çox Şamaxılı müəllimlər kimi, o da ailəsini Şamaxıya aparırdı. Mirzə Ələkbər Sabir və Mirzə Abbasqulu Səhhət ilə ilk dəfə orada tanış oldum.

Sabir orta boylu, orta yaşlı arıq bir kişi idi. Qara arxalığı, küləcəsi var idi. Ayağına burnu dik, dabanı yumru başmaq geyinmiş, başına qara dəridən papaq qoymuşdu. Barmaq qalınlığında saqqal buraxmışdı.

Qiyafəcə adi insanlardan seçilməyən bu böyük istedad ilk görüşümüzdəcə, iki-üç saat içində dadlı söhbət və lətifələri ilə məni özünə bağladı. Hafizəsində qalan bir-iki qəzəl və həcv oxudu.

İki gün sonra Sabirlə görüşmək üçün evinə yox, dükanına getdik. O bizi münasib bir beyt ilə qarşıladı. Cahil mühit Sabiri evdə sabun bişirib dükanda satmağa məcbur etmişdi. Çayxana şagirdinə çay sifariş verdi. Bir-iki saat oturub danışdıq. O, Şamaxı ruhanilərini, tacir və köhnəpərəstlərini özünəməxsus bir məzah və yumor ilə tənqid etdi, Şamaxı cahillərinin mühafizəkarlığından ürəyi odlana-odlana şikayətləndi. Sonra isə Əlicabbarın xahişi ilə, mövhumatçı dükan qonşusu olan xəsis alverçiyə yazdığı həcvi oxudu. Dükançını məzah ilə o qədər canlı və təbii təsvir etmişdi ki, həmin alverçi olduğu kimi gözümüzün qarşısında canlandı. Hamı gülməkdən uğundu. Həcvdən xoşlandığımızı görüb, Sabir əlavə olaraq mənfi şəxslərə yazmış olduğu başqa həcvlərindən də bir neçə beyt oxudu. Onun həcvlərini qəzəllərindən daha çox bəyəndim. Bu həcvlərdəki kəskinlik, təbiilik şairin bu sahədə böyük bir istedada malik olduğunu xəbər verirdi. Sabir gözümdə böyümüşdü. Hələlik qəzəl ədəbiyyatından ayrıla bilməyən bu şairin şəxsi həcvlərində ictimai nöqsanları da əhatə edə bilməsi onun böyük satirik şair olacağını bildirirdi.

Söhbətimiz zamanı onun dükanına bir nəfər də olsun alıcı gəlmədi. Bu fikir zehnimizə gəlincə böyük ailə sahibi olan Sabirin maddi vəziyyətinin yəqin ki, çox ağır olduğunu düşünərək biixtiyar:

- Sabir, bizim ayağımız uğursuzdur, - dedim, - bir saatdan bəri söhbət edirik, dükana bir nəfər də müştəri gəlməyib, o halda siz nə alıb-satırsınız?

Sabir gülə-gülə dedi:

- O, sizin ayağınızdan deyil! Bu avam camaatın daxilini təmizləmək əlimdən gəlmir, heç olmasa zahirini təmizləyim deyə, gördüyünüz sabun dükanını açdım. Neyləyim ki, bu zalım uşaqları təmizlikdən də qaçırlar”

(Abdulla Şaiq - “Xatirələrim”)

 

H.İ.Qasımov Sabirlə son görüşünü belə xatırlayırdı: 

 

“İllərlə bir yerdə çalışdığım zavallı Sabirin ümidsiz bir halda Bakıya gəldiyini, "İslamiyyə" mehmanxanasına düşdüyünü eşitdim, möhtərəm şairin ziyarətini özümə borc bilib yanına getdim.

Sabir evdə, kravatın üstündə əyləşib meyvə yeyirdi. Mən onu bu halda görüncə pərişan oldum. Sabir o qədər dəyişmiş, arıqlamış və saralmışdı ki, onu təsvir etmək çətindir. Bir neçə dəqiqə danışmağa qüdrətim olmadı. Gözümün yaşını güclə saxladım ki, Sabir şəkkə düşməsin. O mənə yer göstərdi, əhvalımı soruşdu. Razılıq etdim və dedim:

- Sabir, müsaidənizlə sizə bir təklifim vardır.

