…çünki meqabayt sürətiylə fırlanır indi dünya! Featured

Hicran Hüseynova, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ,

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəznədən bir dürr çıxardım.

 

Yenə sözə ehya verdim, Füzuli demiş. Bu dəfə kitablardan danışacam, əziz oxucum, kitabdan və kitabı sevənlərdən. O kitabdan ki, bir vaxtlar hər bir evin kitabxanasında qərar tuturdu, ziyalılığın, intellektin, hətta dəbin ifadəsinə çevrilib əl-əl gəzirdi. Bu oxuyub ona verirdi, o bir başqasına. Bir gözəl məşğuliyyət idi kitab oxumaq, bir maraqlı xobbiydi. Yaddaqalan, tarixi günlərdə adamların bir-birinə kitab hədiyyə etmək, titul vərəqinə ürək sözlərini yazmaq kimi yaxşı bir adəti vardı. O günlər necoldu bəs?

 

- Köhnə, saralmış, artıq oxunub bitmiş kitabın səhifələritək vərəqlənib qurtardı. Bəli, qurtardı. Tarixə köçdü, yaddaşlara yazıldı, xatirəyə döndü.

Yazının bu yerinə çatanda mütləq etiraz edənlər tapılacaq, bilirəm. Ümumiyyətlə, hər hansı fikrə etiraz edənlər, başqa cür düşünənlər həmişə olub, həmişə də olacaq. Ona görə təbii qəbul edirəm hər yanaşmanı, kiminsə fikri etalon deyil, əlbəttə. Amma səhifənin o biri üzündən bəri baxıb etiraz edənlərə, “Niyə? Kitaba maraq artıb, kitablar satılır, tez-tez kitab sərgiləri keçirilir” deyənlərə səslənirəm: Əzizlərim, bu gün internetin hörümçək torunda kitablar belə elektron şəkildə vərəqlənir. Bir düyməyə toxunmaqla istədiyi əsəri oxuya bilən adam niyə kitaba pul versin ki? Hələ süni intellekti demirəm. Əsrimizin ən yeni nailiyyəti olan süni intellekt bu günlərdə ona göndərdiyim yazımı elə təhlil etdi ki, handa bir tənqidçi bu qabiliyyətə mat qalar (özü də nə üzgörənlik var, nə qərəz). Düzdü, o başqa bir söhbətdir ki, kitabların doğma spesifik qoxusu var, mənəvi dəyər ucalığı, səhifələrə əllə toxunub onu hiss etmək fərqliliyi var. Amma indiki mobil zamanda bütün bunları düşünən kimdi?.. Varsa da, belələri yaşlı, yaxud orta nəslə mənsub olanlar, Belinskinin təbirincə desək, Qoqolun “Şinel”indən çıxanlardı. Elə mən özüm də Qoqolun “Şinel”indən çıxmışam, yeri gəlmişkən, bu hekayəni də oxumağı tövsiyə etmədiyim gənc qalmayıb ətrafımda. Nə isə. Mətləbdən uzaqlaşmayım. Günümüzdə kitabın mənəvi dəyər olaraq dəbdən düşməyindən, bir vaxtlar bütöv bir ideologiyanı dəyişdirib formalaşdıran işığının sosial şəbəkələrin kölgəsində öləziməyindən danışırdım. Burada bir “Heyif, səd heyif” kəlməsi yerinə düşərdi. Amma nə edəsən ki, zamanı saxlaya, geri döndərə bilməzsən. Və o zamanın çərxinə kitablarla təsir edə bilməzsən, çünki meqabayt sürətiylə fırlanır indi dünya... Bugünkü postmodernist, postpostmodernist ədəbiyyatda isə insan “Yer üzünün əşrəfi” yox, “ifrazat maşını” adlandırılır (Milan Kundera).  

Bir az da özümdən danışım - kitabla böyüyənlərin bir ümumiləşdirilmiş obrazı kimi. Kitabın sevildiyi, sevilərək oxunduğu, oxunaraq təbliğ olunduğu ziyalı bir ailədə dünyaya göz açdım. Hər gün oxudum, ulu Nizaminin dediyi kimi, hər gizli xəznədən bir dürr çıxardım, o xəzinədən işıq düşdü qəlbimə, ruhuma və söz-söz yaratdığım ucalıqlara. Və bir gün- ömrümün hansısa mərhələsində o ucalıqlardan baxanda həyatdan çox uzaqlaşdığımı, həyat yox, kitab adamı olduğumu gördüm. Hətta “həyatın dibində”kilərin mənə kinayəylə baxıb güldüyünü, yükünü tutanların yanında sözdən başqa heç bir yüküm olmadığını gördüm.

