Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
“Qarşımda günahkarsan. Və qarşında günahkaram. Ən böyük həqiqət bax budur.
Hər bir insanın içində işıq var. Çox vaxt insanların içindəki işığı zaman söndürür. Amma biz içimizdəki işığı özümüz söndürdük...”
Varis, “Son məktub”
Hər dəfə darıxanda evimizə gedirəm. Qapısından içəri girən kimi, xatirələr balaca uşaq kimi yüyürərək əlimdən tutub məni bütün ev boyu arxalarıyca gəzdirirlər.
Evi bir insana hər zaman doğmadır da, bura isə bir evdən daha çox, çoxdandır görmədiyim, uzaqda qalan ən doğma insan kimidir mənə..
Elə ev də bəzən bir insan deyilmidir insana?!
Barmaqlarım üstünü toz basmış, hər əşyanın üzərində gəzdikcə, hər qapıya, pəncərəyə, divara toxunduqca bu evdə keçən xoş günlərimiz üsulca film lenti kimi gəlib keçir gözlərimin önündən.
Yalnış bənzətmə oldu deyəsən, əslində film lentindən daha çox bir qatar kimi gəlib keçirlər gözlərimin önündən.
Xoş günlər bir qatar, hər vaqon isə bir xoş xatirə..
Bəli, hər vaqondan bir xoş xatirə boylanır mənə.
Mən isə o qatara gecikmiş sərnişin kimi perronda duraraq gözdən itməkdə olan qatarın arxasınca baxa qalıram yenə..
Yenə deyirəm, çünki o qatar bir dəfə getdi bəlkə, amma mən.. mən hər gün gecikirəm o qatara..
Hər xatırlayanda, hər darıxanda, hər kaş deyəndə, hər bəlkə deyə köks ötürəndə, hər peşman olanda, hər pis olanda, hər kədərlənəndə gecikirəm o qatara.
Bir söz var e, deyir:
"Bir gün ən sevdiyim öldü. Mən nəyə üzülsəm, onun ölümünə ağladım həmişə."
Bax eynən eləcə o qatar da bir dəfə və birdəfəlik getdi. Mən isə hər gün gecikdim ona. Və açılan hər sabahda, düşən hər gecədə də, gecikməkdə davam edəcəm qaliba.
Odur qarşı-qarşıya oturub çay içdiyimiz stol, bir cüt gülən göz görürəm sanki, oğrun-oğrun baxıb gülümsəyirsən mənə.
"İki dənə təzə, dəmli isti çay süz, gəlib otur qarşıma, sənə şeir oxuyum"-, deyirsən..
Mən də gülümsəyirəm, elə tam yaxınlaşıb qarşındakı stulda oturanda, birdən xəyal kimi süzdüyüm isti çaydan yüksələn buğla birlikdə yoxa çıxırsan..
Huylu huyundan vaz keçməz deyiblər, ehh sən də köhnə adətlərindən əl çəkmirsən, bax yenə çay süz deyib, gəlmirsən, yenə soyudursan çayını.
Çayla birlikdə hava da soyuyur yavaş - yavaş, xatirələrin isti nəfəsi qucaqlayır üşüyən ümidləri. Axşam düşür, üşümüş ümidlər yenə xülyalara, xəyallara bürünüb yatır.
Evimiz isə əksinə, o həmişə sımsıcaqdır, mən yoxluğunun soyuğunda üşüyəndə sığınıb orda qızınıram hər zaman.
Masadakı o soyumuş çayın da, pilləkanın pillələrinin də, dibçəkdəki çiçəklərin də, evin qapısının da, hər gün tozunu sildiyim xatirələrin, hər gün üstünü qopardığım yaraların da gözü yol çəkir.
Gəl bir səhər yenə otur qarşıma, bir çay süzüm, bu dəfə soyutmadan isti-isti iç.
Danış yenə deyə-gülə, üsulca arala biraz aramızdakı həsrət pərdəsini..
Danış yenə mənə gələnlərdən - gedənlərdən,
Danış bilim indi nələr keçir o qocaman qəlbindən ?
Düşürdümmü heç yadına? Və yoxluğumun heç incidib, ağlatdığı oldumu səni?
Sən də üşüdünmü heç Göydələnlərin kölgəsində tək-tənha qalmış balaca bir daxma kimi?
Əyilib üfürdüm ürkək-ürkək yanan o şamı unudulmuş ad günümdə, o şamlar çoxdan sönmüşdü zatən sənin könlündə.
Tələsik getdin, gedəndə nəsə apardınmı özünlə ? Mən bilmədim ki, heç..
Barı soyuq olanda səni isidə biləcək bir neçə isti xatirə qoyaydın gedərkən çantana.
Arxanca boylandım qaranlıqdı, dəyişmişdi sanki küçə, səni aparan yolları, tapıb yetişə bilmədim..
Mən özgə deyiləm ki, nə vaxt yolun düşsə gəl qonağım ol, isti bir çay süzüm sənə, azca qayğına qalım, üşümüşdür sənin ruhun indi özgə, uzaq, soyuq yerlərdə, otur azca, tələsmə çıxıb getməyə.
Bir gün qayıdıb da, tapa bilməsən əgər evimizi, xatirələrin ünvanına yollanıb orda axtar.
Elə o ev xatirələrimizdi.
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)