Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bu dəfə sizlərə marketinq planı barədə danışmaq istəyirəm. Nədir marketinq planı?
Potensial müştərilərin real müştərilərə çevrilməsi üçün kiçik müəssisə marketinq planına malik olmalıdır. Bu plan müştərilərin sizin məhsulu niyə alacaqlarını özündə əks etdirməlidir.
Siz burada marketinq planınızın əsas elementlərini düşünüb hazırlamalı və potensial partnyor və ya investorlara izah etməlisiniz: qiymətqoyma, əmtəənin yayım sxemi, reklam, satışı stimullaşdırma metodları, satışardı müşayiətin təşkili, imicin formalaşması.
Bəs əmtəəyə necə düzgün qiymət qoymalı? Əsas prinsiplər bunlardır:
· Əmtəənin qiyməti maya dəyərindən yüksək olmalıdır;
· Qiymət bazar imkanları ilə müəyyənləşir;
· Qiymət maksimal gəliri təmin etməlidir (vahid məhsula görə deyil, hər hansı zaman kəsiyinə görə).
İnsan kimi istənilən əmtəə də bazarda öz həyatını yaşayır: gənclik, yetkinlik, qocalma və ölum. Bu mərhələlərin hər birində də qiymətqoyma məsələləri özünəməxsus qaydada həll edilir.
Məsələn, əmtəə cavan olanda ona olan tələbatı qiymət vasitəsilə stimullaşdırmaq lazımdır. Burada qiymətlərin müvəqqəti olaraq uzlaşdırma strategiyası özünü doğruldur. Əmtəə yetkinlik dövrünə çatdıqda və ona olan tələbat formalaşdıqda məsələ başqa cür olur. Bu zaman ilkin əmtəənin modifikasiyalarının qiymətlərində bacarıqla manevr edərək ən yüksək gəlir əldə etmək məqsədilə onları bir qədər qaldırmaqla satış həcminin artımını stimullaşdırmaq olar. Əmtəə köhnəlməyə başlayanda isə ona tələbat düşdüyündən, onun həyatını qiymətləri kəskin aşağı salmaqla uzatmaq olar (məsələn, mikrokalkulyatorların belə qiymət düşümü onların satış həcmində kəskin sıçrayışa və istehsalçıların gəlir kütləsinin artımına gətirdi, çünki yeni qiymətlə bu əmtəə hər bir məktəbli üçün əlçatan olmuşdu).
Satışın stimullaşdırılması kampaniyası planlaşdırılarkən dörd faktora xüsusi diqqət yetirmək lazımdır:
· Potensial müştəriləri tapmaq;
· Onları maraqlandırmaq və stimullaşdırmaq;
· Onların tələbatlarını təmin etmək;
· Satmaq.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)