- Söylə.

- Sizin şübhəsiz maddi vəziyyətiniz ağırdır. Əgər icazə versəydiniz, nəşr etməkdə olduğum "Məlumat" qəzetində sizin nəfinizə bir ianə siyahısı açardım.

Sabir gülümsündü. Fəqət bu gülüş sevinc gülüşü deyildi. Bu, olduqca dərin və ağır bir gülüş idi. Dərin bir qüssə içində dedi:

- Hacı! Siyahı açmağa qətiyyən müsaidə etmərəm. Onsuz da mən son günlərimi keçirirəm. Yalnız qəzetdə yazarsan: Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım. Fəqət nə çarə, ölüm aman verməyir. Onunla bu görüşüm son görüş oldu. İyulun 12-də Abbas Səhhətdən belə bir teleqram aldım:

- Sabir vəfat etdi.”

(“Ədəbiyyat qəzeti" 16 iyul,1936, №18)

 

Həmidə xanım Məmmədquluzadə Sabir haqqında xatirələrində belə yazırdı: 

 

“1910-cu ildə Mirzə Cəlil Sabirin xəstəliyi xəbərini eşidərək çox qəmgin oldu. O, Sabirə məktub yazıb müalicə üçün bizə, Tiflisə gəlməsini rica etdi.

1911-ci il, yazda Sabir bizə gəldi. Biz onu yaxın bir dost kimi, bir qohum kimi qəbul etdik.

O, boydan çox da hündür deyildi, arıq, solğun, fəqət xoşsifətli bir adam idi. Onun geyimi də çox sadə idi. Altdan uzun arxalıq, üstündən çuxa geymişdi. Başında papaq var idi.

O zaman "Molla Nəsrəddin" jurnalı idarəsi ilə bizim mənzilimiz bir yerdə idi. Biz idarə otağında nahar edərdik. Sabiri burada baş yerdə oturdardıq. Yeməkdən sonra müxtəlif söhbətlər edərdik.

Sabir ümumiyyətlə yavaş-yavaş, səmimi və xoş bir ahənglə danışardı. Biz onun bütün sözlərini diqqətlə dinlərdik. Sabir çox çay sevən idi. Bir dəfə ona çayı gec gətirmişdilər. Sabir məzə ilə buna qarşı: 

"Mirzə, samavarından dərda, həzar dərda, 

Bir istəkanı indi, bir istəkanı fərda" - 

beytini bədahətən söyləmişdi. Sabir bu qədər hazır-cavab adam idi. O, çox gülməli və məzəli danışardı, bəzən öz söhbətlərini müxtəlif şeirlərlə gözəlləşdirərdi. 

Sabir anasını çox sevərdi. Onun ibadət etməsindən, namaz qılmasından, bir neçə dəfə Məşhədə, Kərbəlaya getməsindən və buna görə də avam Şamaxı qadınları içərisində böyük bir hörmət qazanmış olmasından danışardı. O toya, vaya gedəndə hamı ona "Həzrəti Fatimə kimi" hörmət göstərərdi.

Sabir özünün məzəli sözlərilə anasının Kərbəlaya getməsinin səbəblərindən danışanda deyirdi ki: 

-Anamın əvvəllər böyük bir dərdi vardı. Demək olar ki, hər il ramazan ayında bizim arvad bir qız doğardı. Səkkiz qızımız olduğu halda, oğlumuz heç yox idi. Odur ki. anam hər dəfə qız doğulanda qara geyər, yasa batardı. Qonşu arvadları gəlib ona başsağlığı verərdilər ki:

- Neynək, ürəyini sıxma, canın sağ olsun, Allah qoysa gələn səfər oğlan olar...

Buna görə də anam nəzir edib tez-tez Kərbəlaya gedərdi ki, mənim oğlum olsun. Axır ki, inişil (1909-cu ildə) yenə ramazan ayında, bizim bir oğlumuz oldu. Anam sevincindən yerə-göyə sığmadı. Yetim-yesirləri sevindirdi. Çox fikirdən sonra onun adını da Məmmədsəlim qoydu.

