“Qələmsiz yazılanlar “ - RƏŞAD MƏCİD Featured

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Hər gün 5 yarpaq. 

 

 

1.

 

"Dünyada Üzeyir bəyin musiqisindən gözəl musiqi yoxdur. Sizin Şuşa uğrunda, Qarabağ uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni yalnız Üzeyir bəyin musiqisi ilə müqayisə etmək olar: gözəl, təntənəli, möhtəşəm və əbədi! Bütün bunlara görə çox sağ olun".

 

Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim etdilər. Sakinlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Şuşaya ilk köçən sakinlər sırasında həmkarımız, yazıçı-jurnalist Kərim Kərimli və ailəsi də vardı. Kərimin yerinə çox sevindim, VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışında onu bağrıma basıb, təbrik etdim. İşğal illərində Şuşa haqqında onlarla məqalənin, neçə-neçə kitabın müəllifi və redaktoru olan dostumuz Kərimi təbrik etməkdən, onu belə xoşbəxt görməkdən üstün nə ola bilərdi ki? 

Deyir, 4 otaqlı evimin birini dostlarım, qonaqlarım üçün saxlayacağam, gələrsiniz, kəkotulu çayımı içərsiniz.

İstedadlı qələm dostumuz Kərimin yaşayış kompleksinin açılış mərasimindəki çıxışından yuxarıda sitat gətirdiyim, cənab Prezidentə ünvanladığı minnətdarlıq duyğusuyla dolu bu fikirləri isə söz-söz yaddaşıma həkk olundu.

Əminəm ki, Kərim Şuşada ömrünün ən qayğısız, xoşbəxt illərini yaşayacaq, Şuşa haqqında ən gözəl yazılarını hələ bundan sonra yazacaqdır.

 

2.

Sirr xarakterdədir!

Sən əgər tanımaza-bilməzə gözəl təşəbbüsləri dəstəkləyirsənsə, yaxşı işləri, istedadlı insanları ürəkdən, təmənnasız dəyərləndirirsənsə, bu, izsiz qalmır. İnsanlarımız minnətdarlıq duyğusundan, ədalət hissindən xali deyil!

 

3.

Sevindikləri hadisənin fəlakət gətirəcəyini bilmirdilər.

 

4.

Böyük oyunçuların böyük dərdi var.

 

5

Doğrudan da, həqiqət bir anda aydın olur.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.