Həyatı ən son sıradan izləmək məcburiyyəti - ESSE Featured

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət"

 

 

 

BƏZƏN YAŞAMAQ BELƏ, CƏSARƏTİN ÖZÜDÜR (SENEKA).

 

Həyat o qədər çətinləşib ki, yaşamaq belə çətin gəlir insana. Zaman-zaman hər şeydən əl üzmək fikri gəlir, bir tək sıxıntınla başa-başa qalmağı seçirsən bəzən. Xəyallarının bir addımlığındaykən belə, bezmək hissi sarar insanı səbəbsizcə. Eləcə baxarsan səndən zəif olanların həyat yollarına. Bəlkə də insanın ən böyük düşməni elə özüdür. İçindəki o ümid işığını öldürən, “səndə alınmaz” deyib ayaqlarından geri çəkən özü! 

Sevdiyim bir cümlə var, "Özgələrinin şeytanlarına hücum etməzdən əvvəl, öz qəlbinizdəki iblisi öldürün".  

İçimizdəki o iblis də bu olsa gərək. 

Mən də, sən də və bəlkə də bizim kimi çox insan da yaşamaqda, yaşamını sürdürməkdə necə əziyyətlər çəkib. Elə bunun özü də bir cəsarətdir. Elə ilk çətinlikdə ölümə can atmaq çıxış yolu olsaydı, bir insan qəmdən göz yaşına sığınardımı?

Əsla. 

Unutma, önümüzə qoyulan əngəllərin məqsədi bizi durdurmaq deyil əslində, cəsarətimizi ortaya qoyub gücləndirməkdir. Sadəcə cəsarəti olanlar yaşar bu həyatı. Yaşamağa cəsarəti olmayanlar bu həyatı hər zaman ən son sıradan izləmək  məcburiyyətindədi. 

Yıxıldınmı? Qalx. İncidildinmi? Dərhal gözləntini azalt. Güvəninmi qırıldı? Onda dəyərini kimə verdiyini bil. Və ən əsası məğlubmu oldun? Bu dəm yenidən cəsarət et. Yaşadıqların və yaşamadıqların uğruna. Yetər ki qorxma, yetər ki ümidini, cəsarətini itirmə.

Əzizim, kimsə səndən yaxşı deyildir, amma bir şeylər etməyə cəsarət etməsən, sən də  kimsədən yaxşı olmayaqcsan. Unutma, gözəl insan, bütün xəyalların gerçək olacaq, sən arxasınca getdiyin müddətcə...

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.