Sabirin öz danışdıqlarından görünürdü ki, o da öz oğlunu çox istəyirdi.

Sabir o vaxtkı Şamaxı camaatının nadanlığından şikayət edər, "mənim ciyərimi onlar yara ediblər" deyərdi.

Mirzə Cəlil Sabiri Tiflis şəhərinin bütün məşhur doktorlarına göstərdi, axırda da konsilium çağırdı. Doktorlar Sabirdə ciyər xəstəliyi olduğunu müəyyən etdilər və operasiya olunmasını məsləhət gördülər. Şəxsən mən özüm də bu barədə Sabirə təsir etməyə çalışdım, operasiyanın qorxulu bir şey olmamasını göstərərək, bir neçə adamların beləcə operasiya edilib sağalmasından danışdım. Ancaq yenə o razı olmadı, operasiyadan qorxdu.

Doktorlara:

"Mənim qarnım portmanet deyil ki, istədiyiniz kimi açıb-qapayasınız; bəlkə kəsdiniz, əmələ gəlmədi?" - deyə cavab verdi.

O, doktorlar tərəfindən verilən dərmanları da çox könülsüz içərdi. 

Yoldaşım Mirzə Cəlil və mən bacardığımız qədər onun xəstəliyini yüngülləşdirməyə çalışdıq. Əfsus ki, bu bir nəticə vermədi. Biz belə böyük bir insanı şairi itirəcəyimizə inanmırdıq.

Sabir bir müddət bizdə yaşadıqdan sonra Şamaxıya qayıtdı.

Biz onu bir daha görməyəcəyimizi hiss edib Sabiri böyük bir kədərlə yola saldıq.

Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalının 15-ci və 16-cı nömrələrində (1911-ci il) sevimli şairin ağır xəstəliyə tutulması barəsində elan verdi. Mirzə Cəlil bu elanda Sabirin böyük bir şair olduğu halda, ağır maddi şərait içərisində bulunub, gündəlik məsarifə belə möhtac olduğunu göstərib, öz oxucularını Sabirə yardım etməyə, ianə verməyə çağırırdı.

Mənim yadımda qaldığına görə, Sabir "Molla Nəsrəddin" jurnalında iştirak etdiyi bütün müddət ərzində Mirzə Cəlil, bəzən gizlin olaraq Şamaxı tacirlərindən Səmədovun

vasitəsilə hər ay ona təxminən 25-30 manat pul göndərirdi.

Hətta özü kənddə olarkən belə idarə vaxtlı-vaxtında pul göndərməz deyə, öz cibindən ona pul göndərərdi. Amma pulu açıq-açığına Sabirin üstünə göndərə bilməzdi. Çünki o vaxtkı Şamaxı camaatı onun "Molla Nəsrəddin" jurnalı üçün şeir yazdığını bilsəydi, Sabirin fəlakəti daha da artmış olardı.

1911-ci ildə iyulun 13-də Sabirin vəfatı haqqında Şamaxıdan teleqram aldıq. Bu xəbər bizi sarsıtdı. Çox qəmgin olduq, Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalının növbəti nömrəsində (20 iyul tarixli 26-cı nömrə) bizim əziz şairimiz Mirzə Ələkbər Sabir Tahirzadənin vəfatı haqqında təziyə elanı verdi.

Əvvəlinci səhifədə onun barəsində nə çəkilmişdisə çar senzuru onu pozmuş, bu səhifəni boş buraxmışdı. Odur ki, Sabirin şəkli axırıncı səhifədə getmişdi.

Ümumiyyətlə, Sabir köhnəlik əleyhinə çarpışan, yeniliyi sevən, gələcəyi görən bir şair olduğundan, qadınların azadlığı uğrunda da çox çalışmışdır. Onun keçmiş, qara günlər içərisində vaxtsız ölümü biz qadınlar - bütün Azərbaycan qadınları üçün böyük bir itkidir. Kaş Sabir sağ olaydı, bugünkü azad, xoşbəxt həyatı, Azərbaycan qadınının yeni yaşayışını görəydi!..”

