Yaxşı insan - ESSE Featured

Hümbət Həsənoğlu, “Ədəbiyyat və incəsənət” üçün

 

Misirdə öz əcəli ilə Hüseyn əl Karni adlı bir adam vəfat edib. Niyə öz əcəli ilə yazdım? Çünki o, min yetmiş adam üçün əcəl olub, min yetmiş insanın hamısını şəxsən öldürüb. Yox, o, cinayətkar olmayıb, heç kimdən də bu yolla qisas almayıb. O, bunu rəsmi dövlət qulluğunda işləyərək, maaş alaraq, hər öldürülənə görə də əlavə mükafat alaraq edib. Hüseyn əl Karni cəllad işləyirmiş. Əmək kitabçasında da yazılmış imiş, vəzifəsi-cəllad.

Qohumları, dostları, qonşuları, onun haqqında yaxşı fikirdə olublar. Xoşxassiyətli, hamıya əl tutmağa çalışan, mərhəmətli, bir sözlə, yaxşı insan olub. Deyirlər ki, onun yas məclisinə də çox insan gəlibmiş.

Bəşər tarixi göstərir ki, cəmiyyətdə cəza mexanizmi olmalıdır, çünki cəzaya layiq insanlar- cinayətkarlar həmişə mövcuddur. Yüngül cinayətə görə yüngül cəza, ağır cinayətə görə isə ağır cəza, lap ağır cinayətə görə isə ölüm hökmü. Bax bu məqamda cəlladsız keçinmək mümkün deyil. Bir nəfər olmalıdır ki, cəmiyyət və qanun adından bu işi yerinə yetirsin. Məhz belə məqamlara da Hüseyn əl Karnini dəvət edirmişlər və o da vicdanla öz işini icra edirmiş.

Əlbəttə, həmin cəllad yaxşı insan olsa, yaxşıdır, elə Hüseyn əl Karni kimi. Ümumiyyətlə, hər işi yaxşı insan görsə, yaxşıdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.