Müəllim necə olmalıdır? Featured

Gülnaz Talıbova, “Ədəbiyyat və incəsənət”

 

Müəllim necə olmalıdır?

Müəllim, əvvəla, peşəsini sevməli, öz üzərində işləməli, öyrətməyi öyrədəcəyinə hazır olduqdan sonra təlim prosesinə başlamalıdır. Müəllimin aurası, enerjisi önəmlidir, çünki sinfə daxil olduqda onun simasından ilk təəssürat yaranır. Həmçinin sönük dərsi dinləmək sıxıcıdır. Gülərüz, səmimi müəllimin dərsi daha əlverişlidir. Digər bir məsələ müəllimin nitqidir. Bəlağətli nitqi dinləmək hər kəs üçün daha xoşdur. Şagirdlərlə tanışlıq mərhələsinə, adətən, səthi yanaşılır, məncə, müəllim ilk dərs fürsətdən istifadə edərək onların müəyyən qədər temperament və xarakteristikalarına bələd olmalı, nə cür dərsi sevdiklərini öyrənməli və bu kimi məlumatları əldə etməlidir. 

Hər dərs üçün öncədən hazırlaşmaq, çətin məqamları yadda saxlamaqçün yollar axtarmaq lazımdır. Şagird anlamadıqda şagirdi danlamaqdansa, başqa üsullar fikirləşməlidir. Hər şagirdin qavrama səviyyəsi fərqli olduğuna görə onları müqayisə etmək zəif adlandırılan şagirdi, əksinə, geri salmaqdan başqa işə yaramaz. 

Xüsusi bacarıqları kəşf etmək üçün şərait yaradılmalıdır. Tutaq ki, mövzu Ə. Cavad haqqındadır. Əlavə olaraq rəsm qabiliyyəti olana şairin şəklini çəkmək, musiqiyə həvəsi olana şairin sözlərinə yazılmış hər hansı musiqini ifa etmək və s.tapşırıqlar həm dərsi rəngarəng edər, həm də mövzu hafizəyə  yaxşı həkk olar. 

Yeri gəldikdə gündəlik həyatla dərsi əlaqələndirmək, tez-tez şagirdlərin adını çəkmək diqqəti cəlb edər. 

Yalnız kitabda olan biliklərlə kifayətlənmək mənə görə doğru olmaz, müəllim araşdırıcı olmalıdır və maraq oyadacaq məlumatları da çatdırmalı, dünyagörüşlərini inkişaf etdirməlidir.

Yaradıcı müəllim fəaliyyətində daha çox uğur qazanacaqdır. Hər gün təkrarlanan monotonluq yorucudur. Yeniliklərlə gələn müəllimi şagirdlər səbirsizliklə gözləyəcək və öyrənmə həvəsləri artacaq.

Əlamətdar günlərə uyğun qurulmuş dərs də yaddaqalan olacaqdır. Məsələn, Novruz bayramına uyğun olaraq ymurtalarla döyüşən şagirdlərdən qalib gələn digərinə mövzuya aid suallar ünvanlayır. Əylənərək öyrənməyi kim istəməz ki?!

Vətənpərvərliyi aşılamaq da dərsin bölünməz parçasına çevrilməlidir deyərdim. 

Müəllimin necə olması barədə çox danışmaq olar. Ümumilikdə müəllim qarşısındakı vəzifənin fərqində olmalı və bununçün çox çalışmalı, həmçinin nümunəgötürüləsi bir şəxsiyyət olduğunu unutmamalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.