(“Şərq qadını", dekabr 1906, № 23, 24 )

 

Sultan Məcid Qənizadə Sabir haqqında kiçik bir xatirəsində belə yazırdı: 

 

“Bir gün dərsdə əqaidə dair nə məsələ idisə mübahisəyə qoyulduqda, müəllim sünni alimlərilə şiə alimlərinin bu məsələ üstündə bir-birinə zidd olduqlarını qeyd etdi. Mübahisənin axırında müəllim üləmanı zəmm edərək, bir-birinə zidd getmələrini tənqid edib dedi:

- Məzhəb yol deməkdir. Məzhəbdən məqsəd "haqq" tərəfə getmək isə, haqq yolunda ayrıc yoxdur və ola bilməz. Ancaq hər kəs düz yolla getsə, haqqa tez çata bilər... Burada müəllim zarafatla Tahirova işarə edərək dedi:

- Məzhəb barədə Ələkbərin işi çətindir. Bunun babası Hacı Tahir sünni, nənəsi Məşədi Cəfər qızı şiə... Bilməyəcək hansının ətəyindən bərk tutsun ki, haqqa tez çata bilsin... Amma mən məsləhət görürəm heç birisinin yolu ilə getməsin. Çünki hər iki firqə azıxıbdır. Qoy Ələkbər özü həqqaniyyət yolu arayıb o yolu getsin. 

Demirəm mən gedən təriq ilə get, Əqli tut, ol gözəl rəfiq ilə get.

Şagirdlərin arasına qurcuxma düşdü. Hamısı Ələkbər

tərəfə baxdılar. Amma o, elə bil müəllimin sözünü heç eşitmirmiş, başını aşağı salıb bir parça kağızı cızma qaralayırdı.

Tənəffüsdə yoldaşlardan bir neçəsi onu halaylayıb zarafatla soruşdular:

-Adə! Sən həmişə mərsiyələrdə payi-mənbər tutub şəbih-kərdanlıqda "Ələkbər şəbihi" olursan!.. Bəs baban sünni olduqda sənin bu işinə necə razı olur?

Bəlğəmməzac Ələkbər bunların sözünə əsla etina etməyərək, dinməz-söyləməz əlini qoltuğuna salıb, dərs vaxtında hazırladığı rübaini aramca səslə oxudu: 

Babam sünni, nənəm şiə... durəngəm.

Nə farsam mən, nə hindəm mən... firəngəm?

Muğanda-muğbeçə, məsciddə Əkbər...

Əzan verrəm... nə naqusəm, nə zəngəm. 

Yoldaşlar bunu eşitcək "bir də oxu, bir də oxu" qışqırığı ilə onu halaylayıb başına daha çox toplaşdılar. Amma Hacı Tahir nəvəsi heç kəsə qulaq asmayıb başını sağa-sola bulayaraq, rübaisini qoltuğunda gizlətdi.”

(“Ədəbiyyat qəzeti", 16 iyul, 18 və 31 oktyabr, 1935. №18, 25)

 

Üzeyir Hacıbəyli Həmidə xanım Məmmədquluzadənin Sabir üçün çəkdiyi zəhməti yüksək qiymətləndirərək belə yazmışdı:

 

"Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım idi. Mirzə Ələkbər Sabir Tiflisdə müalicə olarkən onun üçün xeyli zəhmət çəkmişdi”.

 

Əliskəndər Cəfərzadənin Sabir haqqındakı xatirələrindən: 

 

“Sabir rusca oxumaq və yazmaq bilmirdi. Ona görə rusca qəzetlərdə yazılan maraqlı məqalələri oxumaqdan məhrum idi. Odur ki, biz elə maraqlı məqalələrin məzmununu azərbaycanca yazıb ona verərdik. Və ya Şamaxıya "Sabir, buna bir şəbədə qoş" təbiri ilə göndərərdik. O da məsələyə arif olduğundan o mətləbi layiqincə məzəli surətdə nəzmə çəkib, əksərən "Molla Nəsrəddin" və ya Bakıda çıxan başqa qəzetlərə göndərərdi. 

