Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Əski təsəvvürlərdə ilin qış fəslinin bölgülərinə "Çillə" adı verilmişdir. Çillə sözü "Cehl" sözündən olub 40 rəqəmini bildirir. El-obada qışın ən soyuq dövrünə və uğursuz hadisələrə, əzaba, kədərə "Çillə" deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. Ta qədim zamanlardan insanlar müsibət, bəla ilə üzləşdikdə xilas olmaq, yaxa qurtarmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək üçün xüsusi ayin icra ediblər ki, bu da "çillə kəsmək" adlanır.
Qış fəslinin hər bir çilləsində insanlar qışdan qorxmadıqlarını, ona qarşı mübarizəyə hazır olduqlarını bildirmək üçün öz dünya görüşləri səviyyəsində, çeşidli tədbirlərə əl atmış, ayinlər icra etmişlər.
Qış fəslinin ən uzun sürən vaxtının, ilk qırx gününün xalq arasındakı adı "Böyük çillə" adlanır. Bu müddət dekabrın 21/22-dən ilin ən uzun gecəsindən başlayaraq yanvar ayının son gününədək davan edir
Fevral ayının 1-dən başlayaraq 20-21-nə kimi davam edən dövrə isə "Kiçik çillə" adı verilir.
Kiçik çillə soyuqluğu, tufanı ilə özündən əvvəlki və sonrakı çillələrdən seçilir. Kiçik çillənin ömrü, göründüyü kimi, o qədər də çox deyil. Amma o, qış fəslinin ən sərt, çovğunlu, dondurucu çağı sayılır.
Kiçik çillədə qış çox hirsli gələr. Bir əlində qılınc kimi şaxta, bir əlində çovğun, boran, div nərəli külək. "Kiçik qardaş hovlu olar" məsəli də, çox güman ki, Kiçik çillə üçün deyilib. Çox sərt, şaxtalı keçməsinə görə bu müddətə "qışın oğlan çağı”, “qışın zəla-zəla vaxtı", "girəvəli qış" da deyirlər.
Gəlinlərin əlini xəmir təknəsində, un çuvalında, atların balasını qarınlarında dondurmaq, Qarıları təndirin ağzından salıb külfəsindən dartıb çıxarmaq, çuvalları, küpləri bomboş boşaltmaq, qazanları ağzı üstə çevirmək, uşaqları zəhmindən tir-tir əsdirmək iddiasında olan kiçik çillənin hikkəsindən özünüzü qoruyun.
Amma istənilən halda həyat gözəldir, elə kiçikli-böyüklü çillələr də!
“Ədəbiyyat və incəsənət”
(01.02.2024)