Azərbaycan su çərşənbəsini qeyd etdi Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Uzun illərin ayrılığından sonra Azərbaycan ilk dəfə Novruz çərşənbəsini bütöv halda keçirdi. Düşmən istilası altında olan sərhəd rayonları və Qarabağ azad edildi. İnşallah, növbəti dəfələrdə quzeyli güneyli Azərbaycanın tam birləşmiş halda bayram qeyd etməsini görək. 

 

Yurdumuza bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. 21 mart günündə gələn Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. 

Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə böyük önəm verir. Hətta sovetin qadağaları belə xalqımızın Novruz qabağı 4 çərşənbəni qeyd etməsinə mane ola bilməyib. 

Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, burdan su çərşənbəsi yaranıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, od çərşənbəsi yaranıb, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. Yel çərşənbəsi yaranıb. Sonra da torpaqdan ilk bitki cücərtiləri çıxıb, bu da torpaq çərşənbəsi. 

Dünən Novruzun ilk çərşənbəsi – Su çərşənbəsində ilk tonqallar qalandı, qapılara ilk papaqlar atıldı. 

Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə”, “gözəl çərşənbə”, “Gül çərşənbə” kimi də tanınır.

Kim deyir ki, Novruzun, çərşənbələrin mənşəyi farslarla bağlıdır, yanılır. Qədim türklər yaradılışın əsası olan 4 ünsürə tapınmış, onların hər birini bayram kimi qeyd edərək, 4 çərşənbə yaradıblar. Həmin çərşənbələrin birincisi isə Su çərşənbəsi adlanır. Yaradılışın əsası olan 4 ünsürdən (Su, Od, Yel, Torpaq) biri olan su qədim zamanlardan bu günə kimi insanlara həyat bəxş edir, yaşamın, təbiətin məhv olmasının qarşısını alır. Buna görə də su müqəddəs sayılır. Su həyat mənbəyidir. Susuz yaşam olmaz. İnsanlar gündəlik ehtiyaclarını, təmizliklərini, yeməklərini, məişətdəki hər bir işini su vasitəsilə edir. Gəlin köçən qızların, səfərə, ziyarətə gedənlərin arxasınca su atmaq, su ilə yola salmaq da xalqımızın ənənəsidir.

Ölkəmizdə Su çərşənbəsi “Kiçik çillə” bitəndən sonra, Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir. Qədim el adətlərinə və inanclara görə, Su çərşənbəsində gün çıxmamış su üstündən atlanar, tonqal yandırarlar. Kənd yerlərində Su çərşənbəsi günü dan ağaranda insanlar yuxudan qalxıb axar su kənarına gedirlər. Su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edirlər. 

Su çərşənbəsi ilə bağlı su falları da var. Bunlar aşağıdakılardır:

Subay qızların su çərşənbəsi günü əyləncələrindən biri də “su falı”na baxmaqdır. Fala baxmaq üçün sudan istifadə olunduğuna görə bu fala “su falı” deyilir. Bunun üçün gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan, bulaqdan, yaxud çaydan əvvəlcədən “lal su” gətirilir. Su şər qarışandan sonra gətirilir və onu gətirən şəxs bir neçə adam tərəfindən müşayət oluna bilər. Falda istifadə olunan suya ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən danışmamalıdır. Yoxsa həmin su fal üçün yaramaz.

Üzüklə su falı üçün- yeri gəlmişkən bu, Abşeronda geniş yayılıb - bir fincan (stəkan), nişan üzüyü və bir saç teli lazımdır. “Lal su” fincanın yarısına kimi tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə keçirib, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qız o yaşda da gəlin köçəcək deyirlər.

İynə ilə su falına iki iynə, bir kasa və biraz pambıqla baxılır. “Lal su” kasaya tökülür. Sonra iki iynənin arxa tərəfinə bir azca pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın, digərini o qızın istəklisi olan oğlanın adına niyyət edirlər və iynələrin hərəsini bir tərəfdən kasadakı suya salırlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Falın qaydalarına görə, iynələr müxtəlif tərəflərə hərəkət etsə də, axırda bir-birinə yaxınlaşıb bitişirsə, inanırlar ki, niyyət yerinə yetəcək, adları çəkilən oğlanla qız gələcəkdə qovuşacaq. Əgər iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə yaxınlaşmırsa, onda deyirlər ki, bu niyyət baş tutmayacaq. İynələr suyun dibinə çökürsə, deyirlər ki, su “lal su” deyilmiş, suyu gətirən adam suyun üstündə kiminləsə danışıb.

Bəzək əşyaları ilə su falı üçün üzük, sırğa, sancaq, qolbaq kimi əşyalar və bir böyük kasa lazımdır. “Lal su” kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını (üzük, sırğa, sancaq, qolbaq) kasanın içinə atır. Kasanın üstü kəlayağı və ya bir parça ilə örtülür. Hamıdan böyük olan bir xanım vəsfi-hal (bayatı) söyləyərək bir-bir bəzək əşyalarından birini sudan çıxarır. 

 

Bəli, biz su çərşənbəsini arxada qoyduq. Qarşıda bizi daha 3 çərşənbə gözləyir,  martın 5-də Od çərşənbəsi, martın 12-də Yel çərşənbəsi, martın 19-da isə Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd ediləcək.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.