“Valideyinlər uşaqları telefon və planşetlərin qoynunda sevgisiz qoyurlar” Featured

“ZİYALI FİKRİ”NDƏ FUAD ƏSƏDOV

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Cəmiyyətimizi sarsıdan məlum qətl hadisəsi, məktəblərdə baş vermiş zorakılıqlar, mənəviyyatın aşılanması faktları və deqradasiyanın dəhşətli həddi. Hara gedirik? Problemlərin kökü nədədir? 

“Ziyalı fikri” rubrikasında bu gün sizlərə Fuad Əsədovun fikirlərini təqdim edirəm. 

 

Valideynlərin ali təhsil yönümlü olması yaxşı bir hal deyil. Bu, o deməkdir ki, uşaq istəmədiyi bir həyata doğru itələnir bəzən və bütün ömrü boyu sevmədiyi işlə məşğul olacaq. Hər kəs universitet oxumalı deyil. Kimsə musiqiçi, ya da rəssam olmaq istəyirsə, ora yönlənə bilər. Yeri gələndə, bu gün bir illik kurslarla çox peşəkar İT mütəxəssisi yetişdirilir və ən hörmətli və gəlirli sahədir bu sahə. Amma, "hamının uşağı universitet oxuyur, mənim uşağımın nəyi əskikdir onlardan" düşüncəsi ağlın eqoya uduzmasını təmin edir. Ümumiyyətlə, insanlar axmaq görünməkdən çox, əskik görünməkdən qorxurlar. 

Burda ikinci bir yan təsir də var. Hər şeydən daha çox təhsilə fokuslanmaq. Valideynlər bir çox hallarda uşaqların təhsilinə daha çox fokuslanırlar, nəinki tərbiyəsinə. Az valideyn övladı ilə vicdan, mənəviyyat və empatiya haqqında mütəmadi danışır. Amma təhsillə bağlı hər gün məsləhət verirlər. Buna görə də, Bakının küçələri təhsilli, amma özlərini apara bilməyən insanlarla doludur. Bütün bu yerə zibil atanların, küçədə qışqıraraq danışanların, yol hərəkəti qaydaları pozanların, sinemada və teatrda telefonun işığını gözümüzə soxaraq çəkiliş edənlərin, növbəni pozanların əksəriyyəti təhsilli insanlardı. Bir çox şeyi də bilirlər. Mədəniyyət və etika xaricində. 

Üçüncü bir amil isə valideynlərin uşaqları telefon və planşetlərin qoynunda sevgisiz qoymasıdır. İndiki uşaqların əksəriyyəti sevgisiz böyüyür. Ya ərköyün böyüdürlər, ya da diqqətdən kənar. Həqiqətən, sevgi hiss edilmir. Ona görə də empatiya qura bilmirlər. Başqalarını hiss edə bilmirlər. Bir uşağın ağlayaraq "nolar, saçlarıma dəymə" deməsindən sonra digər uşaq onun saçlarını kəsirsə, bu çox böyük problemdir. Bilirsiniz, Əhmədlər elə belə yetişmir. Əhmədlər adam öldürməzdən əvvəl kimisə təhqir edirlər. Sonra vururlar...sonra yaralayırlar... Və sonra bir gün bütün ölkə sarsılır. 

 

ZF sizlərin də fikirlərinə açıqdır. Buyurun, yazın! 

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.