Palitramızın yeni rəng yaradan qarışığı - ESSE Featured

Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hər rəng bir məna ifadə edir və daşıyır. 

Palitranızda olan bəyaz və qırmızı rənglərin  bir araya gəlməsindən "çəhrayı", narıncı və mavi rənginin birləşməsindən isə "qara" rəngi əldə etmək mümkündür. 

Bəzi rənglərin qarışığından açıq, bəzilərindənsə tünd tonlar əldə edilir. Bəyaz və qırmızı rənglərin birləşməsindən "qara", narıncı və mavi rənginin qarışımından isə, "çəhrayı" rəngi əldə etmək mənasız və mümkünsüzdür. Biz nə qədər istəsək də, tünd rəngin açıq, açıq rəngin tünd tonlarda olmasını istəyə və gözləyə bilmərik. 

Rənglər palitrada yer aldığı kimi, dünyada da var olan iki tərəf var - sən və qarşı tərəf. Birləşəndə uyğun, bəzən uyğunsuz...

Uyğun olarsa, hər şey yolundadır. Bəs uyğunsuz olanda? 

İki insan bir-biri ilə uyğun deyilsə, mütləqdirmi ki, onların hər hansısa biri günahkar adı daşısın? Bəzən ayrı-ayrılıqda bir rəngi təmsil edən insanlar, bir araya gəlməyə çalışanda, ortaya onların istəmədiyi və gözləmədiyi ton çıxır. Rənglərin birləşməsinin yaratdığı ahəngi dəyişə bilmədiyimiz kimi, bəzən də uyğun düşündüyümüz insanla aldığımız nəticəni dəyişə bilmərik. Palitradaki hər rəngin, hər rənglə uyğun olmadığı şəksizdir və istədiyimiz rəngi əldə etmək üçün iki rəngi nə qədər birləşdirib, bir-birinə qarışdırmağa çalışsaq, yenə istədiyimiz nəticə əldə edə bilməyəcəyik, rəng eyni qalacaq və dəyişməyəcək. 

İstisna olaraq, bəzən rəng tonunu dəyişə bilərik. Lakin həmin tonun daşıdığı "adı" istədiyimiz nəticə ilə əvəzləyə bilmərik. Əksinə bu, palitraya zərər, rənglərə ziyan verməkdən başqa bir şey olmaz. 

Həmçinin iki insanın kimyası uyğun gəlmirsə, ya onu, ya da özünüzü dəyişməyə çalışmaq, sadəcə onun və özünüzün sahib olduğunuz xarakterinizə verdiyiniz ziyan və yarada biləcəyiniz travmalardan ibarət olacaq, başqa qazanacağınız bir şey olmayacaq. Nəticəyə təsir etməyəcəksə, səbəbi və ya səbəbləri dəyişmək, dəyişməyə çalışmaq, bir rəngin əslini qəbul etməmək kimidir. 

Bəzən düşünər və qəzəblənərək özünüzə "mən belə olacağını necə təxmin etmədim?" deyə bilərsiniz. Lakin hekayəyə başlamadan sonunu bilə bilməzsiniz axı, sonunu biləndə isə niyə bunu oxudum deyə özünüzə qəzəblənə bilməzsiniz əlbət ki.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.