Sabir ilə rast gəlib görüşəndə zarafatyana o mənə "dəbistançı", mən də ona "şəbədəçi" xitab edərək salamlaşardıq.

Əlan Bakıda heykəli duran "Sabir bağçası" yerində "Kaspi", "Həyat" və "Füyuzať" qəzetə və jurnalının idarə və mətbəəsi yerləşirdi. Nəşr etdiyim, çocuqlara məxsus iki həftəlik azərbaycanca "Dəbistan" jurnalı idarəsi də orada bir kiçik otaqda idi. 1906-cı ilin dekabr ayı idi. "Dəbistan"ın növbəti 17-ci nömrəsinin materiallarını oturub redaktə edərdim ki, onları mətbəəyə nabor etmək üçün verim. Qapı açıldı. Baxdım gör- düm ki, Sabir ilə Mahmud əmidir. "Buyurunuz", - dedim.. İçəri girdilər. Oturdular. Görüşdük. Əhval-pürsanlıqdan sonra mən Sabirə xitabən dedim ki: "Sabir, şəbədəçi qardaş! İndi zənn edirəm ki, keyfin yaxşıdır. Qəzetlər, jurnallar var, istədiyin şeirini yaza bilərsən".

Sabir bir az mənə baxaraq: Dəbistançı qardaş! Bilirsənmi nə var, dediyin doğrudur, amma mənim işim şuluqdur; mollalara, bəylərə, xanlara yazdığım "şəbədələrin" üstü açılır. Hər imza ilə yazıramsa da sözlərimdən, imla-inşamdan, sözümün şivələrindən mənim olduğunu tanıyırlar. Mənə olmazın tən və sərzənişlər vururlar. Nə edim, şivəmi, dilimi, məsləkimi dəyişdirərəmsə, onda mənim yazılarımın nə qiyməti ola bilər? Nə olursa-olsun, tutduğum yoldan çıxmayıb, ölənədək öz yazdığım şeirlərlə xalqı cəhalət yuxusundan oyatmaqdan əl çəkməyəcəm!.." -  dedi və bu beytləri öz şeirlərindən oxudu: 

Seyli-tən oylə təməvvüclə alıb dövrü-bərim - 

Bənzərəm bir qocaman dağa ki, dəryadə durar! 

Döysə də canımı minlərlə məlamət ləpəsi - 

Zövrəqi-himmətim əvvəlki təmənnədə durar! 

Durmuşam pişü pəsi-təndə, Sabir, keçə kim, 

O aliflər ki, pəsü pişi-ətenadə durar! 

Bu axırıncı beyti Xaqaninin: 

Çinan istadəəm pişü pəsi-tən 

Ki, istdə əlifhayi atena. -

beytindən iqtibas etdiyini də ixtar etdi. 

Söhbətimiz qurtardıqda mən Sabirə stolun üstündəki məqalələri göstərib dedim ki, bu materiallar "Dəbistan"ın 17-ci növbəti nömrəsinindir. Bu gün mətbəəyə nabora verəcəyəm. Çox yaxşı olardı ki, sizin Bakıda olmanızdan istifadə edərək "Dəbistan"a bir töhfə kimi məktəbə dair şeir yazıb verəsiniz ki, həmin nömrədə dərc olunsun. 

Sabir dərhal stolun üstündəki qrankalardan birini götürüb karandaşını cibindən çıxardı, əlüstü bu aşağıdakı "Məktəb şərqisi" adlı şeiri: 

Məktəb, məktəb, nə dilgüşasən?

"Cənnət, cənnət" desəm səzasən! 

Şadəm, şadəm təfərrücündən, 

Əlhəq, əlhəq gözəl binasən!.. 

və i.a. yazıb mənə verdi. O da "Dəbistan"ın yuxarıda zikr olunan nömrəsində dərc olundu.”

 

Allah ulu şairimizə qəni-qəni rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.