Sözlər də məni, necə deyərlər, qırx arşın quyunun dibinə atdı, kitabların daha da itiləyib həssaslaşdırdığı, cümlə-cümlə cilaladığı xarakterimlə həyatın sərt labirintinə düşdüm. Gördüm maddiyyatla mənəviyyatın davasında əlim heç nəyə çatmır, yenə sözə üz tutdum. Bu şeiri yazdım:

 

Bu da oxuduğum kitab.

Oxuduqca keçdi günlər

Fəsil-fəsil, varaq-varaq.

Çox çalışdım illər boyu

Oxuyum, öyrənim deyə,

Gözlərimin rəngi getdi,

Əlim dondu vərəqlərdə.

Göz yaşlarımdan islanmış

Sözlər itdi, yaddan getdi,

Fikirlər yarımçıq qaldı,

Bacarsan, baş çıxar indi.

Baş çıxardım bu kitabdan,

Dönüb ətrafa da baxdım,

Gördüm, kitabxana deyil,

Cəngəllikdi, meşədi bu!

Ağaclar kəsilir burda

Təzə kitablar eşqinə,

Yaşıl sözlər düşmür yada

Yaşıl kağızlar içində...

Götürüb köhnə kitabı

Qaçdım ayağım getdikcə...

Yuxarıda yatmışdı günəş,

Yuxarıdan baxırdı ALLAH...

 

...Köhnə kitabı o vaxt götürdüm ki, o kitabı sevən, balasıtək bağrına basıb burdan-ora, ordan-bura daşıyan bir kitab təəssübkeşi bunu məndən xahiş etdi. Yəqin, diqqət etdin, əziz oxucum, mən kitabxanaçı yox, kitab təəssübkeşi dedim. Bəli, məhz kitab təəssübkeşi. Çünki kitabxanaçı, yaxud biblioqraf sözü bu xanımın peşəsinə olan həssas münasibətini, sevgisini, fədakarlığını ifadə edə bilməz. Onun kitab sevgisini o taksidən bu taksiyə, o avtobusdan bu avtobusa güclə daşıdığı kitab bağlamaları ifadə edə bilər. İllərlə kitab bağlaması daşıdı bu xanım - Füzulinin ən ucqar kəndlərində belə balaca kitabxanaların bağlanmaması üçün. Heç həftənin iki gününü - istirahət günlərini evdə keçirib birinci gün səhər saat 6-dan rayona, daha doğrusu, qəsəbəyə (Füzuli rayonunun Zobucuq qəsəbəsi) işə gedən, 6 saatlıq məsafə qət edib, 4 gün qəsəbədə qalıb təzədən Sumqayıta qayıdan kitabxana işçisini təsəvvür edə bilərsinizmi? Bu yerdə onu vurğulamalıyam ki, haqqında danışdığım Xavər Nəbiyeva kitabxana işində artıq 39 ildir ki, çalışır. Və o, Füzuli rayonunda, ətraf kəndlərdə kitabxana işinə sözün əsl mənasında can yandıranda nə Füzuli vardı, nə də bugünkü Qarabağ təntənəsi, çal-çağırı. Bu o dövrlər idi ki, Qarabağ işğaldaydı, adamların qəlbi, ruhu da işğaldaydı sanki, kimsənin yadına kitab oxumaq nədi, heç kitabxana tərəfə baxmaq belə düşmürdü. Amma o illər işinin vurğunu olan Xavər xanımı əsla həvəsdən salmadı, hərdənbir gələn oxucularına canla-başla xidmət göstərdi. Kənd kitabxanalarının normal fəaliyyəti üçün əlindən gələni etdi. O hətta hardasa maraqlı bir plakat, maket, rəsm əsəri və s. görəndə də onu tez kitabxanaya aparır, gözə dəyən yerdə asır, ən adi bir detalla belə peşəsinə münasibətini göstərirdi.

Yenə Qoqolu xatırlayıram, yenə “Şinel”i. Akaki Akakiyeviçə təzə şinel tikən dərzi Petpoviç müştərisindən qabaq atelyedən çıxıb bazarın başında dayanır ki, öz əl işinə gendən baxıb bir daha qiymətləndirsin. Olduqca təsirli, yaddaqalan bir epizoddur. İnsanın peşəsinə vurğun olması nə böyük səadət imiş! Mən də seçdiyim sahənin vurğunuyam, materialım söz, üz tutduğum həyatdı, çox zəngin hadisələrlə, zəngin obrazlarla dolu bir həyat. Oçerk tipli bu yazımdasa iki obraz oldu: biri oxucusunda kitablara yenidən həvəs oyadan, atılmaqçün dəhlizlərə yığılmış kitablardan kitabxana(!) düzəldən Xavər Nəbiyeva, biri də tənqidçilər, nəzəriyyəçilər demiş, lirik mən - Hicran HÜSEYNOVA.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.