Sevdiklərin uğruna sevmədiklərindən imtina etmək! - ESSE Featured

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”

 

SEVDİYİM ƏN BÖYÜK CƏSARƏT, CƏSARƏT EDİB SEVMƏDİKLƏRİMDİ.

       Habil Yaşar.

 

İllərlə insanların inandığı həqiqətlərdən biri bu idi ki, "bir  insan bütün diqqət və gücünü nəyə sərf edərsə, İlahi təqdir də o istiqamətdə hərəkət edəcəkdir".

Doğrudur, çox zaman həyatımız bu fikir üstündən yol alıb və o cür yaşadıb ömrünün hər anını. Zaman-zaman saxta düşüncələrə meyl etdiyimiz də olub, saxta münasibətlərə inandığımız da. 

Qorxmuşuq hər zaman nədənsə. Və istəklərimizi deməkdən,  sevmədiyimizi dilə gətirməkdən və hətta, xəyal etməkdən belə çəkinmişik.

Niyə?

Çünki biz insanlar sevirik insanları olduqları mövqedən yıxmağı, etdiyi ən xırda səhvi üstündən qınamağı.

Həyata, həyatına olan marağını birilərinin əlindən almağı. 

Əslində belə edərkən nələrsə qazanmayacağımızı çox gözəl bilirik, amma nəbilim....

Düşünürəm, bəlkə də bir insan cəsarət edib istəklərini və hətta istəmədiklərini dilə gətirə bilirsə, hər zaman bir addım irəlidə olmağı, ətrafa rəğmən ayaqda durmağı mütləq ki bacaracaq. 

Yazar Boven deyirdi, “keçmişi xatırlayınca bəzən çox cəsarət göstərməməyimə deyil, önümə çıxacaq təhlükəni gözə almamış olduğuma təəssüflənirəm".

Necə də gözəl deyib, əzizim, deyilmi?..

Biz hər birimiz anlamalıyıq ki, bir yola çıxırıqsa, insanları və lazımsız düşüncələri o yolun başında qoymalıyıq, istəsək də, istəməsək də. 

Yazar Habil Yaşarın dediyi kimi, “sevdiyim ən böyük cəsarət, cəsarət edib sevmədiklərimdi", deyib elə yol alaq, sevdiyimiz uğurun arxasınca irəliləməyə.

Unutma, cəsarətin ölçüsü hər şeydən əl üzüb məğlub olmaq deyil, sevdiklərin uğruna sevmədiklərindən imtina etməkdi.

Belə, gözəl insan, özün və sevdiklərin uğruna yaşamaq ümidi ilə.

Sağlıqla qal.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.